Son günlər dünya üçün bir nömrəli müzakirə mövzusu ABŞ-da Donald Tramp dövrünün başlanması, yeni administrasiyanın dünyaya və ölkəsinə nələr qazandıracağı barədədir. Azərbaycan da dünyanın bir hissəsi kimi, təbii ki, prosesləri həssaslıqla izləyir. Ancaq bu dönəmdə bizləri narahat edən əsas məsələ şimal qonşumuzdan verilən təhdidli bəyanat oldu. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində Tramp dönəmi və Lavrovun anti-Azərbaycan mövqeyi barədə kifayət qədər maraqlı fikirlər söylədi:
- Əslinə qalsa, yarandığı, dünya meydanına çıxdığı gündən ABŞ-da yalnız daxili problemlərlə məşğul olmaq ənənəsi, təcrübəsi və siyasəti həmişə çox güclü olub. Faktiki olaraq 20-ci əsrin əvvələrində ABŞ iqtisadi cəhətdən dünyada hegemon dövlətə çevrilmişdi, ancaq dünya siyasətinə, demək olar ki, qarışmırdı, Avropanın, Asiyanın daxili işlərinə müdaxilə etmirdi.
O dərəcəyə çatmışdı ki, Avropa ölkələri ABŞ-a müraciət edirdilər ki, sizin dünyada qlobal rol oynamağa haqqınız var, vaxt da yetişib, elə isə niyə dünya problemləri ilə məşğul olmursunuz? Bu, ABŞ siyasətində aparıcı xətt idi. Sonra bu xətt 1-ci Dünya müharibəsi dövründə dəyişməyə başladı, İkinci Dünya müharibəsi zamanı daha da gücləndi və ABŞ qlobal problemlərdə aparıcı ölkəyə çevrildi. Əvvəlcə SSRİ ilə rəqabət aparırdı, imperiya dağılandan sonra isə hətta birqütblü dünya konsepsiyası meydana gəldi. Son illərdə ABŞ-da bu məsələlərlə bağlı ciddi narazılıqlar yaranmışdı. Narazılıq ondan idi ki, ABŞ qlobal rol oynaya-oynaya öz iqtisadiyyatında özünə problemlər yaşadır.
ABŞ çoxsaylı ölkələrin dirçəlməsində əsas aparıcı rol oynayır, müxtəlif ölkələrin iqtisadiyyatına böyük yatırımlar qoyur, ancaq məsələn, Çin gəlib Avropaya, Amerikaya meydan oxuyur, bir çox iqtisadi məsələlərdə onu üstələyir. Digər tərəfdən, Avropa Birliyi son 15-20 ildə iqtisadi qurum kimi çox güclənmişdi, Amerika, Çin və Avropa Birliyindən ibarət iqtisadi üçbucaq yaranmışdı. Eyni zamanda konfliktlərin həllində də ABŞ-ın öz səhvləri ucbatından, ya da obyektiv səbəblərdən ciddi problemlər yaşandı. İraq əməliyyatı yanlış bir əməliyyat kimi qəbul olundu. Nə Əfqanıstan, nə də Suriyaya müdaxilələr istənilən nəticələri vermədi.
Bütün bu iqtisadi və beynəlxalq problemlərdə yaranan narazılıqlar axırda Tramp fenemonini ortalığa gətirdi. Trampın indi bəyan etdiyi şüarlar daha çox 20-ci əsrin əvvəlindəki ABŞ-ı xatırladır ki, biz ilk növbədə daxili problemlərimizlə məşğul olmalıyıq. Artıq ABŞ elə bir dünya düzənini, elə bir mərhələni yaşayır ki, bu ölkə yalnız daxili problemlərlə məşğul ola bilməyəcək.
