"The Guardian" yazır ki, Exxon şirkəti Baham adalarında Rusiya, Venesuela və Azərbaycan da daxil dünya boyunca əməliyyatları ilə bağlı 67 şirkəti qeydiyyatdan keçirib
Qərb mediasına sızmış sənədlərə əsasən Donald Trump-ın dövlət katibi təyin etdiyi Rex Tillerson-un Baham adalarında qeydiyyatdan keçmiş və Rusiya ilə şərikli neft şirkətinin direktoru olduğu iddia edilir.
Cənab Tillerson-un ABŞ-ın ən yüksək diplomatik vəzifəsinə gətirilməsi bundan əvvəl də ziddiyyətlərə səbəb olmuş, onun Rusiya prezidenti Vladimir Putinlə sıx bağları Amerika siyasətçiləri arasında çoxsaylı suallar doğurmuşdu.
Rex Tillerson ExxonMobil şirkətinin icraçı direktoru kimi 2013-cü ildə Vladimir Putin tərəfindən Rusiyanın Dostluq ordeni ilə təltif edilmişdi.
“The Guardian” yazır ki, sızdırılmış sənədlərdən söhbətin Exxon Neftegas müştərək şirkətinin Saxalin-1 layihəsindən getdiyi aydın olur. Bu da xüsusilə vurğulanır ki, bu filial şirkət 10 min kilometr məsafədə olan Baham adalalarında, başqa sözlərlə ofşor ərazidə yerləşir.
.
Baham adalarında yerləşən bu məxfi şirkətə aid sənədlər Almaniyanın Süddeutsche Zeitung, Britaniyanın “The Guardian” və Vaşinqtonda mənzillənmiş Beynəlxalq Təhqiqiat Jurnalistikası konsorsiumu arasında paylaşılıb.
"The Guardian" yazır ki, Exxon şirkəti Baham adalarında Rusiya, Venesuela və Azərbaycan da daxil dünya boyunca əməliyyatları ilə bağlı 67 şirkəti qeydiyyatdan keçirib.
Exxon Neftegas şirkətinə aid 25 ofşor sənəd faş olub. Bu şirkəti 1998-ci ildə Nassaudakı Higgs & Johnson hüquq firması qeydiyyatdan keçirib.
Şirkətin sənədləri onun katibi Sofiya Kişinyovskaya tərəfindən imzalanıb.
Qərb mediası bildirir ki, biznes maraqlarına görə Rex Tillersonun namizədliyinin Senatda təsdiq olunması əvvəldən də qəliz məsələ kimi görünürdü, lakin son məlumatlardan sonra vəziyyət daha da mürəkkəbləşə bilər.
Hazırda Senatın xarici əlaqələr komitəsində 10 respublikaçı və 9 demokrat var, lakin komitənin senator John McCain də daxil bir neçə üzvü Tillerson-un təyinatı ilə bağlı narahatlıq ifadə edib.
Yeri gəlmişkən, partiyanın praymeriz seçkilərində Trump-ın məğlub etdiyi senator Marko Rubio da sözü gedən komitənin üzvüdür.
Tərcümə Azadlıq Radiosunundur