Türkiyədə 15 iyul çevriliş cəhdi sonrası ölkənin xarici işlər naziri ilə telefon əlaqəsi saxlamış xarici nümayəndələrin adı açıqlanıb. Azərbaycan24 xəbər verir ki, qiyamın başladığı andan sonra ilk 24 saat ərzində əlaqə saxlanılmış nümayəndələrin siyahısında əksər təmsilçilər siyasi post tutan şəxslər və Mövlud Çavuşoğlunun həmkarları olsa da bir məqam xüsusi diqqət çəkir. Adlar arasında Azərbaycanın xarici işlər naziri ilə yanaşı Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ismi də yer alıb. Bütün digər şəxslərin xarici işlər nazirləri olduğunu nəzərə alsaq Elmar Məmmədyarovun həmkarı ilə əlaqə saxlamasında qeyri-adi heç nə yoxdur.
Lakin siyahıda yeganə bir faktiki güc nazirliyi və fəaliyyəti siyasi proseslərə aid olmayan qurum məhz Azərbaycan FHN-dir. Kəmaləddin Heydərovun Azərbaycanda nazir postundan əlavə çox önəmli bir şəxs olması heç kimə sirr deyil. Məhz Türkiyədə çevriliş cəhdi zamanı Azərbaycanın qardaş ölkəyə onun vasitəsilə dəstək təklif etməsi və ya dəstək göndərməsi də istisna olunmur.
Qeyd edək ki, məhz həmin vaxtda Azərbaycanın qardaş ölkəyə qiyama qarşı mübarizə üçün dəstək qüvvələri göndərməsi barədə məlumatlar yayılmışdı. Rəsmi təsdiqi olmayan bu məlumatlarda Azərbaycanın Türkiyəyə gecə ilə xüsusi qüvvələr göndərməsi və bunun tez həyata keçirilməsi üçün ilk növbədə Naxçıvandakı imkanlardan istifadə edildiyi iddia olunurdu. Lakin bu məlumatlar indiyə qədər heç bir rəsmi təsdiqlə doğrulanmayıb.