Qarabağda müharibə qərarını... Kreml verəcək - yeni ssenari

7-01-2017, 09:09   
Qarabağda müharibə qərarını... Kreml verəcək - yeni ssenari

2017-nin gözləntisi: Rusiya tərəfləri sülhə məcbur edəcək?; Analitiklərdən maraqlı iddialar var; Rusiya nəşri: “Münaqişə dondurulub, ancaq əbədi şəkildə belə qala bilməz”; rusiyalı ekspert: “Azərbaycan ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq....”

2017-ci il böyük ehtimalla Qarabağ konflikti ətrafındakı situasiyaya da xeyli aydınlıq gətirəcək. Çünki əvvəla, məhz bu il münaqişəyə cəlb olunmuş böyük güclər - Rusiya və ABŞ arasında münasibətlər Trampın prezident qismində fəaliyyətə başlaması ilə yeni keyfiyyət çalarları qazanacaq. Eyni zamanda qardaş Türkiyənin Moskva ilə əlaqələrinin və strateji işbirliyinin pik həddə yaxınlaşacağı gözlənilir ki, bu da Güney Qafqaz bölgəsinə təsirsiz ötüşə bilməz.

Əsas sual da bundan ibarətdir ki, önümüzdəki ildə Dağlıq Qarabağla bağlı proseslərin hansı inkişaf ssenari daha real və mümkün görünür? Bu xüsusda ekspert dairələrinin rəyləri birmənalı deyil. Məsələn, rusiyalı tanınmış politoloq Aleksandr Skakov hesab edir ki, ən ehtimal edilən ssenari - “nə hərb, nə də sülh” vəziyyətinin davam etməsi olacaq. Musavat.com-un məlumatına görə, bu barədə o, news.am erməni nəşrinə müsahibəsində danışıqlar prosesinin perspektivini şərh edərkən deyib.

“Hamı bilir ki, Dağlıq Qarabağa dair sülh nizamlanmasının hansı ssenarisi ola bilər. Lakin bu ssenari münaqişə tərəflərindən heç birini qane eləmir. Tərəflər hansısa kompromisə hazır deyil. Onları buna məcbur eləməklə bağlı istək də heç kəs də yoxdur. Ermənistan, ələlxüsus ”DQR" Dağlıq Qarabağ ətrafındakı rayonların hətta bir qismini belə azad eləmək haqda düşünməyə hazır deyil. Bakı isə “DQR”in müstəqil statusu barədə düşünməyə belə hazırlaşmır", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, hazırda münaqişə tərəfləri fəlakətli dərəcədə bir-birinə etimad eləmir: “Ümumilikdə düz də edirlər. Ona görə də ən ehtimal edilən ssenari - "nə hərb, nə də sülh" vəziyyətinin davam etməsidir, nədən ki, irimiqyaslı müharibə ilə konfliktin donunun açılması proqnoz edilməyən nəticələrə gətirə bilər. Yəni status-kvo hər iki tərəfi qane eləmir, ancaq heç kim bütün münaqişə tərəflərini, yaxud heç olmasa, onlardan birini qane edəcək yeni status yaratmayacaq", - rusiyalı analitik əlavə edib.

***

Bu arada Kremlin rəsmi kursunu təbliğ edən newsinfo.ru adlı Rusiya saytında Qarabağ münaqişəsinə dair məqalə dərc olunub. Məqalədə Rusiyanın tərəfləri sülhə məcbur edəcəyi göstərilir, eyni zamanda bunu nə zaman və hansı şərtlər daxilində həyata keçirəcəyi də vurğulanır (Virtualaz.org).



Müəllifin qeydlərindən belə başa düşmək olur ki, Qarabağ məsələsi tamamilə Rusiyanın inhisarında, nəzarəti altında olan münaqişədir və bu münaqişəni ancaq Rusiyanın təşəbbüsü və qarantiyası ilə həll etmək olar. Rusiya münaqişə ətrafında atəşkəsin saxlanılması üçün Azərbaycan və Ermənistana, məqalədə deyildiyi kimi, “artıqlaması ilə təsir imkanlarına” malikdir.

Məqalə müəllifi Vitali Kokorin hesab edir ki, münaqişə dondurulub, ancaq əbədi olaraq belə davam edə bilməz. Ona görə ki, Azərbaycan ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq, Ermənistan isə daim bu cür müharibə gözləntisi altında yaşaya bilməz. “İnsan və maddi resurslar baxımından üstünlüyün birmənalı olaraq Azərbaycanın tərəfində olduğu nəzərə alınarsa orta perspektivdə Bakının revanş şansı artır. Digər tərəfdən müharibə və ya sülh məsələsi ancaq İrəvanla Bakıdan asılı olsaydı, müharibə iki respublikanı çoxdan məhv etmişdi. Şükür Allaha ki, onların hər ikisi Rusiyanın geosiyasi təsir zonasındadır. Bütün bu müddət ərzində Rusiya Qarabağda atəşkəsin başlıca qarantı olub, həm Bakı və İrəvanla iş aparmaqla, həm Ermənistanda hərbi baza saxlamaqla” - müəllif yazır.


