İnternet axtarış resurslarında “Hüseynbala Mirələmov” yazmaqla, deputatın kim olduğunu öyrənmək an məsələsidir
YAP Xətai Rayon Təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun adı mətbuatda daim neqativ planda, kriminal mövzularda keçib, qanunsuz bizneslə məşğul olması dəfələrlə diqqətə çatdırılıb.
[media=https://www.youtube.com/watch?v=6_4OfuZfYDs]
İlkin kapitalının mənbəyi bilinməsə də, kifayət qədər geniş maliyyə imkanlarına malik olan H.Mirələmov sonuncu dəfə də elə mənfi planda ictimai qınaqla üzləşib. Son bahalaşmadan sonra yaranmış sosial gərginliyin üstünə iqtidar deputatları benzin tökür. Bunu qəsdlə edirlər, yoxsa savadsızlığın nəticəsidir - bu, ayrıca mövzunun araşdırmasıdır. Fakt budur ki, xeyli deputat və məmur ağızlarını açanda ölkə bir-birinə dəyir.
Bu dəfə H.Mirələmov ağzını açıb, gözlərini yumub. Və xalqa xitabən deyib:
“Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.
1945-ci il təvəllüdlü Hüseynbala Mirələmova “cavan qalıb” demək insafsızlıq olar. Əgər ekspertizaya onun fotosunu təqdim etsək və bu şəxsin fotoya görə qidalanması haqda rəy verin desək, yəqin ki, “az yemir, ona ortabab iştahalı da demək olmaz, babat iştahası var, bir oturuma 1 qoyunu yeyib, ayağa qalxar” kimi fikirlər eşidə bilərik. Mirələmov isə yeyir və deyir - az yeyin.
Axı niyə Azərbaycan xalqı az yeməlidir? Niyə orqanizmin normal tələbatını qaydasında yerinə yetirməməli, ödəməməlidir? Siz bu xalqdan deyilsiniz? Özünüz yeyib, xalqa “az yeyin” sözünü necə deyə bilirsiz? Diliniz belə sözləri deməyə necə qatlanır?
Adınızın qabağındakı titullar sizə bu xalqa görə verilməyib?
Vikipediyada Hüseynbala Mirələmov adının qarşısında belə adlar, titullar bəs deyincədir - yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Rusiya Mədən Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifi, “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl buta”, “Abdulla Şaiq” və “Rəsul Rza” mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının “Napoleon” qızıl medalının sahibi. MDB ölkələri üzrə 8 dəfə “İlin direktoru” adına layiq görülmüşdür.
Sizin dərvişliyinizi görən olmayıb. Dərviş dilinə, iştahına sahib, əqidəli ola gərək.
Şair kimi də ortaya babat, yaddaqalan bir şeir qoya bilməmisiz. Ssenariləriniz əsasında qoyulan tamaşalar haqda da xoş söz deyənlər az yeməyənlərdir.
Azərbaycan Qaz Emalı Zavodunda direktor olduğunuz vaxtlarda büdcəni “qazlamağınız” isə az qala hər kəsə bəllidir. 8 dəfə “İlin direktoru” adına layiq görülməyinizin meyarlarını bilməyən var? Belə adların “pulunu ver, adını al” prinsipi əsasında verildiyini kim bilmir ki?
Bu gedişlə “ilin dietoloqu” adına da iddia edə bilərsiz, Hüseynbala müəllim.
Heyf ki, özünüz çox yeyirsiz, üstəlik biznesmen olduğunuzu da iddia edirsiz. Pullar hardandır? Mənbəyini açıqlaya bilərsiz?
3 dəfə parlamentə düşə bilmisiz. Bu müddətdə 1 dəfə xalqın dərd-sərindən danışmısız ki, indi durub “az ye” şəklində məsləhət verirsiz? Bəs gəlirləriniz haqda deklorasiya necə, vermisiz bu günə qədər?
1-2 il əvvəl Azərbaycandakı sosial-iqtisadi durum haqda sizin adınızdan yazılan palaz-palaz yazılardan xəbəriniz var? Bilirsiz orada nələr “yazırdız”?
Oxuyan elə bilərdi ki, bu ölkəyə zaval yoxdur. Bu həmin vaxt baş verirdi ki, ağlı başında olan hər kəs böhran adlı bəlanın ölkəni üzük qaşı kimi əhatəyə aldığını bilirdi. Böhranın başımızın üstünü kəsməyində, əlini cibimizdəki qəpik-quruşa uzatmağında sizin kimi az yeməyənlərin rolu o qədər böyükdür ki...
Siz adınızdan belə yazılar dərc olunanda haradasa yeyirdiniz. Bu xalqın kisəsindən formalaşan büdcədən bu gün də yeməkdəsiniz və xalqa “az ye” deməkdən də çəkinmirsiz...
Google axtarış sistemi var - imkan varsa, yeməkdən başınız ayılanda, ad-soyadınızı daxil edin və barənizdə yazılanlar haqda məlumat alın.
Bilirsiz axtarış nəticəsində üzə çıxan ilk yazı hansıdır?
Başlığı belədir: “Hüseynbala Mirələmov kriminal aləmə dəstək verib?”
Digər başlıq isə Milli Məclisə düşməyiniz haqdadır: “Hüseynbala Mirələmov artıq deputatdır - 5 milyon manatlıq yatırıma”.
Bir başqa yazının başlığı isə “Hüseynbala Mirələmov qardaşı oğlunu söydü”dür.
Necədir?
İndi bu yazıların mövzusu haqda uzun-uzadı yazılar yazmaq, həmin mövzuları davam etdirmək olar. Cəmiyyət üçün bunda fayda da ola bilər. Xalq ona “az ye” deyən deputatın barəsində özlüyündə nəticə çıxarmaq şansı qazanar.
2012-ci ilin iyulun 17-də sizə məxsus “1001 Gecə” istirahət mərkəzində Ramal Bayramov öldürüldü. Öldürən kənar şəxs deyildi. Qardaşınız oğlu Rəşad Mirələmov Ramal Bayramovu odlu silahdan açdığı atəşlə qətlə yetirib, Səməd Mənsimovu isə yaralamışdı. Mərhumun əmisi Atlıxan Bayramov hadisə zamanı orada olan oğlunuz Fərid Mirələmovun həbsini tələb edirdi.
Həmin günlərdə əsəblərinizin tarıma çəkilməsini necə, unutmamısız ki?
Bax, həmin o yazıya elə 2012-ci ilin isti yay günlərində verdiyiniz cavab da var.
Elə belə də demişdiz: “Mən prokuror deyiləm, müstəntiq deyiləm. Öldürənin də atasına lənət, o birinə də deyəcəm indi. Ağzımı açdırmayın də! Qurtarın də! Əsəblərimi pozmusuz”.
Bu sözləri deyəndə siz yenə də deputat idiniz. Adınızın qarşısında bir xeyli titullar qalaqlanmışdı. Elə o dövrdə də az yemirdiniz...
Elşən BALAXANILI