Ən böyük DOLLAR MÖHTƏKİRİ - Özü hədəfə gələcəkmi? Son günlər ölkədə müşahidə olunan dollar qıtlığının səbəbi məlum olub. Araşdırmalar göstərir ki, bununla bağlı əlaqadar dövlət qurumları lazımi araşdırma aparır. Mediaya sızan məlumatlardan bəlli olur ki, bu istiqamətdə neqativliklərin yaranma səbəblərindən biri də bəzi şəxslərin şəxsi mənfəət əldə etmək istəyidir.
Yəni dövlətin onlara etibar etdiyi mövqedən istifadə edərək, dolların “qara bazar”a transferini təşkil edib və bunun müqabilndə külli miqdarda vəsait qazanıblar. Məhz belə faktların üstü açıldığı üçün, Beynəlxalq Bankın Cahangir Hacıyevdən sonrakı sədri tutduğu postdan azad edilib. Əslində, bu gənc kadra böyük etimad ona görə göstərilib ki, o, sələfi sayılan və hazırda etdiyi oğurluqlara görə məhkəmə qarşısında cavab verən Cahangir Hacıyevin yolunu getməsin. Ancaq görünür ki, belə olmayıb. Mediada yayılan məlumatlarda bildirilir ki, Elmar Məmmədov maliyyə naziri Samir Şərifova yaxın kadr kimi xarakterizə olunur. Onun bank sistemindəki karyera irəliləyişlərində maliyyə nazirinin xüsusi rolunun olduğu bildirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyev də açıqlamasında bildirib ki, Azərbaycanda dolların “qara bazar”ı var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edilirmiş: “Bununla bağlı araşdırmalar aparılır, şübhəli şəxslər var. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq”.
Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən də əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Səbail rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanıblar.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs – Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Ekspert Cəfər İbrahimli hesab edir ki, valyuta alınıb-satılan bir vasitədir. Bu alış-satışın həyata keçirilməsi üçün bazar infrastrukturu var, amma bu infrastruktur indiki bazar daxilindəki şərtlərlə valyutanın alınıb-satılması üçün əlverişli deyil: “Bunun başqa bir yolunu tapmaq lazımdır. Valyuta dəyişmə ilə məşğul olacaq qurum və ya təşkilat banklardır. Bir də rəsmi qanunvericiliklə bu işi həyata keçirənlər valyutadəyişmə məntəqələridir. Tələbat çox olduğuna görə, daha sürətli və çevik əməliyyatı aparmaq üçün vətəndaşa istənilən yerdə, əlçatan şəkildə valyutadəyişmə imkanı yaradılmalıdır. Biz bunun məhdudlaşdırıldığını görürük. Valyutadəyişmə məntəqələri bağlandı. Bankların valyutadəyişmə ilə bağlı məhdudiyyətləri var, rəsmi alqı-satqı üçün valyutadəyişmə ilə bağlı marjalar qoyulub. Qoyulan məhdudiyyətlər bazarın rəsmi qaydada tənzimlənməsini stimullaşdırmır, daha da tərsi olaraq, bunun fərqli yönlərə getməsini stimullaşdırır”.
C.İbrahimlinin sözlərinə görə, bunu ortadan qaldırmaq üçün məhdudiyyətləri ləğv etmək lazımdır: “Mərkəzi Bank birinci valyutadəyişmə məntəqələri ilə bağlı əlçatanlığı təmin etməlidir. Valyutanı dəyişmək hər kəs üçün istənilən vaxt əlçatan olmalıdır. İkincisi də banklar bu məhdudiyyətlər çərçivəsində valyutanı sata bilmir deyə, bazara gedirlər. Ona görə Mərkəzi Bankın rəsmi kursundan 4 faiz aşağı, 4 faiz yuxarı tətbiq olunan marjaları ləğv etmək lazımdır. Dolayısı ilə tarixçəyə baxsaq, “qara bazar” dediyimiz qeyri-rəsmi bazar məhdudiyyətlər gündəmə gələndən sonra aktuallaşdı. Məhdudiyyət məsələsinə baxmaq, onları aradan qaldırmaq lazımdır ki, bazar öz çərçivəsində prosesləri tənzimləsin”.
Məhəmmədəli QƏRİBLİ \\azinforum.az\