Yüzminlərlə vətəndaş hər şeyini itirmək təhlükəsilə üz-üzə qalıb: vətəndaşlar və iş adamları əlavə olaraq banklara azı 13-14 milyard manat borcla yüklənib
Dollar böhranını dərinləşdirib ciblərini doldururlar, kreditlərə güzəştləri qeyri-mümkün sayırlar: xalq kimlərin günahının bədəlini ödəmələdir?
Mərkəzi Bankın Dövlət Neft Fondunun da iştirakı ilə keçirdiyi növbəti hərraclardan sonra dollar sışrayışla bahalaşaraq, manatın “orta çəkili məzənnəsi” (Bu ifadəni MB təzə dəbə mindirib-red) hazırda 1,9165 səviyyəsində formalaşıb. Əvvəlki hərraclarda 1,82- 1,85 manatdan satılan dolların birdən-birə təxminən 3% bahalaşmasının səbəbi kimi hərraca çıxarılan dolların bankların tələbatını ödəməməsi göstərilir. Belə ki, sıçrayışlı artıma səbəb olan hərraca cəmi 25 milyon dollar çıxarılıb ki, bu da əvvəlki hərracdakından 15 milyon dollar az olub.
Nəzərə alsaq ki, Mərkəzi Bank yanvarın 11-də valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizini, yəni marjanı (-/+4%) ləğv edib, bankların dolları yaxın günlərdə 2 manatdan yuxarı satacağına şübhə yeri yoxdur. Artıq bir çox banklar 1 dolları 1,96- 1,99 manata satmağa başlayıb. Yəni, psixolioji hədd olan 2 manatın keçilməsi an məsələsidir. Bu isə faktiki olaraq, hökumətin rəsmən elan etmədən növbəti KƏSKİN devalvasiyanı həyata keçirməsidir. Bunun baş verməsinin iqtisadi səbəbləri barədə hər gün mətbuatda yazıldığından, təkrarçılıq etmək istəmirik.
Manatın belə sürətlə “dərinə üzməsinin” səbəbləri nədir?
dollar merkezi bank elman rustemov elman rüstəmov central bank azerbaijan manat uzen mezenne manat uzur üzən məzənnə azpolitika info
Qeyd edək k, dolların belə bir həddə yüksəlməsi heç şübhəsiz ölkənin maliyyə siyasətini həyata keçirən orqanların birbaşa “əməyinin” nəticəsi sayılmalıdır. Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, Mərkəzi Bank istəsəydi belə bahalaşmaya yol verməzdi: “Yəqin dolları iki manata çatdırmaq hədəfdədir. Sürətlə bu məzənnəyə doğru gedir. Ora çatandan sonra müəyyən sabitləşmə gözləyirəm. Çünki əslində Mərkəzi Bank aylardır ki, məzənnəni həftədə bir qəpik, iki qəpik artırırdı. İndi isə son bir neçə həftədə görürük ki, çox sürətlə artır. Biz ili 1,76 qəpiklə başlamışdıq, artıq 1,90-ı keçib. İlin əvvəlindən bu yana 14 qəpikdən çox bahalaşma olub, devalvasiya baş verib. Hamımız başa düşürük ki, Mərkəzi Bank istəsəydi, buna yol verməyə bilərdi”.
Əlbəttə, manatın dəyərini itirməsində neftin qiymətinin kəskin düşməsi, valyuta ehtiyatımızın sürətlə əriməsi kimi obyektiv amillər də rol oynayıb. Ancaq fikrimizcə, manatın belə “dərinə üzməsinin” səbəbləri arasında hökumətin maliyyə siyasətinin yarıtmazlığı, son 10-15 ildə ayrı-ayrı məmurlar tərəfindən dövlətin milyardlarla vəsaitinin korrupsiya yolu ilə mənimsənilməsi, böyük pulların real iqtisadiyyata (zavod, fabrik tikintisinə, iri aqrar təsərrüfatların yaradılmasına) deyil, heç bir səmərəsi olmayan tikililərə (idman-konsert komplekslərinin tikintisinə, binaların üzlənməsinə, hansısa yarışların keçirilməsinə və sairə ) yönəldilməsi, valyutanın leqal və qeyri-leqal yollarla xaricə daşınması kimi subyektiv amillərin rolu daha böyükdür.
