1 həftə öncə - dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. O, bu vəzifəyə 2015-ci ilin iyul ayında 4 il müddətinə seçilmişdi.
Elmar Məmmədovun vaxtından tez istefaya göndərilməsi bir qədər gözlənilməz oldu. Mediada yayılan xəbərlərə görə, E.Məmmədovun istefaya göndərilməsi “qara bazar” olayı, bankların dollar alışından imtina etməsi ilə birbaşa bağlıdır. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin bu “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.
Təbii ki, qara bazar amilini istisna etmək olmaz. Ancaq böyük ehtimalla qara bazar E.Məmmədovun kayerasını bitirən yeganə amil yox, amillərdən biri olub. Çünki E.Məmmədovun istefasından sonra da qara bazar ləğv edilməyib – yenə də əsas valyuta mübadilələri banklarda yox, qara bazarda aparılır.
Hətta E.Məmmədov işdən çıxarılandan dərhal sonra hüquq-mühafizə orqanlarının onu saxlaması xəbəri yayıldı və sonra təkzib edildi. Güman ki, bu xəbər təsadüfü yayılmamışdı – E.Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi 18 ay müddətində yetərincə qaranlıq məqamlar var və əməllərində cinayət tərkibinin olması da istisna deyil. Hökumətin hələ də manatın həqiqi kursunu müəyyən edə bilməməsində E.Məmmədovun 18 aylıq fəaliyyətinin də payı və təhlilə əsasən bu pay kifayət qədər böyükdür.
E.Məmmədovun istefasından 1 həftə öncə Beynəlxalq Bankın həbsdə olan sədri Cahangir Hacıyev türmədən maraqlı mesajlar yollamışdı. Bu mesajlardan biri də E.Məmmədovla bağlı idi. Beynəlxalq Bankın “mətbəxinə” incəliklərinə qədər bələd olan C.Hacıyev yazırdı: “2016-ci il may-iyun aylarında manatın növbəti devalvasiya dalğası. Mətbuatda kredit itkiləri 6 milyard manat göstərilir və sonra nə baş verir? Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları ABB-yə verilir. Mənə və bir qrup bank işçisinə tələsik ittiham verilir, iş tələsik məhkəməyə göndərilir, məhkəmə mənə və digərlərinə ağır cəza hökmü ilə başa çatır. ABB özəl layihələrə qoyulan investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunmalar üzrə 1-1,5 milyard dollar təşkil etdiyi təqdirdə dövlətdən 7 milyard manat və Neft Fondundan 1 milyard dollar götürülən vəsait hara sərf olunur? Məgər bunun da günahkarı mənəm?”
Sabiq bankirin mesajı yetərincə birmənalıdır: E.Məmmədovun rəhbərliyi dövründə banka ayrılan 8 milyard hara gedib? Əslində C.Hacıyev bununla demək istəyib ki, “oğurluqlar məndən sonra da eyni qaydada davam etdirilib və daha 8 milyard oğurlanıb”.
E.Məmmədovun gözlənilməz istefası da bu məsələ ilə bağlıdır. Bu vəsaitlərin oğurlanması isə devalvasiya risklərini artırır – “real məzənnə”nin tapılması müşkülə çevrilib. Valyuta ehtiyatları hamının gözü qarşısında korrupsiya yeminə çevrilir.
Məsələnin daha maraqlı, daha doğrusu, təəssüf doğuran məqamı ölkənin maliyyə sisteminin bu qədər talançı sistemə çevrilməsidir. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev korrupsiya ittihamı ilə həbs edilir, onun yerinə gələn Elmar Məmmədov da eyni qaydada “oğurluq kursunu” davam etdirir. Bu əslində bankirlərin ölkənin siyasi rəhbərliyinə, itaətsizlik göstərməsidir.
Söhbət qətiyyən təkcə E.Məmmədovdan getmir. Bu gün bank mafiyası siyasi rəhbərliyə qarşı sözün məcazi mənasında qiyam qaldırıb. Üzən məzənnəyə keçid, guya manatın real məzənnəsinin tapılmasında aciz qalmaları, qara bazarın işə salınması və s. qiyamın təzahürləridir. Rusiya, Qazaxıstan, Gürcüstan, hətta Ermənistan belə “real məzənnəni” tapdığı halda bu məsələ hələ də Azərbaycanda açıq qalıb. Bu da azmış kimi Mərkəzi Bankın “idarə olunan üzən məzənnədən” “tam üzən məzənnəyə” keçdiyini bəyan etdi – bu da "qiyam"ın növbəti mərhələsi.
Bank sektorundakı mənbələrin sözlərinə görə, hazırda manatın kursunu 1 dollar= 1,4 AZN səviyyəsində sabitləşdirmək mümkündür. Ancaq qiyamçı bankirlər bundan imtina edərək siyasi rəhbərliyə yanlış məruzələr etməkdə davam edirlər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında xarici ticarət dövriyyəsində 600 milyon dollar müsbət saldo yaranıb. Bunun sadə yozumu odur ki, ölkəyə daha çox valyuta daxil olub, nəinki çıxarılıb. Yəni dollar qıtlığından söhbət gedə bilməz. Bəs onda niyə “qiyamçı” Mərkəzi Bank “real məzənnəni” tapmaqda çətinlik çəkir? Niyə xarici valyutaların leqal satışı ləğv edilib, qara bazar yaradılıb? Qara bazarı kim dollarla təmin edir? “Qara bazara qarşı mübarizə” imitasiyasını kim yaradır? Qara bazarda dollar satışından bank mafiyası son 1 ildə nə qədər gəlir götürüb və bu gəlir hara gedib? Başda Mərkəzi Bank olmaqla “qiyamçı” bankirlər bu suallara cavab verməlidirlər.
"Qiyamçı bankirlər" elə bir mərhələyə gəlib çatıb ki, artıq islahatlar yolu ilə nəyisə dəyişmək mümkün deyil. Yeganə çıxış yolu bank sektorunda "MTN işi" kimi böyük bir əməliyyatın aparılması ola bilər. Əks halda ölkənin maliyyə sisteminin də, sosial-iqtisadi sisteminin də tam çöküşü qaçılmaz olacaq.
Qadir İBRAHİMLİ