Azərbaycanda qanunun şah olmadığı, hüququn nökərə çevrildiyi, məhkəmələrin ədalətə xidmət etmədiyi hamıya məlumdur. Hökumət isə hər gün bu həqiqəti xatırlatmaqla məşğuldu.
Belə ki, 2015-ci il mayın 19-da Binəqədidə yaşayış binasında 15 nəfərin öldüyü yanğınla bağlı məhkəmə yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə altı aydır ki, davam edən prosesdə məhkəmə istintaqı başa çatıb. Dekabrın 20-də məhkəmədə prokuror çıxış edib və təqsirləndirilən şəxslərə 10 ildən, 6 ilə qədər iş istəyib.
Xatırladaq ki, bugünə qədər təqsirləndirilən şəxs qismində “Global Construction” şirkətinin rəhbərliyi, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov və Binəqədi rayon Mənzil Təsərrüfat Birliyinin sabiq rəisi Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin keçmiş rəisi Nizami Orucov, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri, BDU-nun müəllimi Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin keçmiş baş direktoru Akif Əlibəyov saxlanılıb.
1 il 7 ay müddətində araşdırma aparılıb, aidiyyatı qurumlar məsələni incələyib və nəticə bundan ibarətdir. Biz təqsirləndirilən şəxslərin heç bir məsuliyyət daşımadığını iddia etmirik. Amma əminliklə demək olar ki, binaların məlum materialla üzlənməsi, yüz milyoların dövr eləməsi bu adamların özfəaliyyəti ola bilməz.
Bu ölkədə bu səviyyədə işi FHN-dən, BŞİH-dən və digər qurumlardan xəbərsiz görmək mümkün deyil. Ən mühümü isə budur ki, məhkəmə prosesində dəhşətli faktlar ortaya qoyuldu, məlum şirkətin rəhbəri ağır ittihamlar irəli sürdü. Açıq şəkildə bildirildi ki, yanğının törədilməsində MTN-in əli olub, şirkət rəhbərindən külli miqdarda rüşvət istənilib, adamlar təhdid olunub və s.
Amma bu ittihamların heç biri ciddi qəbul olunmadı, yanğının əsas səbəbləri ört-basdır edildi. Hansı ki özünə hörmət edən məhkəmə bu qədər faktlardan sonra işi yenidən istintaqa qaytarardı. Necə olur ki, “JEK” müdiri həbs olunur, amma üzləməyə icazə verən, nəzarət edən qurumlar məsuliyyətdən kənarda qalır? Necə olur ki, icra başçısının sabiq müavini günahkar, amma büdcənin milyonlarını bu prosesə cəlb edənlər məsum olur? Əgər bu adamın şirkəti zərərli üzlüklər istehsal edirdisə, niyə ölkə başçısı bu adama “Əməkdar memar” adı vermişdi, şirkətin açılışında iştirak etmişdi?
Onu da xatırladaq ki, bu cinayət işini ölkə bsşçısı öz nəzarətinə götürmüşdü. Amma məlum olan budur ki, həqiqətlərin üzə çıxmaması, ədalətin zəfər çalmaması üçün hər şey etdilər. Məhkəmədəki ifadələr, ipucları nəzərə alınmadı. Görünür, məsələnin ədalətli araşdırılması yuxarılara sərf eləmir. Onsuz da hamı başa düşür ki, “JEK” müdiri, icra bsşçısının müavini və digərləri epizodik rollardadı və baş qəhrəmanlar başda oturub.
İstənilən halda bu məhkəmə prosesi göstərdi ki, 15 nəfərin qanı batırılacaq və məsuliyyət daşıyanlar meydan sulamağa davam edəcək. Ölkədə nə qanuna hörmət, nə də insan həyatına qiymət var. Həmişə qurban verməyə kimsə tapılır, həyatları qurban edənlər isə əməllərinə davam edirlər.
Akif