Təkcə nəzarət paketi dövlətə məxsus Beynəlxalq Bankdan ilkin mərhələdə 8 milyard dollar (sonra daha neçə milyardın “əridildiyi” məlum deyil) vəsaitin oğurlanması, iri məmurların xaricdə milyardlarla dollarlıq əmlaka malik olması barədə ortaya çıxan faktlar, manatın, əlbəttə, belə dəyərsizləşməsinə səbəb olmalı idi.
Ümumiyyətlə, bu gün ortaya çıxan MƏNZƏRƏ son 10 ildə ölkənın neft-qaz satışından əldə etdiyi 150 milyarda yaxın, eləcə də investisiya və kreditlər şəklində daxil olan 100 milyarddan artıq vəsaitdən səmərəli istifadə edilməməsinin nəticəsidir. Dağıdılan pullar və itirilmiş zaman nəinki milli valyutanı, bütövlükdə Azərbaycan iqtisadiyyatını ağır böhranla üz-üzə qoyub.
Prezident nə demişdi, maliyyə “bossları” nə etdi?
Təsdüfi deyil ki, Prezident İlham Əliyev də çıxışlarında Azərbaycanda belə vəziyyətin yaranmasını, bəzi dövlət orqanlarının rəhbərlərinin maliyyə resurslarından səmərəsiz istifadə etməsi və bankların apardığı məsuliyyətsiz siyasətlə bağlayıb. “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub” – deyən Prezidentin ittihamları, heç şübhəsiz ilk növbədə dövlətin nəzarətində olan Beynəlxalq Banka və buna şərait yaradan qurumların – Mərkəzi Bankın və Maliyyə Nazirliyinin rəhbərliyinə yönəlib.
Elə manatın ikinci devalvasiyadan sonra sürətlə dəyərsizləşməsi də ölkənin maliyyə siyasətinə nəzarət edən qurumların yarıtmaz fəaliyyəti, daha çox öz şəxsi maraqlarını güdməsilə birbaşa bağlıdır.
Yada salaq ki, Prezident İlham Əliyev də ikinci devalvasiyadan sonra – 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bu qərarın verilməsini həmin vaxt neftin qiymətinin kəskin düşməsilə bağlamışdı. Sitat: “Neft gəlirlərinin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq”.
Göründüyü kimi, Prezident neftin qiyməti 50 dollar səviyyəsində olardısa (həmin vaxt 36 dollara qədər düşmüşdü), hətta ikinci devalvasiyaya belə gedilməyəcəyinı bildirmişdi. Ötən ilin əvvəlindən neftin qiyməti 55 dollar səviyyəsində sabitləşib. Belədə Mərkəzi Bankın manatı möhkəmləndirmək əvəzinə, ardıcıl olaraq hər gün dəyərsizləşdirmə siyasəti yürütməsi, Maliyyə Nazirliyinin bunu dəstəkləməsi və faktiki olaraq 3-cü devalvasiyanın reallaşdırılması suallara və şübhələrə yol açır. Bu şübhələr arasında manatın belə dəyərsizləşdirilməsinin MB və Maliyyə Nazirliyinin, o cümlədən bu qurumların rəhbərlərinin korporativ maraqlarına xidmət etməsi ehtimalı da var.
Maliyyə xaosu yaradıb, milyonlar qazanırlar!
Elə Prezidentin bu il üçün Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manatın (4,2 milyard dollar) transfert həyata keçirilməsinə dair imzaladığı fərmandan dərhal sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun tam üzən məzənnə rejiminə keçidlə bağl qərarın verildiyini bəyan etməsinin də arxasında bu maraqların dayandığı şübhə doğurmur.
