"Maliyyə naziri Samir Şərifovla bağlı İlham Əliyevə məruzə edilib; nazir istefaya göndərilir: onun bütün adamları banklardan qovulur; yaxın günlərdə nazirlə bağlı araşdırmalar başlaya bilər, onun istefaya getməsindən sonra barəsində cinayət işinin açılacağı iddia olunur..."
Ötən ay maliyyə naziri Samir Şərifovun kurasiyasında olan bankı kimi tanınan "Azər-Türk Bank”da bir neçə gün əvvəl qəfil yoxlamalar başladı. Bu yoxlamaların nəticəsi isə hələ də cəmiyyətdən gizli saxlanılır. Hətta ötən ayın əvvəllərində mediada yayılan məlumatlarda deyilirdi ki, Hesablama Palatası bankdan külli-miqdarda pul yayındırılması, eləcə də bankın "qara bazar”a dollar çıxarması barədə ciddi faktlar əldə edib və bununla bağlı ölkə rəhbərliyinə müraciət edib.
Məlumatda deyilirdi ki, faktların araşdırılmasına da məhz prezident İlham Əliyevin tapşırığı ilə başlanılıb. Məhz ona məruzə edilikdən sonra belə bir qərar verilib. Sensasiya doğuracaq məqam ondan ibarət idi ki, Hesablama Palatasının "Azər-Türk Bank”da təxminən 128 milyon manatın "yoxa çıxdığını” üzə çıxardığı iddia olunurdu.
Qeyd edək ki, Beynəlxalq Bank qalmaqalı üzə çıxdıqdan sonra maliyyə naziri də hədəfə gəlmişdi. Amma nazir bütün məsuliyyəti bank rəhbəri Cahangir Hacıyevin üzərinə qoyaraq, məsuliyyətdən yayındı.
Arqument.Az-a daxil olan məlumata görə, son günlər maliyyə maxinasiyaları və milyonların "yoxa çıxması", eləcə də məhkəmələrdə adı hallandırıldığından dolayı Samir Şərifovun fəaliyyəti ciddi nəzarətə götürülüb. Hətta onunla bağlı ölkə başçısına məruzə də edilib. Nazirin yaxın adamları isə bir-bir bank sistemindən uzaqlaşdırılır və məlumatlar mediadan gizli saxlanılır.
Mənbə idddia edir ki, yaxın günlərdə nazirin istefaya göndəriləcəyi və barəsində cinayət işinin açılacağı da istisna edilmir. Onun Cahangir Hacıyev və sabiq MTN şefi Eldar Mahmudovla işbirliyi, lakin sonradan onları sataraq kənarda qalması hakimiyyətdəki əsas kalnalardan birinin diqqətindən yayınmayıb. Ona görə də samir Şərifovun bu dəfə vəziyyətdən çıxış yolu yoxdur, yəni nazirin xilası mümkün deyil...
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.