Vaşinqtonun qisasçı rejimi getdi, nələr dəyişəcək...; Rusiyanın nüfuzlu nəşrinə görə, Azərbaycan Qarabağ məsələsində ABŞ-ın daha aktiv roluna ümid edir; Ağ Evlə yeni əlaqələr Bakıya Rusiya amilinə qarşı paritet yaratmaq üçün də lazım ola bilər...
“Yanvarın 20-də Azərbaycanda 1990-cı ilin yanvar qurbanlarının xatirəsi yad edildi. Eyni gündə daha bir hadisə baş verdi, ABŞ-ın 45-ci prezidentinin inauqurasiyası oldu - hansı olaya ki, digərləri kimi, Azərbaycan ictimaiyyətinin də diqqəti cəlb olunmuşdu. İş ondadır ki, demokratların dönəmində Vaşinqtonla Bakı arasında əlaqələr Azərbaycan rəsmilərinin istəklərinə rəğmən, elə də ürəkaçan olmayıb. İndi isə ölkə rəhbərliyində pozitivə ümid yaranıb”.
Bu sözlər Rusiyanın nüfuzlu nəşrlərindən olan “Nezavisimaya qazeta”nın dünənki sayında getmiş “Əliyev Vaşinqtona kurs götürür” məqaləsindəndir. Məqalə müəllifinə görə, ötən illər tərəflər arasında zahiri sakit əlaqələr arxasında əslində Ağ Evin bundan əvvəlki administrasiyasının Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri gizlənib.
“Ancaq bütün bu cəhdlər prezident İlham Əliyevin müqaviməti və müstəqil siyasəti ilə üzləşib. Buna qarşılıq və qisas kimi, Vaşinqton da Azərbaycanda dəfələrlə özünün sevimli rəngli inqilablar taktikasına əl atıb” , - deyə qəzet ardınca qeyd edir.
Image result for İlham Əliyev
Məqalədə bu xüsusda daha sonra deyilir: “Bir neçə il öncə Milli Demokratiya İnstitutunun (NDİ) Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı Bakı ilə Vaşinqton arasında qalmaqal yaşanmışdı. O zaman hakimiyyət NDİ-ni ölkədə ”facebook inqilabı"nın təşkilində suçlamışdı. Ancaq bu planlar fiaskoya uğradı".
Nəşrin yazdığına görə, bütün bunların fonunda Azərbaycan iqtidarının Vaşinqtonda hakimiyyət dəyişikliyinə diqqət və marağı tamamilə izaholunandır. “Rəsmi Bakı belə bir mövqe izhar edib ki, ABŞ-la tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyir. Prezident İlham Əliyev özünün Donald Trampa təbrik məktubunda ümid ifadə edib ki, Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələr bundan sonra uğurla inkişaf edəcək. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə öz növbəsində bəyan edib ki, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupu çərçivəsində səylərinin güclənəcəyinə ümid edir” - “Nezavisimaya qazeta” yazıb.
Nəşr iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcudluğuna diqqət çəkib: “”Bu əməkdaşlıq bundan sonra da davam edəcək" - Əli Həsənov deyib. Əksər yerli analitiklər isə hesab edir ki, Donald Trampın andiçmə mərasimində etdiyi çıxışın bir sıra müddəaları Azərbaycanın xarici siyasət kursu ilə həmahəng səslənir. “BakuNetwork” Ekspert Şurasının rəhbəri Elxan Ələsgərova görə, Azərbaycan da daxil, dünyanın əksər ölkələri Amerikanın yeni administrasiyasından dünya düzənini yenidən qurmağı, BMT-nin köhnəlmiş və effektsiz sisteminin təzədən format eləməsini, həmçinin Ağ Evin müstəqil dövlətlərin daxili işlərinə daha az qarışmasını gözləyir... Trampın inauqurasiya nitqi belə söyləməyə əsas verir ki, Vaşinqtonda hakimiyyətə gələn respublikaçılar demokratların səhvlərini təkrarlamayacaqlar - ekspert vurğulayıb".
***
Donald Trampın andiçmə mərasimindəki nitqi gerçəkdən də onun öz sələflərinin analoji nitqindən köklü şəkildə fərqlənirdi. Məsələn, Tramp həqiqətən belə bir cümlə işlətdi ki, bundan sonra ABŞ özünün dünyagörüşünü heç bir ölkəyə sırımayacaq. Yəni ölkələrin daxili işinə qarışmayacaq, xalqların seçiminə hörmət edəcək. Bu, elə “Amerika daha rəngli inqilaba dəstək verməyəcək” mesajı idi.
Lakin siyasi müşahidəçilər bu tezisdə təhlükəli bir məqamı qeyd edirlər. Onların fikrincə, ölkələrin daxili işlərinə qarışmamaq, tutaq ki, Cənubi Qafqaza, oradakı Qarabağ ixtilafı da daxil, münaqişələrə də etinasız yanaşma kursuna gətirə bilər. Konkret olaraq, Qarabağ məsələsində isə bu, o anlama gələ bilər ki, ABŞ regionda Rusiyaya daha geniş manevr imkanları tanıyır.
Bu mənada Bakı yeni Vaşinqton administrasiyası ilə əlaqələrə yəqin həm də ona görə önəm verir ki, həmin əlaqələr Dağlıq Qarabağ məsələsində Kremlin monopolist mövqeyinə əngəl yaradacaq. Moskvanın inhisarçı mövqeyin, şəriksiz vasitəçiliyinin Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğu isə Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum və qalmaqallı açıqlamalarından bir daha göründü.
Məsələ də ondadır ki, faktiki konfliktin körükləyicisi və Ermənistanla işğal ortağı olan Rusiyaya Dağlıq Qarabağ məsələsində bunca vasitəçi sərbəstliyi vermək gerçəkdən də çox təhlükəlidir. Çünki Amerikanın məsələdə laqeydliyinə arxayın olan Moskva bu halda yalnız öz maraqlarından çıxış edərək, Azərbaycanın, hətta Türkiyənin köklü mənafeyini qulaqardı edərək, istənilən “həll variantı”nı məqbul saya bilər.
Azərbaycanı narahat edən də Trampın, necə deyərlər, öz əli ilə Qarabağ məsələsini Rusiyaya həvalə edə bilməsi, Güney Qafqaza dıqqətini zəiflədə bilməsidir. ABŞ-Azərbaycan əlaqələrinin daha yüksək mərhələyə girməsi belə bir təhlükəni azaldardı. Çünki o zaman regionun mühüm ölkəsi kimi Azərbaycanın Vaşinqton üçün önəmi və ona təsir imkanları artmış olacaq.
Bu üzdən Azərbaycan-ABŞ, Rusiya-ABŞ, Türkiyə-ABŞ münasibətlərinin hansı məcrada inkişaf tapacağı sözsüz k, 1 nömrəli məsələmiz olan Dağlıq Qarabağ konfliktinin çözümündə də əksini tapacaq. Bir az da gözləyək.
Siyasət şöbəsi