Halbuki, Prezidentin fərmanında əsas məqsədin makroiqtisadi sabitliyin təmin edilməsi olduğu göstərilib. Ancaq fərmandan dərhal sonra Mərkəzi Bankın tam üzən məzənnə siyasətinə keçildiyini, faiz dəhlizinin ləğv olunmasını bəyan etməsi makroiqtisadi sabitlik əvəzinə, maliyə bazarında XAOSUN yaranmasına yol açdı. Hansı ki, bu xaos maliyyə bazarına nəzarət edən şəxslərin dövlətin pulu ilə alver edib, hər gün milyonlar qazanmasına şərait yaradır. Daha dəqiqi, əvvəllər onlar hər həftə dövlətin (Neft Fondunun) 100 milyon dollar vəsaitini bankların əli ilə “qara bazara” çıxararaq, rəsmi məzənnə ilə real məzənnə arasındakı fərqdən ayda 10 milyonlar qazanırdılarsa, indi öz “paylarını” almaqla dövlətin valyutasını banklara ucuz verib, baha satdırmaqla gündəlik böyük qazanc əldə edirlər. Yəni, maqroiqtisadi sabitlik yaratmaqdansa, Neft Fondunun pulu ilə valyuta alveri etmək siyasətini həyata keçirməyi üstün tutublar.
100 minlərlə vətəndaş hər şeyini itirmək təhlükəsilə üz-üzə qoyulub!
Bu siyasət isə ölkə iqtisadiyyatını uçuruma aparmaqla, biznes mühitinin sıradan çıxmasına, sürətli bahalaşmaya və əhalinin kütləvi şəkildə yoxsullaşmasına, sosial narazılıqların artmasına səbəb olur. Son 2 ildə manatın, təxminən 3 dəfə dəyərini itirməsi milyonlarla insanımızın real gəlirlərinin azalmasına (ən azı 70-80 faiz), həyat səviyyəsinin ağırlaşmasına səbəb olub. Bu siyasətin davam etdirilməsi isə ölkədə yoxsullaşan təbəqənin sayının sürətlə artmasına zəmin yaradır. İntiharların artması da bunun əyani göstəricisidir.
Xüsusi narahatlıq doğuran məqam ondan ibarətdir ki, nəinki bu siyasətin dəyişdirilməsi istiqamətində addımlar atılır, əksinə, vəziyyətin daha da ağırlaşmasına zəmin hazırlanır. Baxmayaraq ki, Prezident bildirib ki, devalvasiyanın fəsadlarının azaldılması istiqamətində tədbirlər görülməlidir. Ancaq bunu həyata keçirməli olan hökumət orqanları – Maliyyə Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və digərləri nə hansısa addım atır, nə də belə bir fikirlərinin olduğunu bəyan edirlər. Bu isə təbii ki, narahatlıqlara və narazılıqlara səbəb olur.
Məsələ ondadır ki, bu qərar yalnız vətəndaşların gəlirlərinin kəskin azalmasına səbəb olmur, həm də yüzminlərlə vətəndaşı HƏR ŞEYİNİ İTİRMƏK təhlükəsilə üz-üzə qoyub. Söhbət dollarla krediti və nağd dollar borcu olan vətəndaşlardan gedir.
Hökumət vətəndaşlar və iş adamlarını əlavə 14 milyard borcla yükəyib!
2016-08-27-fKRkbK-ilk-devalvasiya-banklara-ne-qeder-zerer-vurdu
Belə vətəndaşların sayı isə kifatət qədər çoxdur. Belə ki, statistikaya görə, hazırda təxminən 700 min vətəndaşın ümumilikdə 7,4 milyard dollar krediti borcu var. Bu borcun hardasa 5, 2 milyardı iş adamları tərəfindən biznes layihələrinə, müəyyən sahibkarlıq fəaliyyətləri həyata keçirməyə, 2,2 milyardı isə vətəndaşlar tərəfindən istehlak məhsulları almaq üçün götürülüb. Sadə hesablama göstərir ki, ikinci devalvasiyadan ötən bir il ərzində dollar krediti olanların yalnız əsas məbləğə görə borcu manat ifadəsində təxminən 2 dəfə artıb! Bura faizləri də gəldikdə borcun neçə dəfə artdığını bir Allah bilir, bir də banklar.
