Hökumәt 1 aya 4 milyardı hara xәrclәdi?

25-01-2017, 09:40   


Nemət Əliyev facebook səhifəsində büdcə talançılığını ifşa edən faktlar açıqlayıb. Həmin yazını təqdim edirik:

“Yalnız dekabr ayında dövlət büdcəsindən 4 milyarda yaxın maliyyə vəsaiti xərclənib, əgər buna “xərclənib” demək mümkündürsə. Bu vəsait illik büdcənin 21 faizi qədərdir. Odur ki, belə hökumətlə, belə zehniyyətlə böhranı durdurmaq, irəliləyişə nail olmaq əsla mümkün deyil.


Maliyyə Nazirliyinin açıqladığı operativ məlumatlardan məlum olub ki, 2016-cı ilin yalnız dekabr ayında dövlət büdcəsindən 3 milyard 815 milyon manat məbləğində xərcləmə həyata keçirilib. Məsələnin heyrətamiz tərəfi aylıq xərc məbləğinin birdən-birə bu qədər artmasıdır.

2016-cı ilin ilk 11 ayında faktiki orta aylıq xərc məbləği 1 milyard 266 milyon manat olub (büdcə qanununa görə orta aylıq proqnoz xərc məbləği 1,5 milyard manat nəzərdə tutulmuşdu). Deməli, yalnız dekabr ayında xərclənmiş vəsait əvvəlki 11 ayın orta aylıq xərc məbləğindən 3 dəfə çox (aylıq proqnoz xərc məbləğindən 2,5 dəfə çox) olub. Elə buna görə də, bu bir ayda 4 milyarda yaxın maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsi çox şübhəlidir. Ölkədə korrupsiya və rüşvətxorluğun yüksək səviyyədə olması bu şübhələri daha da böyüdür. Külli miqdarda dövlət maliyyə vəsaitlərinin təyinatından yayındırılması, silinməsi ehtimalı çox yüksəkdir.

Odur ki, Maliyyə Nazirliyində ciddi dövlət yoxlamalarının həyata keçirilməsi hava, su qədər əhəmiyyətlidir. Maliyyə vəsaitlərinin bu cür qaydasız şəkildə xərclənməsi iqtisadi baxımdan səmərəli hesab oluna bilməz. Obyektiv yoxlamalar həyata keçirmək yoluyla israfçılığın yeminə çevrilən külli miqdarda dövlət maliyyə vəsaitlərinə qənaət etmək mümkündür”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.