Ermənistan Rusiya və İrana güvənərək danışıqları sabotaj etməyə, Bakının Moskva və Tehranla arasını vurmağa çalışır; Azərbaycan üçün dost-müttəfiqlərin dəyəri artır
Qarabağ danışıqlarında ötən ilin iyunundan - prezidentlərin son Sankt-Peterburq görüşündən sonra başlayan qeyri-müəyyənlik davam edir. Siyasi müşahidəçilərin əksəriyyəti problemin həllində pozitiv dönüşü indi kifayət qədər qeyri-real hesab edirlər. Əsas səbəbi də uzaqda axtarmağa dəymir.
Baş səbəb odur ki, Azərbaycan bu məsələdə təkcə Ermənistanın şəriksiz yiyəsi Rusiya qismində ədalətsiz vasitəçi ilə üz-üzə deyil, eyni zamanda qonşu İran timsalında işğalçı ölkənin gizli müttəfiqi, Fransa timsalında gizli-açıq havadarları ilə qabaq-qənşərdir.
Ermənistanın müdafiə naziri Vigen Sərkisyanın təzəcə başa çatan 3 günlük Tehran səfəri bir daha göstərdi ki, Azərbaycanın böyük şimal qonşusu kimi, cənub qonşusu İran da əslində Ermənistanın yanında qərar tutub. Erməni nazirin səfərini bu mənada yalnız İrəvanın deyil, həm də Tehranın Bakıya mesajı saymaq olar ki, İran münaqişədə faktiki surətdə kimin tərəfindədir, münaqişənin ədalətli həllini istəyir, yay yox?
***
Sözsüz ki, İranla iqtisadi-ticari münasibətlərimizi daima inkişaf etdirilməliyik. Təkcə ona görə yox ki, bu, hər iki tərəfin xalqına, o sırada Güneydəki 35 milyonluq soydaşlarımızın köklü marağına uyğundur. Həm də o səbəbə əlaqələri qabağa aparmalıyıq ki, bunun əksi ən əvvəl təcavüzkar Ermənistanın maraqlarına cavab verir. Çünki boşluğu mütləq İrəvan doldurmağa, Bakı və Tehran arasında gərginliyi daha da dərinləşdirməyə çalışacaq.
Üçüncü yandan, İran iqtisadi cəhətcə nə qədər çox Azərbaycana bağlı olsa, bir o qədər də ona təsir imkanımız böyük olar - o cümlədən də Dağlıq Qarabağ məsələsində. Hələliksə Azərbaycan sözdə deyil, gerçəkdə və səmimi şəkildə ona dost olan ölkələrlə - qardaş Türkiyə, Pakistan, Belarus, Ukrayna, Gürcüstanla bütün sahələrdə əlaqələri dərinlədirməyə prioritet verməlidir. Başqa alternativ görünmür. Azərbaycan hər addımda nümayiş etdirməlidir ki, o, əsla tək deyil və özünün də daxil olduğu sanballı bir hərbi-siyasi güc mərkəzini təmsil edir.
Bu xüsusda Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə planlaşdırılan hərbi təlimlər haqda xəbər erməni müdafiə nazirinin İran səfəri fonunda yerinə düşür. Xəbər verildiyi kimi, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin müdafiə naziri Levan İzoriya ilə görüşündə bildirilib.
Diqqətçəkicidir ki, həmin açıqlamalardan sonra Ermənistan hökumətində əndişə yaranıb. Ermənistan KİV-ində bu barədə müxtəlif fikirlər səsləndirilib. Hökumətyönlü siyasətçilər bu addımı Azərbaycanın müharibəyə hazırlaşması kimi qələmə veriblər. Məsələni mediaya şərh edən politoloq Arzu Nağıyev isə bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər protokolla razılaşdırılmış bir məsələdir.
Onun sözlərinə görə, Sarkisyan hökumətinin bu baxımdan narahatlığı əsassızdır. “Buna görə hansısa narazılıqlar ola bilər. Düşünürəm ki, həm Rusiya, həm də digər dövlətlər bunu normal bir şəkildə qəbul etməlidir. Çünki mütəmadi olaraq belə bir təlimlər keçirilir”, - deyə Arzu Nağıyev qeyd edib. Ekspertin fikrincə, belə təlimlərin keçirilməsi Azərbaycan Ordusu üçün lazımlı və effektlidir: “Gürcüstan NATO qoşunları ilə təmasda olan bir dövlətdir. Eyni zamanda Türkiyə NATO-nun üzvüdür. Azərbaycan isə bu istiqamətdə heç bir qüvvələrə qoşulmayan dövlətdir”.