Belə ki, statistikaya görə, ikinci devalvasiyadan əvvəl götürülən kreditlərin həcmi 19 milyard 744 milyon manat olub. Bunun 7 milyard 477 milyonu xarici valyutada olan kreditlər olub (son statistika da bu məbləğdə ciddi dəyişiklik olmadığını göstərir-müəl.). Bu isə o deməkdir ki, dollarla olan kreditlərin əsas məbləği ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə təxminən 14,5 milyard manatadək yüksəlib. Bura bankların YÜKSƏK faizlərini də əlavə etsək, məbləğin azı 20 MİLYARD MANATADƏK yüksəldiyinə şübhə yeri qalmaz. Yəni, Mərkəzi Bankın və Maliyyə Nazirliyinin apardığı siyasət nəticəsində CƏMİ 1 İLDƏN bir qədər artıq müddətdə vətəndaşlar və iş adamları əlavə olaraq banklara ən azı 13-14 milyard manat BORCLA YÜKLƏNİB.
Dollar kreditlərinin yeni məzənnə ilə qaytarılması qeyri-mümkündür!
Maraqlıdır ki, hökumətdə heç kim bu böyüklükdə vəsaitin necə qaytarılacağı haqda fikirləşmir. Normal şərtlərdə belə bu vəsaitin qaytarılması imkansız görünür. Ancaq məsələ ondadır ki, bütün tərəflər üçün şərtlər daha da ağırlaşıb. Belə ki, ölkədə işgüzar mühit “öldüyündən” iş adamlarının əksəriyyətinin gəlirləri kəskin azalıb, bir çoxu obyektlərinin qapılarına qıfıl vurmaq məcburiyyətində qalıb. Və əksəriyyəti nəinki onlara yeni məzənnə ilə YÜKLƏNƏN borcu ödəmək, heç köhnə məzənnə ilə aldıqları pulu qaytarmaq imkanında belə deyilər.
Sadə vətəndaşların vəziyyəti isə daha kəskin ağırlaşıb. Bir tərəfdən bahaçılıq, qiymətlərin sürətlə artması, real gəlirlərin azalması, digər tərəfdən iş yerlərinin bağlanması, ixtisarlar insanların dollar kreditlərinə görə borclarını ödəmək imkanlarını sıfıra endirib. İndi işi olanlar belə aldıqları maaşla ayı çətin başa vurular. Olmayanlar isə Allahın ümidinə borcla, evindən nəyisə satmaqla güclə dolanışıqlarını təmin edirlər. Belələrinin dollar kreditlərini yeni məzənnə ilə ödəyəcəyini gözləmək, xam xəyaldan başqa bir şey deyil. Bun görə də aybaay problemli kreditlərin həcmi artır.
Bəs necə olacaq?
Əlbəttə, bu zaman banklar məhkəmələrə müraciət edərək, borclarını tələb edə, iş adamları və vətəndaşların əleyhinə qərarlar çıxartdıra bilərlər. Artıq bankların bu istiqamətdə hərəkətə keçdiyinə dair məlumatlar var. Ancaq bunun çıxış yolu olduğunu düşünmək sadəlövhlük olardı. Əksinə, bu qərar ölkədə sosial narazılqların sürətlə böyüməsinə gətirib çıxara bilər.
Daha açıq desək, indiki şəraitdə məhkəmələrə müraciət edərək, dolarla krediti olanlardan borclarını yeni məzənnə ilə qaytarmağı tələb etmək, faktiki olaraq 100 minlərlə ailəni müflisləşdirmək, əmlakını əlindən almaq deməkdir. 700 min dollar krediti borcu olan şəxsin ailələrini də nəzərə alsaq, bu, milyonlarla insanı ağır, çarəsiz duruma salmaq, onları hökumətlə üz-üzə qoymaqdır. Buna isə nə hüquqi, nə də mənəvi bəraət qazandırmaq mümkündür.
Krediti dollarla almaq vətəndaşın seçimi olmayıb!
Çünki BİRİNCİSİ, krediti dollarla almaq vətəndaşın xüsusi seçimi olmayıb, bankların təklifi, hətta əsas tələbi olub. Bir sıra banklar isə kreditləşməni tamamilə dollarla həyata keçiriblər. Kreditə ehtiyacı olan vətəndaş isə bir tərəfdən məcburiyyətdən, bir tərəfdən də dollar-manat məzənnəsindəki illərdir davam edən sabitliyə aldanaraq, xarici valyuta ilə kredit götürüb. Buna görə də, bankların kreditləri yeni məzənnə ilə qaytarmağı tələb etməyə mənəvı haqları yoxdur.
