Hüseyn Abdullayev böhrandan çıxış üçün çağırış etdi
Hazırda Almaniyada mühacir həyatı yaşayan keçmiş millət vəkili Hüseyn Abdullayev ölkəni düşdüyü iqtisadi fəlakətdən çıxarmaq üçün hakimiyyəti milli həmrəyliyə və qabiliyyətli iqtisadçılardan ibarət bir komanda formalaşdırmağa çağırıb.
H.Abdullayev bu barədə özünün feysbuk səhifəsində yazıb ki, indi hər birimizi düşündürən ən vacib məsələlərdən biri iqtisadiyyatımızın düşdüyü ağır vəziyyətindən nə vaxt və necə çıxa biləcəyidir. “Hazırkı mənzərə onu göstərir ki, böhranın bu cür dərinləşməsində əsas rol oynayan hakimiyyətin konkret addımlar atmaq əvəzinə, boş, primitiv və populist bəyanatlar verməsi, heç bir əməli tədbirlər görməməsidir”, – deyə keçmiş millət vəkili qeyd edib. Onun fikrincə, həm iqtidar, həm də müxalifət nümayəndələri bir araya gəlib, dərinləşməkdə olan böhrandan necə çıxmağın konkret strategiyasını müəyyənləşdirməlidilər. Əks halda, ictimai sabitliyin qorunması və daha dəhşətli xarakter daşıyacaq gözlənilən kriminogen vəziyyətin nəzarətdə saxlanması mümkün olmayacaq. “Təbii ki, bu təşəbbüs və siyasi iradəni xüsusi ilə iqtidar tərəfi göstərməlidir. Şəxsən mənim görmək istədiyim həmin nümayəndə heyəti yüksək qabiliyyətli, peşəkar və mənsub olduğu xalqın marağını hər şeydən uca və üstün tutan ciddi iqtisadçılardan ibarət olmalıdır. Belə bir komandanın yaradıldığı tədqirdə, Azərbaycandakı makro iqtisadi vəziyyət diqqətlə analiz edilməli və gərəkirsə hətta xaricdən belə, tanınmış mütəxəssislər cəlb edilməli və məhz onların monitorinqi altında çevik və təxirə salınmaz tədbirlər görülməlidir (mən öz növbəmdə aparıcı alman ekspertlərinin və tanınmış sənayeçi iş adamlarının bu proçesə cəlb olunmasına hər cür yardım göstərməyə hazıram)”, – deyə H.Abdullayev yazır.
Keçmiş millət vəkili daha sonra iqtisadi möcüzə yaratmağın Almaniya nümunəsini xatırladır: “Əgər tarixə yaxşı nəzər yetirsək, görərik ki, 2-ci Dünya Savaşından məğlub durumda çıxmış və hər qarışı dağıntılar altında qalmış o vaxtkı Almaniyanın durumu bizim indiki vəziyyətdən yaxşı deyildi. Amma baxın, bu gün Almaniya dünyanın ən güclü iqtisadiyyatlarından birinə sahib olmaqla yanaşı, möhtəşəm bir sənaye ölkəsinə çevrilmişdir. Alman şirkətləri orta hesabla hər il 1 trilyon 500 milyard avroluq məhsul ixrac edirlər. Fikrimi bu məqama gətirməkdə məqsədim, yenə də 2-ci Dünya Müharibəsində Xirosima – Naqasaki faciəsini yaşamış Yaponiyanın necə ”Alman təcrübəsi”dən istifadə etməsini və qısa bir sürədən sonra öz milli sənayesini yaradaraq, Asiya – Pasefik qitəsinin ən böyük iqtisadiyatlarından birinə sahib olmasını göstərməkdir. Mən mühacir statusu ilə yaşadığım Almaniyadakı tanışlarımla diskussiya apardıqda, eləcə də onların iqtisadiyyatının bu qədər uğurla inkişaf etməsinin sirrini öyrəndikdə, müsahiblərimin çoxu bu naliyyətlərə görə ölkənin Kansleri olmuş, əfsanəvi dövlət qurucusu Konrad Adenauerə borclu olduqlarını bildirirlər. Hətta ”Onu bizə Allah göndərdi” deməkdən belə çəkinmirlər. Bununla qürur duyurlar. Bu, Alman dövlətçiliyinə olan sevginin qürurudur. Bu Alman xalqının mənəvi istinad nöqtəsidir. Bəli, mən də bu fikirdəyəm ki, 3- cü Reyxin dağılmasından sonra Kansler seçilmiş dahi Adenauerin israrlı və prinsipial mövqeyi sayəsində yeni bir nəhəng Alman iqtisadiyyatı yaranıb. Bununla yanaşı milli gəlirlərin tən yarısı təhsil sisteminə qoyulmuş və beləliklə də Alman xalqının xoşbəxt və firəvan gələcəyi təmin olunmuşdur”.
H.Abdullayev sonda qeyd edir ki, ölkəmizi də özünəməxsus güclü və sağlam iqtisadiyyata sahib görmək hər bir azərbaycanlının arzusudur. O, dövləti gəmiyə bəznzədərək yazır ki, “indi bizim gəmi fors-major nəticəsində ağır zədəyə məruz qalıb və biz istəsək də, istəməsək də həmin gəmini təmir edib, öz yolumuza davam etməliyik”.