Trampın çıxışı çox ənənəvi çıxış idi. Elə bil ki, seçkiqabağı kampaniyada çıxış edirdi. Ancaq ondan daha önəmlisi odur ki, bu günlərdə Ağ Evin saytında Tramp administrasiyasının prioritetləri sadalanıb. Biz görürük ki, orada çox ciddi beynəlxalq məsələlər var. Orada Rusiya ilə dil tapmağa mane olacaq Çin və İran problemləri prioritet sayılır. Rusiya həm Çin, həm İranla çox sıx hərbi-strateji və siyasi tərəfdaşlıq həyata keçirir. Tramp administrasiyası Amerikanın daxilində neft və qaz hasilatını məhdudlaşdıran qanunları ləğv etmək istəyir. Bu, o deməkdir ki, ABŞ dünya bazarına aparıcı neft hasilatçısı olan ölkə kimi çıxacaq. Bu da Rusiyanın maraqlarına ziddir. Əgər bu sanksiyalar davam etsə, Rusiyanın ehtiyatları artıq iki ilə tam tükənməyə başlayacaq.
- Trampın and içməsindən bir neçə dəqiqə sonra Ağ Ev administrasiyasının Çinlə bağlı bəyanat verməsi də, yəqin, təsadüf deyildi...
- Təbii ki. Əslində Tramp Barak Obamanın xarici siyasətini tənqid edəndə dediklərinin mahiyyəti ondan ibarət idi ki, bizim əsas rəqibimiz Çindir, sizsə Rusiya ilə dava aparırsınız, amma onunla da bacarmırsınız. Ona görə də Trampın xarici siyasətlə bağlı bəyanatları indi həm Avropa, həm də dünya siyasətçilərini çaş-baş salıb. O cümlədən Rusiyada birmənalı mövqe yox olub. Onlarda da Tramp eyforiyası artıq bitmək üzrədir. Onlar yeni administrasiyanın açıqlamalarını oxuyurlar və başa düşürlər ki, onunla nə Çin, nə İranla bağlı razılığa gələcəklər. Üstəlik, görürlər ki, yeni hakimiyyət raketdən müdafiə sisteminin gücləndirilməsi, hərbi donanmanın yenidən qurulması, hərbi sənaye kompleksinə külli miqdarda yatırım qoymağı fikirləşir.
Rusiyada da müstəqil düşünən ekspertlər deyirlər ki, bu məsələlər Rusiya üçün ciddi problemlər yaradacaq. Trampın Avropa haqqında dedikləri də böyük narahatlıq doğurur. Ona görə indi bütün dünya gözləmə mövqeyindədir ki, seçkiqabağı şüarlar reallığa çevriləcək, yoxsa Trampın komandasında yer almış adamlar öz “şef”inə təsir edib bu siyasəti korrektə edəcəklər. Bu sualların cavabını hələ heç kim-nə Moskva, nə Brüssel, nə də Pekin bilmir. Ola bilsin ki, Trampın özü də yalnız işə başlayandan sonra və komandası ilə addımlarını müzakirə etdikdən sonra mitinqlərdə dediklərinə aydınlıq gətirəcək.
“Sözsüz ki, mən Lavrovu erməni lobbisinin tərkib hissəsi sayıram”
- Eldar bəy, icazənizlə digər ciddi məsələdən danışaq. Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycanla bağlı təhdidli mövqeyini siz necə şərh edirsiniz?
- Sözsüz ki, mən Lavrovun etnik mənsubiyyətini və bundan əvvəlki bəyanatlarını nəzəra alaraq, onu erməni lobbisinin tərkib hissəsi sayıram. Lavrovun bəyanatında bizi narahat edən çox ciddi məqamlar var idi. Ancaq eyni zamanda məni təəccübləndirən məqam başqadır. Şəxsən mən onun dediyi Qarabağ məsələsinin Azərbaycanın daxili işi olmaması ilə bağlı hissəni o qədər də vacib saymadım. Orada Azərbaycanın maraqlarının əleyhinə olan daha vacib məsələlər və real, obyektiv təhlildən uzaq olan təxribatçı ifadələr var idi. Gəlin əvvəlcə “Qarabağ Azərbaycanın daxili işi deyil” məsələsinə baxaq.