İKİNCİSİ, bu heç hüquqi baxımdan da doğru deyil. Əsas qanunumuz olan Konstitusiyanın tələbinə görə, Azərbaycanda ölkənin milli valyutasından başqa pul vahidlərindən ödəniş vasitəsi kimi istifadə etmək qadağandır. Bu müddəaya əsasən, Azərbaycanda hər hansı maliyyə əməliyyatını həyata keçirəndə, əmanət qəbul edəndə, kredit verəndə – heç bir halda xarici valyutadan istifadə etmək olmaz. Baxmayaraq ki, Konstitusiya Məhkəməsi bankların sahibləri olan OLİQARX-NAZİRLƏRİN maraqlarından çıxış edərək, qeyri-müəyyən bir qərar verdi, məsuliyyəti öz üzərindən atdı.
Ancaq Konstitusiya Məhkəməsinin təcrübəli hakimi Südabə Həsənova dollarla kredit verilməsinin qanuni olmadığını vurğulamışdı: “Öhdəliyin yaranması, kreditin verilməsi, borcun qaytarılması ödəmədirsə, belə çıxır ki, banklar 20 ildir Konstitusiyaya zidd kreditlər veriblər?! Çünki Konstitusiya xarici valyutanı ödəniş vasitəsi kimi qadağan edir. Bu, mənim subyektiv fikrimdir”.
Məsuliyyət hökumətin üzərindədir, ancaq…
elman rustemov merkezi bank azpolitika info maliyye naziri samir serifov rufet aslanli nezaret palatasi samir şərifov elman rüstəmov maliyyə nazirliyi beynəlxalq bank dövlət borcu
ÜÇÜNCÜSÜ, bu məsələdə əsas məsuliyyət hökumətin üzərinə düşür. Belə ki, hökumət rəsmiləri vətəndaşları nəinki devalvasiyanın aparılacağına dair əvvəlcədən xəbərdar edib, əksinə, manatın sabit saxlanacağına dair ən yüksək səviyyədə vədlər verilib. Hər iki devalvasiyadan öncə həm Mərkəzi Bankın rəhbərliyi, maliyyə naziri, həm də digər hökumət rəsmiləri manatın kursunun kəskin dəyişdirilməyəcəyini bəyan ediblər. Vətəndaş da öz hökumətinə inanıb, bankların şərtini qəbul edərək, krediti dollarla almağa razılaşıb. İndi belə çıxır ki, hökumət milyonlarla vətəndaşını aldadaraq borc bataqlığına salıb. Bunun məsuliyyətini niyə hökumət deyil, sadə vətəndaş daşımalıdır?
Ancaq hökumət rəsmiləri, xüsusən devalvasiyanın həyata keçirilməsində “XİDMƏTLƏRİ” olanlar, manatı “ÖLDÜRMƏKLƏ” milyonlar qazananlar nəinki məsuliyyətdən yaxalarını kənara çəkirlər, hətta əlavə olaraq vətəndaşları borclu çıxarırlar. Bir növ “iqtisadi məzələnmə” ilə məşğuldurlar. Diqqət edək:
Maliyyə naziri Samir Şərifov bununla bağlı deyib: “O ki qaldı xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. “Dövlət öhdəliyi öz üzərinə götürür” demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə daha “dərinə” gedərək, bu məsələdə güzəşt edilməsini “sosial ədalətin pozulması” adlandırıb: “Borclarını qaytarmaq istəməyən və qaytarmaq imkanında olmayan kateqoriyaları ayırmaq elə də asan deyil. Biz bu insanlara güzəşt etməklə onları mükafatlandırırıq. Amma məsuliyyətli olub xarici valyutada kreditini qaytarmış insanları cəzalandırırıq. Onlar axı xarici valyutada götürdükləri krediti yeni məzənnə ilə qaytarıblar”.
Xalqı devalvasiyanın olmayacağına az qala and içərək inandırmağa çalışan Mərkəzi Bakının sədri Elman Rüstəmov isə dollar kreditlərinə güzəşt edilməməsini əsaslandırmaq üçün tutarlı arqument belə axtarmağa ehtiyac görməyib: “Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”.
