İŞİD-in Azərbaycanı hədəf seçməsinin pərdəarxası

23-12-2016, 10:38   
İŞİD-in Azərbaycanı hədəf seçməsinin pərdəarxası
İlham İsmayıl: “Hərdən yadlarına salırlar”

İŞİD terror təşkilatı Azərbaycanı növbəti dəfə hədəfə alıb. Terror qruplaşması rus səfiri Andrey Karlovun Ankarada öldürülməsindən sonra şimal qonşumuzun hansı ölkələrdəki səfirliklərinin hücumlara məruz qalacağına dair PDF formatında siyahı və səfirliklərin yerləşdikləri ünvanları yayıb.

Həmin siyahıda Rusiyanın Bakıda yerləşən səfirliyinin də adı keçir. Göründüyü kimi, ölkəmiz növbəti dəfə terror hədəfindədir. Xatırladaq ki, bu, İŞİD-in Azərbaycanı hədəf seçdiyi ilk hal deyil. Ötən ilin yayında terror təşkilatı quracağı “xilafət xəritəsinə” ölkəmizin də adını salmış, onu “Qafqazın bir əyaləti” kimi göstərmişdi.

Azərbaycanın İŞİD-in hərbi planda cəzalandırılması prosesində iştirak etməməsini nəzərə alsaq, terror qruplaşmasının son illərdə ölkəmizi hədəfə alma hallarının artması ciddi suallar doğurur. Ekspertlərin bu barədə fikirləri müxtəlifdir. Kimisi ölkəmizin neftini, təbii sərvətlərini, kimisi isə yerləşdiyi strateji mövqeyi göstərir. Azərbaycanın hədəf seçilməsinə səbəb kimi daha bir mövqe də var. Bu da son illərdə İŞİD-ə qarşı aparılan əməliyyatlardan sonra onun üzvlərinin Şimalı Qafqaza səpələnməsi, eləcə də bu terror təşkilatının tərkibində döyüşən azərbaycanlıların ölkəyə qayıtdıqdan sonra həbs olunmalarıdır.



Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, Azərbaycan da digər müsəlman ölkələri kimi hədəfə alınır: “İndoneziyadan tutmuş Azərbaycana qədər İŞİD hər cəhətdən bütün İslam dövlətlərini hədəfə alır. Bu müsəlman ölkələrindən onların tərkibində vuruşan çoxsaylı terrorçular var. Onlar inanclı adamlar deyillər. Hər ölkədən 1-2 şəxsi rəhbər seçirlər, sonra da onlar vasitəsilə hədələr, təhdidlər səsləndirirlər. Səfirin öldürülməsi ilə bağlı, açığı, İŞİD-in əlinin olması az inandırıcıdır. Sadəcə olaraq, rus səfiri öldürüləndən sonra belə fikirlər səsləndirə bilərlər ki, harada gəldi rus səfirlərini öldürəcəyik, ən çox da İslam dövlətlərində. Hədəf hələ ki İŞİD-in ətrafında olan ölkələrdir. Türkiyə, İraq, Suriyanın özü və digər bu tipli ölkələr hədəfdədir. Şimali Qafqazdan İŞİD-in tərkibində vuruşan xeyli sayda insanlar var. Biz İŞİD-in hədəfində olan ilk onluqda belə deyilik. Biz kənardayıq, sadəcə, İslam ölkəsi olduğumuza görə hərdən yadlarına salırlar. Rusiya hədəfdə olmadığına görə bu ölkəni Azərbaycandan hədəf almağa heç bir ehtiyac yoxdur.

İŞİD-in tərkibində ərəb və türklərdən sonra ən çox ruslardır. Bu baxımdan, onlar sağ əlləri ilə son qulaqlarını qaşımayacaqlar. Rusiyaya təzyiq etmək istəsələr, elə Şimalı Qafqazda münbit şərait var, bu vasitə ilə edərlər. Belə məsələlərin gündəmə gəlməsinin o xeyri ola bilər ki, təhlükəsizliyimizi daim ayıq-sayıq saxlayaq. Amma bəzi məsələlərdə özümüzü çox böyüdürük. Bir də görə bilərik ki, İŞİD-in, onun yalançı bayrağı altında heç dinlə bağlı olmayan qüvvələr sabitliyi pozmaq üçün belə addım atıblar. Zaman-zaman bu tipli hadisələrin çox şahidi olmuşuq, bir siyasətçi, yaxud hər hansı bir səbəblə bağlı kimisə hədəfə alıb, amma sonradan tamam başqa yerdən bu iş həyata keçirilib, hər şey də həmin siyasətçinin, yaxud jurnalistin üzərində qalıb. Bütün bunları nəzərə almaq lazımdır”.

Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.