Məni təəccübləndirən odur ki, axı, biz uzun atəşkəs imzalanandan sonrakı 23 ildə bütün dünyanı inandırmağa çalışırıq ki, Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. O mənada ki, bir ölkə digərinə təcavüz edib. Əgər bir ölkə digərinin torpaqlarını işğal edibsə, burada “daxili işimizdir” ifadəsi o qədər də yerinə düşmür. Əslinə qalsa, erməni tərəfi 23 ildir dünyaya car çəkir ki, Qarabağ Azərbaycanın daxili işidir, qoy Bakı qondarma “Dağılıq Qarabağ Respublikası”nın rəhbərləri ilə danışıqlar aparsın, bizim bu danışıqlarda iştirakımız düzgün deyil və biz tərəf deyilik.
Biz isə bütün dünyanı inandırmağa çalışırıq ki, Azərbaycanın 20 faiz torpaqlarını Qarabağ erməniləri yox, Ermənistan dövləti işğal edib. Əslinə qalsa, dünya ictimaiyyəti bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyib, bildirib ki, danışıqlar Azərbaycanla Ermənistan arasında keçirilməlidir. Yalnız Ermənistan işğala son qoyandan sonra Azərbaycan artıq Dağlıq Qarabağdakı erməni icması ilə danışıqlar apara bilər. Onda biz bunu daxili işimiz sayacağıq. Biz BMT Nizamnaməsinə istinad edirik ki, Azərbaycan güc tətbiq edərək torpaqlarını azad edə bilər. Biz dövlətin təcavüzə qarşı özünümüdafiəsi ilə bağlı maddəyə istinad edirik.
Ermənistan qoşunlarının Azərbaycan ərazisində olduğunu gizlətməyə çalışırdı, ancaq gizlədə bilmədi, bu, mümkün də deyil. Çünki hərbi insidentlər zamanı erməni tərəfdən həlak olan hər 10 nəfərdən azı 8-i Ermənistan vətəndaşı çıxır, onları aparıb Ermənistanda dəfn edirlər. Bütün dünya da torpaqları Ermənistanın işğal etdiyini bilir. Onu da qeyd edim ki, bizim jurnalistin Lavrova verdiyi sualda antiterror əməliyyatı ilə bağlı məqam məni təəccübləndirdi. Azərbaycan torpaqlarını hansısa terror şəbəkəsi işğal etməyib. İşğal olunmuş ərazilərdə on minlərlə hərbçi, yüzlərlə tanklar, BTR-lər dayanır, Ermənistan ordusunun böyük hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindədir. Biz orada antiterrror əməliyyatı yox, işğalçı ordunu çıxartmaq üçün hərbi əməliyyat keçirəcəyik. Bütün bunları nəzərə almaq lazımdır. Ancaq Lavrovun Azərbaycana qarşı erməni təsirindən irəli gələn daha ciddi məqamlar oldu.
- Hansılardır onlar?
- Birincisi, Lavrov qeyd etdi ki, guya BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri atəşkəs rejimini tələb edib və bəziləri buna əməl etməyib. Bu, ağ yalandır! BMT qətnamələrində atəşkəs haqqında sözlər var idi, ancaq onların məğzi belə idi ki, Azərbaycan torpaqları işğal olunub və işğalçı dövlət qeyd-şərtsiz ordan qoşunlarını çıxartmalıdır! Lavrovsa bunları demir, BMT TŞ qətnamələrini təhrif edir ki, orada yalnız atəşkəsdən söhbət gedib. Bizimçün ikinci önəmli məsələ odur ki, Lavrov qeyd edir ki, torpaqlar azad olunmalıdır. Ancaq bunun ardınca deyir ki, eyni zamanda da Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. Halbuki bu yaxınlarda hətta Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da qeyd etmişdi ki, Rusiya Qarabağla bağlı təkliflərini verib, orada rayonların qaytarılması məsələsi var və status məsələsi sonra həll olunmalıdır. Ermənistanın özündə də böyük hay-küy qopmuşdu ki, Rusiyanın “aprel müharibəsi”ndən sonrakı təklifi məhz mərhələli plan təklifidir. Yəni status məsələsi indi müzakirə oluna bilməz. İndi hansı səbəbdən Rusiya XİN rəhbəri məhz torpaqların azad olunması ilə status məsələsini eyni vaxtda həllini irəli sürür? Bizi narahat edən bax, budur! Bu adam BMT TŞ-nin qətnamələrində torpaqların qeyri-şərtsiz azad olunması tələbini də danır.