Devalvasiyanın baş verdiyi bütün MDB ölkələrində dollar kreditlərinə güzəştlər edilib!
0fc99f1cd71de6fa35e83a0d9ec89cdamdb_945Göründüyü kimi, devalvasiyanın həyata keçirilməsinin ideya müəllifləri olanlar, bu prosesdən yaxşı qazanc götürənlər, dollar kreditlərinə güzəşt edilməməsinə dair ən sadə tənqidə belə davam gətirməyən arqumentlər səsləndiriblər. Devalvasiyanın həyata keçirildiyi digər MDB ölkələrində verilən qərarlar bunu əyani göstərir.
Rusiyada, Qazaxıstanda, Moldovada, Ukraynada, Belarusda, Gürcüstanda, hətta Qırğızıstanda belə devalvasiyadan sonra dollar kreditləri ilə bağlı hökumətlər, parlamentlər qərarlar verib, vətəndaşların ziyana düşməməsi üçün güzəştlər həyata keçirilib.
Rusiyada və Qazaxıstanda devalvasiyadan sonra dollar kreditləri ilə bağlı hökumət artan faizi hökumət, banklar və müştərilər arasında bölüşdürüb. Rusiyada dollar kreditlərinə görə 5 il güzəşt tətbiq edilib. Bundan başqa xarici valyuta ilə ipoteka krediti götürənlərin kreditləri yerli valyutaya keçirilib.
Qazaxıstanda güzəştlərdən əlavə, kredit götürənlərin hüquqlarının qorunması ilə bağlı addımlar atılıb. Prezident Nursultan Nazarbayevin imzalaması ilə “İşləməyən kreditlər və ikinci səviyyəli bankların aktivləri, Qazaxıstan Milli Bankı və maliyyə təşkilatlarının göstəridiyi maliyyə xidmətləri və fəaliyyətləri ilə bağlı bir sıra qanunvercilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qanun qüvvəyə minib. Bu qanun kredit borcu olanların borclarını qaytarması qaydasını nəzərdə tutur. Qanuna görə, əvvəlcə 1) əsas borc, 2) kredit faizi, 3) cərimə və peniyalar, 4) borcun qaytarılması xərcləri ödənilir.
Belə ki, bundan əvvəl kredit gecikməyə düşəndə ilk növbədə penya ödənilirdi, sonra kredit faizi, daha sonra isə əsas məbləğə görə borc ödənilirdi. Beləliklə, vətəndaşların əksəriyyəti elə penya və fazi borclarını ödəyə bilir, daim banklardan asılı vəziyyətdə qalırdılar. İndi isə əksinə vəziyyət yaranıb və vətəndaş ilk növbədə əsas borcunu qaytarmaq imkanı əldə edib. Eyni zamanda qanunda nəzərdə tutulub ki, krediti götürənin hesabına daxil olan məbləğin yalnız 50% borcun ödənilməsi üçün tutula bilər. 180 gün ardıcıl gecikmədən sonra ipoteka krediti üzrə penya və əlavə borcun yazılması qadağan olunub.
Qırğızıstan dollar kreditləri köhnə məzənnə ilə ödənilir, Ukraynada və Gürcüstanda..
Qırğızıstan 40 min dollaradək kredit götürənlərin kreditlərini köhnə məzənnə ilə milli valyutaya çevirmək haqqında qərar qəbul edib. Qırğızıstanın milli pul vahidi olan qırğız somı aparıcı dünya valyutalarına nisbətən təxminən 29% ucuzlaşdıqdan dərhal sonra, hökumət qərar verdi ki, dollarla götürülən kreditlər yenidən hesablanacaq. Baş nazir ötən ilin fevralında bu barədə müvafiq sərəncamı imzalayıb. Sərəncama görə, kreditlər 2015-ci ilin iyununa olan köhnə məzənnə ilə 1$ = 62,14 som məzənnəsi ilə yenidən hesablanacaq. Halbuki, qərar verilən vaxt Qırğızıstanda dolların rəsmi məzənnəsi təxminən 76 som təşkil edirdi.
