Məmurlar ölkədən çıxardığı milyardları geri qaytaracaqmı?

23-12-2016, 10:05   

Vahid Əhmədov: «Məmurların ölkədən çıxardığı vəsaitlərin Azərbaycana gətirilməsinin vaxtı çatıb»

Nemət Əliyev: «Həmin vəsaitlər xaricə oğurluq yollarla daşınıb və onların heç bir halda geri qaytarılacağına inanmıram»

Uzun müddətdir reallaşması gözlənilən vergi amnistiyasına dair qanun layihəsi Milli Məclisdə müzakirə edilərək, plenar iclasa tövsiyə olunub. İndi isə növbə maliyyə amnistiyasınındır. İllərdir ölkədən çıxarılan, ofşor zonalarda dövriyyəyə buraxılan külli miqdarda vəsaitlərin ölkəyə gətiriləcəyi xəbərləri gündəmdədir. Çünki vergi borclarının və sanksiyaların silinməsi maliyyə amnistiyası ilə yekunlaşmalıdır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ilk olaraq vergi amnistiyasının verilməsi məqsədəuyğundur. V.Əhmədov bildirib ki, maliyyə amnistiyası hər zaman gündəlikdə olan məsələdir:
“İndiki məqamda maliyyə amnistiyasının verilməsi olduqca vacibdir. Çünki o məmurlar ki, müəyyən qədər vəsait toplayıblar, həmin vəsaitlərin Azərbaycana gətirilməsinin vaxtı çatıb. Həmin vəsaitlər Azərbaycanda investisiya şəklində ictimai-siyasi həyatın inkişafında istifadə olunmalıdır. Amma bunun üçün ilkin olaraq qanun layihəsi hazırlanmalıdır. Qanun elə şəkildə hazırlanmalıdır ki, maliyyə amnistiyası veriləndə həmin vəsait yalnız və yalnız Azərbaycanda iqtisadi inkişafa xidmət etsin, başqa məsələlər üçün istifadə edilməsin”.
Deputat qeyd edib ki, maliyyə amnistiyası verilən zaman bir çox nüanslar diqqətə alınmalıdır:
“Biz bir sıra məsələlərlə bağlı vergi dəyişiklikləri etdik. Amma söhbət maliyyə amnistiyasından gedirsə, həmin maliyyə Azərbaycana gətirilməlidir. Yəni maliyyə amnistiyası veriləndə o adamdan soruşmurlar ki, bu vəsaiti harada, necə qazanmısan? Maliyyə amnistiyası verilən zaman həmin vəsaitin ofşor ya da qeyri-bir zonadan gətirilməsi o qədər əhəmiyyət kəsb etmir. Amnistiya verilir və həmin pullar ölkəyə gətirilir”. (modern.az)
Məmurların ölkədən maliyyələrini çıxartmasına səbəb ölkədəki əlverişsiz biznes mühidir. Şərait dəyişmədiyi halda bu vəsaitin ölkəyə geri gətiriləcəyi nə dərəcədə inandırıcıdır?


nemet-eliyev
İqtisadçı Nemət Əliyev bildirdi ki, verilən bu təklif təqdirəlayiqdir. Əgər sahibkarlara qarşı vergi amnistiyasının tətbiqində hökumət səmimidirsə, o zaman həmin məmurlar ölkədən çıxardığı vəsaitləri də geri qaytarmaq barədə düşünsünlər: «Belə olan halda münasibətlərdə səmimilik hiss edilər. Çünki hazırkı dönəmdə sahibkarları şirnikləndirici metodlarla nəyəsə cəlb etmək çox çətindir. Amma ən yüksək çinli dövlət məmurları xaricə daşıdıqları vəsaiti Azərbaycana gətirsələr, bu sahibkarlarda, digər kateqoriyalı insanlarda nikbinlik yarada bilər. Bu baxımdan fikir müsbətdir. Amma bunu gerçəkləşdirmək mümkün olacaqmı? Bütün problemlər bax bu sualdadır. Nə sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi hesabına onların batırılmış vergilərinin geri qaytarılmasına nail olmaq mümkündür. Nə də məmurların xaricə daşıdıqları vəsaitləri ölkəyə geri qaytarılmasını gerçəkləşdirmək mümkün deyil. Burada ortaya sual çıxır kİ, əgər məmur həmin vəsaitləri bir gün ölkəyə qaytaracaqdısa, onu niyə xarici ölkəyə daşıyırdı. Həmin vəsaitlər xaricə oğurluq yollarla daşınıb və mən onların heç bir halda geri qaytarılacağına inanmıram».
N.Əliyev onu da bildirdi ki, həmin vəsaitlərin ölkəyə qaytarılmasının hansı fəsadlara yol açacağını, həmin vəsaitləri çıxardanlar yaxşı bilirlər.

Hikmət















Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.