Paşazadələrin şəriki olmuş Müğdət Həşimov növbəti dəfə hakim qarşısına çıxarılıb. Yeni vəkillə müqavilə imzalayan M.Həşimov işinin düzgün araşdırılmasının və sifarişlə həbs edilməsinin qarşısının alınmasını istəyir.
Əvvəlki məhkəmə proseslərində olduğu kimi M.Həşimov bu dəfə də Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini açıqlayıb. Məhkəmədə qərara alınıb ki, şeyxin yaxın adamı, onun əmrlərini icra etdiyi bildirilən, adı bir çox qalmaqallı məlumatlarda hallanan və Hacı Mazan kimi tanınan Ramazan Zeynalov növbəti dəfə məhkəməyə çağırılsın.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi məhkəmədə Müğdət Həşimovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. Vəkil bir neçə nəfərin əlavə şahid qismində məhkəməyə gətirilməsini istəyib.
E.Sadıqov vəsatətində İsmayıl Abbasovun əlavə şahid kimi çağırılmasını belə izah edib ki, adıçəkilən şəxs mülki iddiaçı Ramazan Zeynalovun (Hacı Mazan) nümayəndəsi olub. Vəkilin sözlərinə görə, İsmayıl Abbasov iddiaçının ərizəsini özü imzalayıb. Bunun yolverilməz hal olduğunu qeyd edən vəkil İsmayıl Abbasovun məhkəməyə çağırılmasını və dindirilməsini istəyib.
Şeyxin adamı Hacı Mazan məhkəməyə gətiriləcək
Vəkil Cavad Cavadov adlı şəxsin də məhkəməyə gətirilməsini istəyib: “Klinikada yoxlama aparılarkən, audit tələb olunan zaman adını çəkdiyim şəxs ekspert kimi iştirak edib və avadanlıqların yoxlanmasında, qiymətləndirilməsində iştirak edib. Hesab edirik ki, onun da dindirilməsi vacibdir”.
Elçin Sadıqov ötən prosesdə ifadə verən şeyxin yaxın adamı Ramazan Zeynalovun yenidən məhkəməyə gətirilməsini tələb edib: “Ramazan Zeynalovun sonuncu prosesdə verdiyi ifadəni mətbuatda oxudum. Onun dedikləri, Müğdət Həşimova qarşı ittihamları tamamilə təkzib edir. Onun növbəti dəfə məhkəməyə gətirilməsini təmin etməyinizi istəyirik”.
Məhkəmə müşavirədən sonra vəkil Elçin Sadıqovun vəsatətinin təmin edildiyini açıqlayıb.
Paşazadələr ailəsi ilə tibb müəssisəsində şərik olan M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb. Müğdət Həşimov məhkəmədə bir daha günahsız yerə, Allahşükür Paşazadənin qardaşı deputat Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib.
Deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayan Müğdət Həşimov müqavilənin heç bir şərtini pozmadığını deyir. Müqavilənin şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.
Hakimin Həşimova xəbərdarlıqları
Hakim M.Həşimova xatırladıb ki, zərərçəkmiş kimi tanınan Ramazan Zeynalov şərik olduqları klinikaya alınan avadanlıqların keyfiyyətsiz və köhnə olması ilə bağlı məhkəmədə fikir bildirib.
Hakim M.Həşimovdan bu iddiaları rədd edən sübutları məhkəməyə təqdim etməsini istəyib: “Siz ittiham üzrə danışın. Ramazan Zeynalov avadanlıqların köhnə və keyfiyyətsiz olduğunu, buna görə hətta bir nəfərin öldüyünü deyir. Siz həmin klinikanın təsisçisi olmusunuz. Avadanlıqların köhnə olmadığını, keyfiyyətli olduğunu sübut edən sertifikatı, sənədləri məhkəməyə təqdim edin. Bunu sizə 20 dəfə demişəm”.
Müğdət Həşimov hakimin bu iradına belə cavab verib: “Bu tələbi ilk dəfədir, eşidirəm. Həm də həmin sənədlər cinayət işi materiallarında var”.
Hakim Novruz Kərimov: “Siz məhkəməyə yaxşı qulaq asmadığınız üçün eşitməmisiniz. Cinayət işi materiallarında isə yoxdur. Siz bu qədər vaxt keçməsinə baxmayaraq, tələb olunan həmin sənədləri məhkəməyə təqdim etməmisiniz”.
Paşazadələrin klinikasında ölüm
Müğdət Həşimov hakimin qeyd etdiyi sənədləri məhkəmənin növbəti iclasınadək təqdim etməyə çalışacağını bildirib. Təqsirləndirilən M.Həşimov Hacı Mazanın klinikadakı ölüm hadisəsi ilə bağlı dediklərinə də toxunub.