İllik büdcəsi 1,3 milyard dollar olan Qırğızıstanın dollar krediti olanlara güzəşt etməyə maliyyə imkanı çatırsa, son bir ildə 8 milyard dollara yaxın vəsaiti xərcləyən və mövcud rezervlərinin həcmi Qırğızıstanın büdcəsindən 4 dəfə çox olan Azərbaycanın “maliyyə intizamının pozulacağı”, “xaos yaranacağı, “imkan yoxdur” şüarlari ilə kredit götürənlər üçün yaranan əlavə 3.8 milyard manat xərci kompensasiya etməkdən imtina etməsini başa düşmək mümkün deyil.
Gürcüstan hökuməti də dollarla krediti olanları diqətdən kənarda saxlanmadı. Orada böyük devalvasiya baş verməsə də, qərar verildi ki, dollarla krediti olanlar bu krediti lariyə çevirə bilər. Özü də aşağı məzənnə ilə. 2015-ci il yanvarın 1-nə kimi dollarla kredit götürənlər həmin krediti dollardan lariyə çevirə bilərlər. Krediti lariyə çevirəndə cari məzənnədən 0,2 aşağı məzənnə götürüləcək. Məsələn, 1 dollar 2,50 laridirsə, onda krediti 1 dollar – 2,30 məzənnəsi ilə çevirəcəklər. Həmçinin, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar. Gürcüstanada kredit borcuna görə evdən köçürmək və əmlakın satılması da qadağan edilib. Bununla bağlı ötən il dekabrın sonunda “Polis və icra haqqında” qanunda dəyişiklik edilib.
Ancaq Gürcüstan hökuməti, bizim maliyyə başbilənlərimiz, hökumətimiz kimi, bu qərarı “vətəndaşların mükafatlandırılması” kimi təqdim etməyib. Hökumət kimi özünün çətin vəziyyətdə olan vətəndaşına xidmət olaraq borcu hesab edib.
Ağır iqtisadi durumda olan Ukrayna belə dollar krediti olan vətəndaşlarına kömək haqqında fikirləşir. Ötən il iyul ayında “Xarici valyutada olan borcların restruktizasiyası haqqında” qanun qəbul edildi. Bu qanun dollarla kreditlərin ödənilməsi zamanı 1 ABŞ dollarının 5.05 qrivna ekvivalentində hesablanmasını nəzərdə tuturdu. Hansı ki, həmin vaxt Ukraynada 1 dollar üçün 26 qrivna verilirdi. Düzdür, Prezident qanuna veto qoyaraq, əlavə təkliflərlə parlamentə (Ali Rada) qaytarıb. Ancaq bu istiqamətdə Ukrayna Nazirlər Kabineti banklarla birgə, Beynəlxalq Valyuta Fondu ilə razılaşdırmaqla alternativ qanun layihəsi hazırlamaqdadır. Və burada da dollar kreditləri üçün böyük güzəştlər olacağı bildirilir. Hər halda ötən ilin sonunda maliyyə naziri Natalya Yaresko restruktizasiyanın ümumi dəyərinin 20 milyard qrivna təşkil edəcəyini bildirib.
Bununla belə, ötən il qəbul olunmuş və təsdiqlənmiş “Xarici valyuta ilə götürülən kreditlərdə girov kimi qoyulmuş əmlakın müsadirəsinə moratorium haqqında” qanun vətəndaşın ipoteka ilə götürdüyü evin onun əlindən alınmasını qadağan edir. Bundan başqa Ukrayna Ali Məhkəməsinin qərarı ilə arbitraj məhkəmələrinə istehlak kreditləri ilə bağlı məsələlərə baxmaq qadağan edilib. Hətta o hallarda ki, müqavilədə bu məsələ nəzərdə tutulub.
Deputatların hökuməti və bankları ciddi zora salmayacaq təkliflərinə niyə baxılmır?