- Lavrov Putinin sözünü dedi, Kremlin planlarının anonsunu verdi, yoxsa sadəcə, milli kimliyinin nümayişi idi?
- Biz yuxarıda ABŞ-ın yeni administrasiyası haqqında danışdıq. Trampın hansı siyasət yürüdəcəyi Rusiyaya da hələ axıra kimi bəlli deyil. Mümkündür ki, onlar bir neçə variantlar hazırlayıblar. Ola bilsin, Tramp Rusiyanın istəyinə uyğun olaraq desin ki, gəlin dünyanı təsir dairələrinə bölək, Qafqaz, Ukrayna, ya başqa yerdə ABŞ-ın marağı yoxdur, o bölgələrdəki problemlərin həlli ilə Rusiya məşğul olsun. Rusların da arzusu budur ki, dünyanın bölünməsi ilə bağlı yeni Yalta sazişi imzalansın. Əgər Tramp bu xətti seçsə, Avropa qitəsində, Şərqi Avropada, Qafqazda çox ciddi problemlər yaranacaq. Onda Rusiya daha sərt siyasət yürüdəcək, daha sağ-soluna baxmayacaq. Yox, əgər yeni Yalta sazişi, yəni dünyanı təsirlərə bölmək ideyası reallaşmasa, ABŞ və Avropa bu bölgələrdə öz maraqlarını qorumağa başlasa, onda Rusiya başqa siyasət yürüdəcək. Mənə elə gəlir ki, Rusiya rəsmiləri yeni ABŞ administrasiyasının son qərarlarını gözləyir. Yəni dünyada gedən proseslərə hansı münasibət bəsləyəcəklər, Avropa Birliyi ilə münasibətləri necə olacaq, Ukrayna, Azərbaycan yeni administrasiyanın planlarında hansı yeri tutacaq, bunları gözləyirlər. Bu qərarlardan asılı olaraq Kreml də öz planlarını tutacaq. Ancaq hər halda Lavrovun bəyanatına, başqa erməni əsilli, ya da Ermənistanla bağlı olan rus siyasətçilər və ekspertlərin çıxışlarına qulaq asanda biz ən pis variantlara da hazır olmalıyıq və bu məsələlərdə çox diqqətli olmalıyıq.
- Eldar bəy, Azərbaycanın Tramp administrasiyası ilə əlaqələrini necə təsəvvür edirsiniz?
- Azərbaycanın yeni ABŞ administrasiyası ilə əlaqələr qurmaq imkanları var. Sirr deyil ki, bu yaxınlarda namizədliyi təsdiqlənən yeni dövlət katibi Azərbaycanda böyük layihələri həyata keçirib, Xəzər dənizindəki neft yataqları ilə bağlı sazişləri Bakıda imzalayıb, müəyyən əlaqələr var. Trampın özünün də Azərbaycanla müəyyən əlaqələri var. Eyni zamanda son dövrlərdə Rusiyanın həm Türkiyə, həm Azərbaycanla tərəfdaşlıq münasibətləri qurmaq meyilləri də var idi. Buna mane olan erməni lobbisi də mövcuddur - Lavrov daxil olmaqla. Başqa Rusiya məmurları da var ki, Rusiya maraqlarından daha çox, əski vətənlərinin maraqlarını güdürlər. Yəni kifayət qədər mürəkkəb və təlatümlü dövr başlayır, təkcə Azərbaycan üçün yox, bütün dünya üçün. Söhbət yeni dünya düzəninin formalaşmasından gedir. Bu məsələlərdə bizimçün həm böyük təhlükələr var, həm də ki, xarici siyasətimizi düzgün qursaq, müəyyən üstünlüklər də əldə etməyimiz mümkündür...
Elşad PAŞASOY