''Kürü diplomatiyası 2: Bu dəfəki hesabatda konkret faktlar var''

20-12-2016, 22:01   


Rəsul Cəfərov: ''Avropa Şurası daxili araşdırmaya başlamalıdır''

Avropa Sabitlik Təşəbbüsünün (European Stability Initiative) dekabrın 17-də "Kürü diplomatiyası: Avropa bataqlığı" adlı araşdırması Azərbaycanda siyasi gündəmin əsas müzakirə mövzularından oldu. Araşdırmada Azərbaycan Milli Məclisinin deputatları və yüksək vəzifəli Avropa siyasətçilərinin adı keçir.

Rəsmi Bakının maraqlarının fəal lobbiçiləri arasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xalq Partiyasından olan qrup sədri, İtaliya prokurorluğu tərəfindən məsuliyyətə cəlb edilmiş italiyalı parlamentari Luka Volontenin (Luca Volonte) adı çəkilir.

"Sənəddə 2 azərbaycanlı deputatın adı keçir"

Meydan TV Azərbaycan tərəfdən adıçəkilən deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovdan münasibət öyrənə bilməyib.

Yaranmış vəziyyətlə bağlı sabiq deputat, Milli Şuranın xarici məsələlər üzrə nümayəndəsi Gültəkin Hacıbəyli Meydan TV-yə bildirib ki, 2012-ci il "Kürü hesabatı"ndan fərqli olaraq, bu dəfəki hesabatda konkret faktlar ortalığa qoyulub və Luka Volontenin İtaliya prokurorluğuyla əməkdaşlığı zamanı aldığı vəsaitlər açıqlanıb. İkinci, Luka Volonte Elxan Süleymanovun adını çəkir.

"Güman ki,Volontenin Aqramuntla dərin əlaqələri olub"

G.Hacıbəyli düşünür ki, ikinci hesabat Avropa Şurasının rəhbərliyini hərəkətə gətirəcək gücə malikdir: "Əgər təhqiqat hərtərəfli aparılacaqsa, Luka Volonte Avropa Şurasında təmsil olunan başqa şəxslərin də adlarını çəkə bilər. Məsələn, Azərbaycan hakimiyyətinə ən böyük dəstək verənlərdən biri, hazırda Avropa Şurasının prezidenti Pedro Aqramuntdur. Əgər Luka Volonte bu cür kriminal olaylarla bağlıdırsa, güman ki, buna oxşar əlaqələr Pedro Aqramuntla daha dərin olub".


Gültəkin Hacıbəylinin fikrincə, baş verənlər Avropa Şurası daxilində çirkli lobbiçiliyə xidmət edən korrupsiya hallarının ifşa olunmasına təkan verəcək. Ancaq bunun üçün Avropa Şurası və Avropa Birliyi qətiyyətlə prinsipiallıq nümayiş etdirməlidir.

"Güman ki, başqa şəxslər də çirkli lobbiçiliyə cəlb olunublar"

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə ümid edir ki, Avropa Şurası daxili təhqiqata başlayacaq. Çünki hesabat Azərbaycan nümayəndə heyətilə yanaşı, Avropa Şurasının özünü də ittiham edir. Ən yaxşı yolu daxili təhqiqat aparıb məsələni detallı şəkildə araşdırmaqdır:

"Luka Volontedən başqa daha hansı deputatlar bu cür çirkli lobbiçiliklə məşğul olub. Məsələ ondadır ki, Luka Volonte Avropa Şurasının Rifah Partiyasının fraksiyasının sədr müavini olub. Onun təkbaşına bu cür işlərlə məşğul olması inandırıcı deyil. Güman ki, başqa şəxslər də çirkli lobbiçiliyə cəlb olunublar. İkinci, Avropa Şurası deputatlar Azərbaycandakı duruma bundan sonra daha obyektiv mövqe nümayiş etdirəcəklər. 2013-cü ilin yanvarında alman deputat Ştrasserin hesabatı qeyri-adi şəkildə qəbul olunmamışdı. Çünki Avropa Şurası tarixində ilk sənəd idi ki, komitədən keçsə də, plenar iclasdan keçmədi. Bu hadisədən sonra Azərbaycanda siyasi məhbusların sayı sürətlə artdı".

"Hesabat Avropa Şurasının əsas strukturlarında ciddi problemlərin olduğunu göstərir"

Rəsul Cəfərov ümid edir ki, bu yöndə Avropa Şurasında mövqe dəyişəcək, yəni siyasi məhbus məsələsi müzakirəyə çıxarılanda, hesabatdakı faktlar nəzərə alınacaq:

"Məsələn, Avropa Şurasının 3 OMON-çu - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov haqda onlarla qətnaməsi var. Bu sənədlərdə onların azadlığa çıxması tələb edilir. Bu sənədlərin davamının olmaması "kürü diplomatiyası"ndan və Avropa Şurasındakı deqradasiyadan irəli gəlir. Əslində, ikinci hesabat Avropa Şurasının əsas strukturlarında ciddi problemlərin olduğunu göstərir".


R.Cəfərov bildirir ki, Avropa Şurası bütövlükdə bir qurum kimi daxili islahatlara ehtiyacın olduğunu dərk edəcək. Əks təqdirdə, əvvəlki sistem qalacaq və Azərbaycan kimi ölkələr "kürü diplomatiyası" texnologiyalarından istifadə edib təşkilatın məramına zərbə vuracaq.

"Avropadakı azərbaycanlılar fəal olmalıdır"

O, Azərbaycan hüquq müdafiəçilərinin və siyasi partiyaları məsələni Avropa ictimaiyyətinin gündəmində saxlanmasını vacib hesab edib. Bunu müraciətlər və tədbirlər formatında etmək mümkündür. Təəssüf ki, Avropada xeyli azərbaycanlı yaşasa da, siyasi baxımdan fəal deyillər. Halbuki, "Kürü diplomatiyası: Avropa bataqlığı" hesabatının üstünə gedib dəyirmi masalar, aksiyalar keçirmək olar:

"Artıq İtaliya prokurorluğu işi bağlayıb məhkəməyə göndərib. Əgər hakimlər cinayət tərkibinin olması barədə qərar versələr, məhkəmə prosesləri başlayacaq. O zaman məhkəməni monitorinq edib mətbuatda işıqlandırmaq vacibdir".

"Deputatın susması ittihamların dəqiq olduğunun göstəricisidir"

Azərbaycanlı deputatlar Elxan Süleymanovun və Müslüm Məmmədovun bu məsələdə susmasına gəlincə, Cəfərov hesab edir ki, hazırda ölkədə iqtisadi-maliyyə böhranı hakimiyyəti çətin duruma salıb. Hökumət beynəlxalq maliyyə institutlarından ayrı-ayrılıqda 7 milyard dollara yaxın kredit istəyir. Vəsaitlərin əldə olunması üçün Qərblə müsbət münasibətlər saxlanılmalıdır:

"Fikir verdinizsə, Elxan Süleymanov əvvəllər siyasi məhbus siyahılarına reaksiya verirdi. Bu dəfə susdu. Bütün hallarda parlamentdəki jurnalistlər onun reaksiyasını öyrənməlidir. Əslində, onun susması ittihamların dəqiq olduğunun göstəricisidir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.