“Özümü, əzizlərimin ruhunu təhqir olunmuş sayıram”
17 Yanvar 2017 18:30 Print Email
bina-yangin-19may20152015-ci ilin mayında Azadlıq prospektində yaşayış binasında 15 nəfərin ölümünə səbəb olmuş yanğınla bağlı yarım ildən çoxdur gedən məhkəmə yekunlaşır. Bu hadisə ilə bağlı araşdırmalardan nə yanğından zərərçəkənlər razı qalıb, nə də cinayət məsuliyyətinə cəlb olunanlar.
“Bu iş yenidən istintaqa qaytarılsın”
Məsələn, hadisədə bacı-qardaşını itirmiş zərərçəkən Feyzulla Bağırov yanvarın 17-də məhkəmədə deyib ki, özünü də, əzizlərinin ruhunu da təhqir olunmuş sayır. Çünki bu hadisə doğru-düzgün araşdırılmadı, həqiqət ortaya çıxarılmadı. O, işin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib:
“Mən özümü, əzizlərimin ruhunu təhqir olunmuş sayıram. 7-8 nəfəri yığıblar bura ki, bunlar günahkardılar, nə bilim faşistdilər, güllələnməlidilər… Qardaş, tapın görək ki, bu binanı kim yandırdı. O yanğınla bağlı müəyyən versiyalar var, onların hamısı araşdırılmalı idi. Niyə araşdırılmadı? Zərərçəkmişlərdən məhkəmədə ən çox iştirak eləyən mənəm, o birilər gəlmədilər. Ola bilsin ki, məhkəməyə inanmırlar. Amma mən yenə də inanıram. İnanıram ki, Ali Məhkəmədə – Cənabi Haqqın hüzurunda hər şey aydın olacaq. Sizdən dəfələrlə xahiş edirəm, bu işin istintaqının düzgün aparılmaması haqda qərar çıxarasız. Həmçinin işin yenidən araşdırılması üçün onu yenidən istintaqa qaytarasız”.
“Hər cür vasitəyə əl atırlar”
Zərərçəkmiş iddia edib ki, yanğından sonra evdə qarət olub. Feyzulla Bağırov Binəqədi Rayon İcra Hakimiyyətini buna şərait yaratmaqda suçlayıb: “Yanğın günü əzizlərimi morqda tapdım. Sonra evə daxil olmaq istədim, bizi buraxmadılar, dedilər ki, olmaz, komissiya işləyir. Üç gün ərzində evə gedə bilmədim. Çünki ertəsi gün əzizlərimi dəfn elədim, ardınca onların üç mərasimini verdim. İcra hakimiyyətindən gəldilər, onları yaxın buraxmadım. Dedim ki, dövlətli deyiləm, amma öz əzizlərimi yerdən götürməyə gücüm çatar.
Rəhmətə gedənlərin yaxınları, dostları binanın qarşısına gül qoyub onları yad eləmək, anım mərasimi keçirmək istədilər. Binəqədi Rayon İcra Hakimiyyəti hər cür vasitələrlə onlara maneçilik törətdi. Hətta yolları qazdılar ki, insanlar gəlməsin. Bu da onu göstərir ki, həmin hadisəni insanların beynindən silmək üçün hər cür vasitəyə əl atırlar. Amma mən bunu unutmayacam”.
16 mərtəbəli binanı bir siqaret kötüyü yandırıb?
Təqsirləndirilən şəxslərdən binanı üzləmiş “Global Construction” və həmin üzlükləri istehsal edən “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkiliİlhamə Həsənova da bu gün müdafiə çıxışında iddia edib ki, bina qəsdən yandırılıb. Vəkilin sözlərinə görə, Miryusif Mahmudovu da həbs eləmək kimlərinsə maraqlarına uyğun olduğuna görə bunu həyata keçiriblər. Vəkil deyir ki, yanğından bir müddət öncə MTN əməkdaşları Miryusif Mahmudovdan 300 min pul tələb edib: “İstintaq belə nəticəyə gəlib ki, binaya bitişik tikilinin üstündə zibil olub, kiminsə ora təsadüfən atdığı siqaret kötüyü zibili tüstüləndirib, bu tüstülənmə də binanın poliuretan üzlüyünə keçib və bina yanıb. Bu fərziyə məhkəmədə təsdiqini tapmadı. Bununla da ittiham tərəfi “kim yandırdı, niyə yandırdı, necə yandırdı” məsələsini bir tərəfə qoyub araşdırmadı. Hadisədən bir müddət əvvəl MTN əməkdaşlarının Miryusif Mahmudovdan 300 min tələb etməsi, bu rüşvəti tam almayanda şirkətin üzlədiyi, Azərbaycan Veteranlar Təşkilatının yerləşdiyi binada mayın 16-da yanğın törətməyə cəhd göstərilməsi, mayın 19-da Azadlıq prospektindəki yanğın və bu yanğın başlayandan cəmi 40 dəqiqə sonra MTN əməkdaşlarının Miryusif Mahmudovun ofisinə basqın edib, onu həbs eləməsi, nəhayət, mayın 24-də Gəncədə Dədə Qorqud 2 ünvanındakı binada əllərində kerosin kanistri olan 2 nəfərin yaxalanması çox şeydən xəbər verir. Bütün bunlar Miryusif Mahmudovun həbsinin də sifariş olduğunu göstərir. Bina sakinlərindən biri də həmin gün əlinin üstündə döymə olan, kimliyi bilinməyən 16-cı meyiti gördüyünü dedi. Üstəlik, sakinlər bildirdilər ki, binaya bitişik tikilinin üstündə heç vaxt zibil olmayıb”.
Müdafiəçinin fikrincə, Miryusif Mahmudova qarşı planın gerçəkləşməsində mediadan istifadə olunub: “Yanğın baş verəndən sonra ilk xəbəri “ANS” yaydı ki, Azadlıq prospektindəki hadisənin səbəbi poliuretan üzlüklər olub. Yəni bu məsələdə mətbuatın gücündən istifadə edildi. Medianın gücü hamıya məlumdur, əgər bütün mətbuat xəbər yaysa ki, “İlhamə Həsənova “Sadval”ın üzvüdü, Ağır Cinayətlər Məhkəməsini partlatmaq istəyib”, cəmiyyət də buna inanacaq”.
“15 nəfərin meyitinin üstündən keçib…”
Vəkil bildirib ki, hadisə günü prezidentin keçirdiyi müşavirədə bu binalarda üzləmə işlərinin müqaviləsiz, layihə-smeta sənədləri olmadan gerçəkləşməsi barədə dövlət başçısına verilən məlumatlar həqiqətə uyğun deyil: “Məhkəmədə də bəlli oldu ki, işlər müqavilə və smeta sənədləri əsasında həyata keçirilib”.
İlhamə Həsənova çıxışının sonunda deyib ki, bu hadisəyə görə Miryusif Mahmudovun mühakimə olunması, nəinki onun özünə, hətta bütün cəmiyyətə, həyatını itirənlərə və onların doğmalarına qarşı ədalətsizlikdir:
“Təki kimsə cəza alsın, deyək ki, bu hadisə araşdırıldı” məntiqi ilə yanaşılmamalıdı. “Qanun” adı altında belə bir ədalətsizliyə yol verməməliyik. Hesab edirəm ki, 15 nəfərin meyitinin üstündən keçib Miryusif Mahmudovu həbs etdirmək vicdansızlıqdı”.
Xatırlatma
Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, “Global Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilməyib.
Prokuror təqsirləndirilən şəxslərə 5 ildən 10 ilə qədər həbs cəzası istəyib.