Göründüyü kimi, devalvasiyanın olduğu bütün ölkələrdə bu və digər dərəcədə dollar krediti olanlara güzəşt edilib. Az-çox, bunun fərqi yoxdur. Əsas odur ki, hökumət öz vətəndaşı haqda fikirləşdiyini nümayiş etdirib. Milyardları müxtəlif layihələrə xərclənən Azərbaycan hökuməti isə buna maliyyə imkanı olmadığını iddia edir. Halbuki, Azərbaycanda bu istiqamətdə daha uyğun variantlar təklif etmək olar. Hətta Milli Məclisin deputatları Əli Məsimli və Vahid Əhmədov dollar kreditləri ilə bağlı 14 səhifəlik Paket də hazırlayıb müvafiq qurumlara təqdim ediblar. Həmin təkliflərdə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış gərginliyin azaldılması üçün hökuməti ən az xərcə salacaq təkliflər irəli sürülüb:
- Kredit borcu 5000 dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdü.
- Əhalinin məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və sair) almaq üçün aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsini, borcun manat dollar nisbətində 1,05 məzənnəsi ilə ödənilməsini, faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulması və s.təklif edilib.
- İri məbləğli borclara münasibətdə manatın dollara olan 21 fevral və ya 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1,20-1,30 manat intervalında) əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, manata çevrilməsi və sair bu kimi üsullardan istifadə edilməsini zəruri hesab edirik. Burda da yenə ödənişin bütövlükdə bankların üzərinə atılmasınıdan yox, “dördbucaq sistemindən” söhbət gedir, amma birinci dordbucaqdakı vətandaşı burda artıq iri kredit götürmüş biznesmen əvəz edir.
Göründüyü kimi ortada nə hökumət, nə də bankları ciddi zora salacaq təkliflər var. Bu təkliflər üzərində işləmək, hər tərəf üçün məqbul olacaq başqa variantlar da müəyyənləşdrmək olar. Əsas odur ki, hökumət, müvafiq orqanlar bu haqda fikirləşsinlər. Ancaq nə yazıq ki, Azərbaycanda çatışmayan yeganə amil məhz hökumətin bu problemin həll etmək istəyinin olmamasıdır.
Dollar böhranını dərinləşdirənlər ciblərini doldururlar, amma…
Hətta hökumət cüzi güzəştə gedərək formal da olsa vətəndaşa, iş adamına onların maraqlarını düşündüyünü nümayiş etdirmək zərurəti duymur. Buna ad tapmaq, açığı çətindir. Sivil ölkələrdə vətəndaşın, iş adamının probleminə, həm də özünün yaratdığı problemə belə laqeyd yanaşan hökumət üzvlərinin vəzifədə qalması mümkünsüzdür.
Bu baxımdan da Azərbaycan həqiqətən analoqsuz ölkədir. Hər halda dünyanın heç yerində hökumətin apardığı siyasətin qurbanına çevrilən, ağır borc yükü altına salınan 100 MİNLƏRLƏ insanı sadəlövh yerinə qoyan, ələ salacaq ifadələr işlədən hökumət üzvlərinə rast gəlmək mümkün deyil. Bizdə isə belələri nəinki vəzifədədirlər, hətta DOLLAR BÖHRANINI daha da dərinləşdirərək, ciblərini doldururlar. Halbuki, təkcə bircə fakta – dövlətin 600 MİLYON DOLLARININ “Xəzər Adaları” adlı fırıldaq layihəyə ayrılıb, göyə sovrulmasına görə bu adamlara ömürlük həbs cəzası versələr, az olardı! Faktiki olaraq oğurlanan, mənimsənilən bu məğləğlə nələr etmək, neçə min ailəni borc yükündən, intihar perspektivindən xilas etmək olardı? KİM BU TALANA GÖRƏ HESAB VERƏCƏK? TƏKCƏ XALQMI?…
Bircə faktı göstərdik. 600 milyon dollar! Onminlərlə ailənin kredit borcunun cəmi! Belə faktlar onlarladır! Bu talanlara görə manat dəyərini 2.5 dəfə itirdi!
İndi isə üç-beş fırıldaqçıya milyardları yedirənlər deyirlər ki, əhalinin dollar kreditlərinə güzəşt tətbiq etmək üçün pul yoxdur! Pul hardan olsun?! İqtisadçılardan birinin dediyi kimi, BELƏ TALANA HEÇ ABŞ İQTİSADİYYATI DA DÖZMƏZDİ!
İ.İsmayılbəyli
AzPolitika.info