“Samir Şərifov xalq qarşısında edam edilməlidir”

14-01-2017, 21:35   


Ölkədə aparılan iqtisadi-sosial islahatlar nəticəsində Prezident İlham Əliyevin iştirakı ilə regionlarda bir sıra zavodların, fabriklərin və digər istehsal müəssisələrinin açılışı olur. Lakin bir müddətdən sonra həmin istehsal müəssisələri bağlanır. Bu müəssisələrin bağlanması hansı səbəbdən baş verir? Açığını desək, bu məsələ heç də ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bir çoxları bunu Prezidentə qarşı bir sıra məmurların sabotajı olduğunu, digərləri isə “5-ci kolon”un atdığı addım kimi qiymətləndirirlər. Əsas məqsəd isə Prezident İlham Əliyevlə xalq arasında “uçurum” yaratmaqdır.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Prezident İlham Əliyev ölkədə böyük işlər görür. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi islahatlar bundan sonra da davam edəcək:

“Ancaq hakimiyyət daxili qruplaşmalar çalışırlar ki, Prezidentin gördüyü işlərin üzərindən, belə demək mümkünsə, qara pərdə çəksinlər və xalq bunu görməsin. Açığını deyim ki, İlham Əliyevin açılışını etdiyi istehsal müəssisələrinin bir müddət sonra bağlanması xalqda böyük narazılıq yaradır. Bununla da Prezidentlə xalq arasında inamsızlıq yaratmağa çalışırlar. Bu, ideoloji baxımdan çox ciddi məsələdir və bunu da düşünülmüş şəkildə edirlər. Məcburi köçkünlərə evlər verilir və dövlət başçısı açılışa gedir. Təsəvvür edin ki, o evlərdən birinə hardansa mebel gətirirlər və Prezident həmin evdə olur, bir stəkan çay içir, oradan uzaqlaşan kimi gəlib, mebelləri yığıb aparırlar. Bu cür mənəvi əxlaqsızlıq olmaz. Bizə bu faktı məcburi köçkünlər deyib.

Yaxud da, götürək İsmayıllıdakı velosiped zavodunun açılışını… Prezident Şamaxıdan bəri keçməmiş həmin zavodu bağladılar. Bu nə mənəviyyatsızlıq, qardaşım İlham Əliyevə nə xəyanətdir? Xalq da bunu görüb deyir ki, dövlət başçısı məmurların öhdəsindən gələ bilmir. Bunu xalq deyir, nə mənim kəşfimdir, nə də ideoloji baxışımdır. Amma nə etmək olar ki, müəyyən dairələrdə olan “5-ci kolon”un nümayəndələri, o cümlədən Prezidentə üzdə bir, arxada başqa söz deyənlərin hamısı bu yoldadır”.

H. Hacıyevin sözlərinə görə, təxminən iki ay əvvəl Prezident fərmanı ilə Göygöl rayonunda 8 milyon manata başa gələn Süni Mayalanma Mərkəzi açıldı:

“Bu mərkəzi iki dağın arasında, yöndəmsiz bir yerdə tikiblər. Çalışırdılar ki, Prezidenti də buranın açılışına aparsınlar. 8 milyonu oğurlayıb, Bakıda özünə villalar tikdirən kənd təsərrüfatı naziri özü həmin mərkəzin açılışını etdi. İndi soruşun görək, həmin Süni Mayalanma Mərkəzinin direktoru katibəsindən başqa kimi mayalandırır? Əlbəttə, heç kimi və heç nəyi. Bunu qətiyyətlə deyirəm və sübut etməyə də hazıram.

Həmçinin rayonlarda süd zavodları açırlar, onların qarşısında bir nəfər belə yoxdur. Onda bu, nəyə lazım idi, milyardlarla pulu ora niyə tökürdünüz?

Qeyd etdiyim kimi bir sıra məmurlar çalışırlar ki, Prezidenti xalqın içərisində nüfuzdan salsınlar. Mən də buna qarşı mübarizə aparıram. Ona görə də mənə təzyiqlər var. Deyirlər ki, sən də hamı kimi ol. Belə olmaz. Qarşıdan prezident seçkiləri gəlir, 2017-ci ilin yarısından ideoloji təbliğata başlamaq lazımdır. Bu vəziyyətdə hansı vətəndaşı inandıra bilərik ki, gəl bizə səs ver. Onu da deyim ki, bu proseslərin başında hakimiyyət daxilində olan və anti-Əliyev koalisiyasında birləşən insanlar durur”.

