Azərbaycandan sonra qonşu Gürcüstanda da milli valuta dollara nisbətdə üzüaşağı yuvarlanmağa başlayıb.
Virtualaz.org xəbər verir ki, bu gün Gürcüstan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən 1 dollar 2.6599 laridir. Ölkədə larinin dəyərdən düşməyə başladığı haqda narahatlıqlara cavab olaraq maliyyə nazirinin müavini Georgi Tabukaşvili deyib ki, buna inanmaq lazım deyil. “Hər şey yaxşı olacaq. Mən detalları və səbəbləri açıqlaya bilmərəm”-nazir müavini deyib.
İqtisadiyyat naziri Georgi Qaxariya isə larinin ucuzlaşmasını Türkiyədə son terror aktları ilə əsaslandıırb və bunun qısamüddətli tendensiya olduğunu deyib. “Biz balaca, açıq iqtisadiyyatıq. Ona görə də əsas ticarət partnyorlarımızda baş verən hadisələr iqtisadiyyatımıza təsir edir. Lari ilə bağlı son baş verənlər türk lirəsinin ucuzlaşmasının əks-sədasıdır. Biz sabitləşmə gözləyirik”-nazir bildirib.
Lakin iqtisadçı ekspertlər deyirlər ki, lari 2013-cü ildən bəri dəyərdən düşür və bunun səbəbini hökumətdə axtarmaq lazımdır. “Yeni iqtisad məktəbi”nin rəhbəri Paata Şeşelidze hesab edir ki, larinin sabitləşəcəyini gözləmək üçün heç bir zəmin yoxdur. “İstənilən ölkədə-Gürcüstanda, Türkiyədə və Azərbaycanda milli valyuta eyni prinsiplə dəyərdən düşür. Bunun səbəbi heç də partlayışlar deyil, Mərkəzi Bankın ağılsız siyasətidir”-ekspert bildirib.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Mərkəzi Bankının keçmiş rəhbəri Roman Qotsiridze də manatın kəskin ucuzlaşmasının səbəbinin Mərkəzi Bankın səhv monetar siyasəti olduğunu demişdi.
Virtualaz.org