Onun fikrincə, Rusiya Ermənistan-Azərbaycan məsələsində seçim qarşısında deyil. Çünki hər iki ölkə tarixən Rusiyaya bağlıdır. Və tammiqyaslı müharibə başlaya bilməz, çünki Ermənistan aldığını alıb və müharibəni təzədən başlamaq istəmir, Azərbaycan isə başa düşür ki, Rusiya ona tam gücüylə döyüşməyə imkan verməyəcək.

Məqalə müəllifinin iddiasına görə, əslində müharibənin başlamasında Rusiyanın “okeanın o tayındakı düşmənləri” maraqlıdır. Ona görə ki, Baltik dənizindən tutmuş Xəzərə qədər “antirusiya zolağı” yaratmaqda, Azərbaycanı Rusiyanın təsir zonasından çıxarmaqda maraqlıdırlar.

“Lakin Bakıda müstəqil siyasət yürüdən və özgələrin oyununa meyl etməyən İlham Əliyev hakimiyyətdədir. Ermənistan-Azərbaycan müharibəsini başlatmaq üçün Bakıda hakimiyyətə antirusiya mövqeli prezident gətirmək lazım gəlir, buna da Amerikanın gücü çatmaz” - məqalədə vurğulanır. Məqalədə daha sonra deyilir ki, Türkiyə də Qarabağda müharibənin başlanmasında maraqlı deyil. Hərçənd Türkiyə Azərbaycan məsələsindən Rusiyaya qarşı oynamaq üçün istifadə etməyə çalışır, ancaq Putinin diqqətini Qarabağda müharibə kimi “baha qiymətə cəlb etmək” istəməz.



“Rusiyanın isə mövqeyi aydındır - bizə Zaqafqaziyada (Cənubi Qafqaz-red.) heç bir müharibə lazım deyil. Və eynilə belə müharibə ilə hədələyərək Rusiyanı şantaj etmək də yolverilməzdir, hansı ki, xarici oyunçular buna stavka edir. Göstərmək istəyirlər ki, Rusiya Ermənistanı dəstəkləsə, Azərbaycan Qərbə meyl edəcək, bitərəf qalsa, Ermənistan Rusiyanın təsirindən çıxacaq. Bu primitiv hesablamalar çoxdan aydındır və faydasızdır. Rusiyanın siyasəti məhz bundan ibarətdir ki, Qarabağ məsələsinin üçüncü qüvvələr tərəfindən istifadə edilməsinə yol verməsin. Hazırda Azərbaycan və Ermənistan bütün yollarla atəşin dayandırılmasına və sülhə məcbur edilməlidir, hansı ki, Kreml elə bununla məşğuldur. Rusiyanın tərəflərə təsir imkanları bunun üçün artıqlaması ilə bəs edir. Qarabağ məsələsinin həlli üçün isə zaman və Rusiyanın iştirakı lazımdır” - müəllif sanki Kreml strateqlərinin düşüncələrini ifadə edirmiş kimi bildirir.


Bəs, Rusiya nə vaxt bu münaqişəni həll etmək fikrinə düşəcək? Münaqişəni daha nə qədər bu cür dondurulmuş vəziyyətdə saxlayacaq? Məqalə müəllifinə görə, Rusiya gec-tez bu işlə məşğul olacaq, ərazilərin “mübadiləsi”, kompromislər, qaçqınların qayıtması məsələsinin həlli, əlbəttə ki, Rusiyanın nəzarəti altında və təhlükəsizlik təminatı ilə baş verəcək. Bunun üçün isə postsovet respublikalarında hərbi, iqtisadi baxımdan reinteqasiya prosesləri dərinləşməli, hər iki respublikanın Moskvaya etimadı artmalıdır. Başqa sözlə, müəllif eyham edir ki, Moskva Qarabağ münaqişəsinin həlli ilə Azərbaycanın və digər keçmiş sovet respublikalarının təzədən Rusiyanın hərbi-iqtisadi orbitinə qayıtmasından sonra məşğul ola bilər...



***

Rusiyalı analitiklərin qeydlərindən belə qənaət hasil olur ki, Kreml bu il də “Qarabağ açarı”nı öz əlində möhkəm saxlamaq niyyətindədir. Lakin bu “açar”dan nəhayət, onun istifadə edib-etməyəcəyi bəlli deyil.

Bir şeyi əminliklə söyləmək olar ki, bu il Rusiya konfliktin həllində hansısa irəliləyişə zəmin yaratmaq zorundadır. Əks halda, situasiya onun əleyhinə inkişaf edə, ən azından lokal hərbi əməliyyatlar intensivləşə bilər. Çünki Moskva sonsuz şəkildə və sırf öz maraqları naminə tərəfləri atəşkəsə məcbur edə, Azərbaycan ərazilərinin işğal altında qalmasını iqnor edə bilməz. Yəni, Qarabağda sülh, yoxsa müharibə qərarını istəsə də, istəməsə də, faktiki şəkildə Kreml verəcək.

Analitik xidmət
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.