***
Əslinə qalsa işğalçı tərəf daim narahat olsa yaxşıdır. Biz düşmənə həmişə bunu anlatmalıyıq ki, əgər o, konstruktiv mövqeyə gəlməsə, Azərbaycan təmas xəttində daim ona sürprizlər hazırlamaq, onu itkilərə məruz qoymaqla yanaşı, həm də dost-müttəfiq ölkələrlə ortaq təlimlər keçirməklə narahatlıq içində saxlayacaq. “Ermənistan müharibədən və artan itkilərdən bu qədər qorxursa, girovlarımızı geri qaytarmaqla ən azı bu il özünü mümkün təhlükələrdən sığortalamış olar”.
Bunu isə politoloq Elxan Şahinoğlu Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda girov saxladığı iki azərbaycanlını və hərbçimizin nəşini hələ də geri qaytarmaması ilə bağlı deyib. Siyasi şərhçinin fikrincə, İrəvanın bu addımı atmamasının iki fərqli səbəb ola bilər: “Axı rəsmi İrəvan belə bir addım atarsa, bu, cəbhə bölgəsindəki gərginliyi nisbətən azaldar. Ermənistan müharibədən və artan itkilərdən bu qədər qorxursa, girovlarımızı geri qaytarmaqla ən azı bu il özünü mümkün təhlükələrdən sığortalamış olar, eyni zamanda, İrəvanın bu addımı beynəlxalq aləmdə müsbət qarşılanardı. Onda İrəvan niyə bu addımı atmır?” Politoloqun fikrincə, buna ən əvvəl ermənilərin Rusiyadakı havadarları buna imkan vermir: “İkincisi, Ermənistanın kriminal hakimiyyəti girovlarımızı geri qaytarmamaqla cəbhə bölgəsindəki vəziyyətin getdikcə gərginləşməsinə rəvac verir və bununla Rusiya ilə Azərbaycan arasındakı mövqe haçalanmasını daha da dərinləşdirməyə çalışır”.
***
Məsələ də ondadır ki, danışıqlar ətrafında onsuz da ümidsiz durum yaranıb. Bu yandan işğalçı tərəfin gərginliyi süni surətdə artırması hətta Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünü də mənasız edir. Çünki görüş xatirinə görüşlər indiyədək heç bir fayda gətirməyib. Sabiq dövlət müşaviri Qabil Hüseynli də hesab edir ki, mövcud şərtlər altında danışıqlar prosesində kompromisə gəlmək xeyli müşkül görünür (Axar.az).
Onun sözlərinə görə, Rusiya bütün danışıqlar prosesini öz inhisarına almağa çalışır: “Çünki ATƏT-in Minsk Qrupu prosesdən demək olar ki, uzaqlaşdırılıb, həmsədrlər məsələyə aktiv surətdə müdaxilə edə bilmirlər. Görünür, xarici işlər nazirləri səviyyəsində baş tutan Moskva görüşü uğurlu keçməyib. Rusiya problemin həllinə bu cür yanaşmağa davam edərsə, yaxın müddətdə hər hansı perspektivlər görünmür. Düzdür, xarici işlər nazirlərinin yenidən Avropa şəhərlərindən birində görüşü gözləniləndir, ancaq rəsmi Bakı gündəlikdəki məsələlərdən xəbərdardır və bundan narazılığını ifadə edib”.
Ekspertin fikrincə, Rusiya mətbuatından belə aydın olur ki, Kazan protokolunu yenidən gündəmə gətirmək və danışıqların predmeti etmək niyyətindədirlər: “Rusiya bütünlüklə həm danışıqlar, həm də sülhyaratma və daha sonra Dağlıq Qarabağın statusunun həlli prosesini öz inhisarına almış kimi görünür. Azərbaycanlıların geriyə qaytarılmasına vurğu edilir, ancaq referendum məsələsi bu işin önünə keçib. Azərbaycan referendum məsələsində öz prinsipial mövqeyini ortaya qoyub. Referendum yalnız bütün Azərbaycan üzrə keçirilməlidir”.
Politoloq hazırda rayonların qaytarılmasında da çox təzadlı fikirlərin səsləndiyini deyib: “Əvvəlcə 5, sonra isə 2 rayonun xüsusi statusla eyni vaxtda həlli məsələsi qoyulurdusa, indi vəziyyət bir qədər dəyişib. Görünür, Moskva yeni prinsiplər icad etməyə başlayıb. Zənnimcə, Rusiya çox aqressivləşib və Dağlıq Qarabağ məsələsində Bakıdan prinsipial güzəştlər qoparmaq niyyətindədir. Prezident də son çıxışında məhz buna eyham vuraraq ölkəmizə qarşı olan təhddilərdən danışdı və ərazimizdə ikinci erməni dövlətinin yaradılacağına imkan verilməyəcəyini vurğuladı. Bütün bunlar göstərir ki, Rusiya Ermənistanda referendum keçirməklə Dağlıq Qarabağın müstəqil statusuna nail olmaq fikrindədir. Moskvanın birdən-birə fəallaşmasının əsas səbəbi də budur. Buna görə də danışıqlar prosesində kompromisə gəlmək xeyli müşkül görünür”.
Siyasət Şöbəsi //musavat.com/