Partiya sədri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə alüminium zavodunun işləməməsindən də bəhs edib:
“Hələ işləməyən zavod üçün əlavə bir korpus da tikdilər. Bura milyardlarla pul xərcləndi. Əgər bu zavod işləməyəcəkdisə, o qədər xərcə nə ehtiyac vardı?

Gəncə ilə bağlı bir faktı da qeyd edim. Bakı-Gəncə aviareysini dayandırıblar. Bu, analoqu olmayan bir məsələdir. Gəncədə hardasa yarım milyondan artıq, o cümlədən ətraf rayonların da əhalisi var, xaricdən turistlər gəlir. İndi nədir, Cahangir Əsgərovun ərköyünlüyü tutub? Təyyarə Gəncəyə boş gedir, amma qiymətlər 60, 70, 80 manatdır. İndi də Gəncəyə uçuşu dayandırıblar, əhalini narazı salıblar. Deyək ki, xaricdən turist gəlib, Göygölə getmək istəyir. Bunu düşünən yoxdur, hərə özünün bildiyi şəkildə bu ölkəni idarə etmək istəyir. Dəfələrlə qardaşıma demişəm ki, vaxtı ilə dədəmiz Heydər Əliyevə xəyanət edən adamlar bu gün sənin ətrafındadır. Xəyanətin qaşı-gözü olmur ki? Prezidentin açılış etdiyi obyekti bir saatdan sonra baxlamaq xəyanət deyilmi? Ona görə də düşünürəm ki, Prezidentin ətrafındakı insanlarla heç bir iqtisadi islahatlar aparılmayacaq. Onlar ölkə başçısına yalan məlumatlar verirlər. Bilirsiniz, bu vətən bizimdir və hamımız yalan danışsaq, qisas hissi ilə yaşasaq, o zaman vətənimizi itirəcəyik. Ona görə də bir yumruq kimi Prezidentin ətrafında sıx olmalıyıq”.

H. Hacıyev indiki zamanda ölkədə milli valyuta ilə bağlı yaranmış problemə diqqət çəkərək deyib ki, bu məsələdə Mərkəzi Bank rəhbərliyinin bir o qədər günahı yoxdur:

“Bu gün Azərbaycan dövlətinin xəzinədarı maliyyə naziri Samir Şərifovdur. Yadınızdadırsa, o, vaxtı ilə qara bazarda dollar satırdı. Bu adam həmin ideyadan kənara çıxa bilməyib. Samir Şərifov manatı öldürdü və Azərbaycan xalqını bəlaya saldı. Bu günlərdə şahidi oldunuz ki, hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində Samir Şərifovun bankdakı adamı vasitəsilə qara bazara dollar ötürdüyü üzə çıxdı. Keçmiş bankir Cahangir Hacıyev məhkəmədə əbəs yerə demədi ki, 8 milyard dolların taleyinə qoy Samir Şərifov aydınlıq gətirsin. Bu adam yalan danışa-danışa xalqı Prezidentin üzərinə qaldırır. Camaat bu gün küçəyə çıxası deyil ki? Millətin içində kin-küdurət var. Manatı nəyə görə üzən məzənnəyə keçirirsən? Samir Şərifov bütün bunların hamısını qəsdən edir. O, Qərbin siyasi dairələrinə bağlı bir insandır və xaricdən Azərbaycanda xalqı əziz qardaşımla üz-üzə qoymaq üçün təlimatlar alır. Bunun da bir yolu var: dolları qaldırıb, manatı öldürməklə xalq arasında böyük narazılıq yaratmaq… Mən də bunu deyəndə hakimiyyətdəki bəzi adamlar qardaşıma gedib deyir ki, Hafiz Hacıyevə vəzifə verməmisən, o da belə danışır. Hafiz Hacıyev dollar tanımır ki? Bu gün dollar kəllə-çarxa qalxıb. Məgər Samir Şərifovun bundan xəbəri yoxdurmu? Bacarmırsan istefa ver get, səni gətirib prezident edəsi deyilik ki? Azərbaycanın Prezidenti və onun da mənim kimi qardaşı var. Gecə-gündüz ideoloji səngərlərdə onu müdafiə etmək üçün əlimdə qələm mübarizə aparıram. Hesab edirəm ki, Samir Şərifov istefa verməlidir və onun keçmişi, xüsusilə Qərb siyasi dairələri ilə əlaqələri yoxlanılmalıdır. Günahları sübut edildikdən sonra xalq qarşısında edam olunmalıdır”.



BƏXTİYAR
Yeniçağ.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.