O, deyib ki, ölüm hadisəsindən sonra klinikada aidiyyəti qurumlar tərəfindən yoxlama aparılıb: “Möhtərəm hakim Ramazan - Hacı Mazan bir nəfərin öldüyünü deyir. Həmin hadisədən sonra Baş Prokurorluqdan, Səhiyyə Nazirliyindən yoxlama gəldi. Araşdırma aparıldı, sertifikatlar yoxlanıldı. Bu ölüm hadisəsindən əvvəl belə sertifikat olmasaydı, klinikanın 1 saat işləməsinə icazə verilməzdi. Bunu deməkdə məqsədim budur ki, avadanlıqlar nə keyfiyyətsiz, nə də köhnə olub”.
“Ölkənin dini lideri məni və ailəmi...”
M.Həşimov ona qarşı irəli sürülən ittihamın qurama olduğunu deyib: “Mən Cavanşir Paşazadənin sifarişi ilə həbs edilmişəm. Bunu hamı bilir. Klinikada olan avadanlıqlarla bağlı deyilənlər yalandır. İşi aparan müstəntiq mənə dedi ki, "mən qələməm, yaz deyirlər, yazıram". Bu söz-söhbətlər başlayanda bir neçə dəfə Paşazadələrlə danışığa getdim. Ölkənin dini lideri məni və ailəmi bu vəziyyətə salıb. Özüm günahsız yerə aylardır, həbsdəyəm. Aydın məsələdir ki, bu iş mülki işdir və mən sifarişlə həbs edilmişəm”.
Hakim növbəti dəfə Müğdət Həşimova ona aid olan ittiham üzrə danışması ilə bağlı xəbərdarlıq edib: “Mən sizə başqa məsələ barədə sual verirəm, amma siz tam fərqli mövzuda danışırsınız. Avadanlıqlar təzədirsə, sənədləri təqdim edin. Bu işin mülki iş olduğunu sübut edin, faktlar təqdim edin, araşdıraq. Ayrı-ayrı şəxslər haqda ittihamlar səsləndirməyə ehtiyac yoxdur. Kiminsə sizi şərləyərək həbs etdirdiyini iddia edirsinizsə, bunu sübut edən faktları ortaya qoyun. Prokurorluğa müraciət edin. Siz mənim üçün sadəcə olaraq vətəndaşsınız”.
M.Həşimov deyib ki, tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməli imiş.
“Bu işi kimlərin etdiyini necə deməyim?”
Müğdət Həşimov: “Möhtərəm hakim, xahiş edirəm məni dinləyin. Klinika üçün ayrılan, bankdan götürülən ümumi 840 min manatın nəyə və hara xərclənməsi ilə bağlı istintaqa siyahı təqdim etmişəm. Bir məsələni də diqqətinizə çatdırım ki, Paşazadələrlə imzalanan müqavilədə mənim öhdəliyim avadanlıqların təzə olması deyildi. Bankdan götürülən 700 min manatı ödəmək idi. Bu öhdəliyi də yerinə yetirirdim. Müqavilə də 2018-ci ilə qədər idi. Aylıq 20 min manat kredit ödəyirdim. Amma razılığı onlar pozdular. Dəfələrlə danışığa getdim. Bu işi sülh yolu ilə həll etməyə çalışdım. Danışıqlar müddətində işləmədiyim halda 3 ay 20 min, cəmi 60 min manat krediti cibimdən ödədim. Ailəm pis vəziyyətə düşdü, bütün əmlakım əlimdən çıxdı. Özüm həbs edildim. Bəs, indi başıma gələnləri necə danışmayım? Bu işi kimlərin etdiyini necə deməyim?”.
Hakim: “Danışın. Ancaq ittihamlardan danışın. Nə mən, nə də prokuror heç bir dindarla oturub-durmuruq, tanışlığımız yoxdur. Kimin kimin adamı olduğuna, kimlərinsə adını çəkməyə gərək yoxdur. Siz faktları bizə təqdim edin, araşdıraq”.
Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib. Həmin prosesdə yuxarıda adıçəkilən şəxslərin ifadə verəcəyi gözlənilir.
Qeyd edək ki, klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb. Həmin müddət ərzində də bankdan götürülən 700 min kreditə görə ayda 20 min manat ödəyib. Onun sözlərinə görə, Paşazadələrin sifarişi ilə Hacı Mazan onu klinikadan çıxarıb və barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Hacı Mazan ifadəsində göstərib ki, M.Həşimovdan 263 min manat və klinikada olan tibbi avadanlıqları tələb edir.
İlkin Muradov,
Musavat.com