Səlim Müslümovun əmək pensiyasında staj islahatının gizli gerçəkləri

6-02-2017, 08:21   
Səlim Müslümovun əmək pensiyasında staj islahatının gizli gerçəkləri
İqtisadi çətinliklər dövründə ehtiyac içində yaşayan insanlar sosial sahə ilə bağlı baş verənləri həssaslıqla izləyir və günlərin birində bu sahədə onların xeyrinə hansısa qərarların veriləcəyini böyük səbirsizliklə gözləyirlər. Bundan agah olan sosial müdafiə naziri Səlim Müslümov da öz maraqlarını təmin etməyə hesablanan qərarları sanki xalqın maraqlarına uyğundur kimi pafosla cəmiyyətə təqdim edir.Amma cumhuriyyet.az olaraq apardığımız təhlillər onu göstərir ki, bBu adam gündəmdə qalmaq, özünü güya iş görən kimi göstərmək üçün hər dəfə yeni xalqazidd qərarları ilə gündəmə gəlir. Onun dediklərini də mətbuat və bəzi “mütəxəssislər” də bilərəkdən və ya bilməyərəkdən cəmiyyətə müsbət işlər kimi təqdim etdiyindən insanlarda verilən qərarların onların xeyrinə olacağına və onların vəziyyətini yaxşılaşdıracağına dair böyük illüziyalar yaranır. Bir müddət keçdikdən sonra isə insanlar yanıldıqlarını anlayıb böyük məyusluq yaşayırlar.
Mətbuatı izləyənlər bilir ki, ünvanlı sosial yardımın elektronlaşdırılmasını Səlim Müslümov anons edəndə və özünəməxsus formada onu pafosla təqdim edəndə hamı – biləndə, bilməyəndə bir ucdan başladı ki, bəs ünvanlı sosial yardım almaq asanlaşır. Bu barədə yazmayan qəzet və sayt qalmadı. Özünü savadlı ekspert sayanlar da bu fitnəyə uyub qərarın ancaq müsbət tərəflərindən danışmağa başlamışdılar. Lakin onda da biz cumhuriyyet.az olaraq bunun belə olmayacağını izahlı şəkildə yazdıq.( bax: “Səlim Müslümovun “ünvanlı sosial yardım” sisteminin gizlinləri”) Üstündən bir müddət keçdikdən sonra yazdıqlarımız dəqiqliklə öz təsdiqini tapdı. Məlum oldu ki, Səlim Müslümovun elektronlaşma dediyi nəsnə ünvanlı sosial yardım sisteminin iflic vəziyyətinə salınması deməkdir.
Bu dəfə isə Səlim Müslümov bir neçə gün öncə keçirdiyi mətbuat konfransında bəyan elədi ki, bəs Milli Məclisə layihə təqdim etmişik və həmin layihədə pensiya almaq üçün staj tələbinin ləğvi nəzərdə tutulur. İndi də bütün qəzet və saytlar nəzərdə tutulan dəyişikliklərin hansı zərurətdən yarandığını, insanlar üçün faydalı olub olmayacağını və bütövlükdə pis yaxud yaxşı nələrsə vəd etdiyini bilmədən Diqqət!, Şad xəbər! Əmək pensiyası almaq üçün staj tələbi ləğv olunur kimi başlıqlarla xəbər yaymaqla sanki xalqın xeyrinə baş verən inqilabi bir hadisənin anonsunu edirlər. Ən pisi də ondan ibarətdir ki, bu xəbərləri yazanlar baş verəcək dəyişikliklərin xalq üçün hansı faydaları olacağı barədə heç bir şey yaza bilmirlər. Səlim Müslümov da indiyə qədər bunun hansı zərurətdən yarandığını, əhaliyə nə kimi xeyrləri olacağı barədə nəsə deməyib. Bir iki qəzet bir iki iqtisadçıya müraciət edib staj tələbinin ləğvinin hansı zərurətdən yarandığını öyrənməyə çalışıb. Həmin iqtisadçıların fikirlərindən də görünür ki, onlar da bunun səbəblərini bilmirlər. Daha bilmirəm deməyi özlərinə sığışdırmadıqlarından nəsə demək xatirinə nəsə deyiblər. Bir sözlə suala aydınlıq gətirilməyib.
Bir şeyi hər kəsin bilməsi lazımdır ki, Səlim Müslümov kimi pafosu, şou qurmağı özünə peşə edən şöhrətpərəst korrupsioner adamların hər hansı təşəbbüslərinin xalqın xeyrinə olması çətin məsələdir. Bu baxımdan haqqında bəhs olunan məsələ də xalqın xeyrinə yox, birbaşa ziyanınadır. Ona görə heç kim deyilən və yazılanlarda nələrəsə ümid edib sevinməsin. Bu Səlim Müslümovun korrupsiya maraqlarına görə ortaya çıxan məsələdir. Belə ki, məlumdur ki, hazırda əlillik qrupu təyin edən TSEK-lər də Səlim Müslümovun nəzarəti altındadır. Buna baxmayaraq bu sahəni “yaxşı işlədə” bilmir. Ona görə ki, insanlar əvvəlki kimi böyük məbləğdə rüşvət verib əlillik qrupu almağa meyl göstərmirlər. Çünki əlillik qrupu aldıqdan sonra onların əmək pensiyası alması üçün 12 il sığorta stajı tələb olunur. Bu əngəli aradan qaldırıb, rüşvət alıb əlillik qrupu təyin etdikləri insanlara asanlıqla əmək pensiyası təyin edə bilmək üçün Səlim Müslümov staj tələbinin ləğvini fikirləşib və onu həyata keçirir. Onsuz da Milli Məclisə təqdim etdikləri layihədə pensiya yaşının artırılması nəzərdə tutulur. Pensiya yaşı artırıldıqdan sonra əlillik qrupu verməklə, pensiya təyin etmək üçün xeyli əlavə imkanlar yaranacaqdır. Səlim Müslümov da bunu hesabladığından qeyd olunan qərarı təqdim olunan layihəyə əlavə edib.
Dəyişikliklərdə söhbət ondan gedir ki, əmək pensiyası almaq üçün 12 ilə ödəyəcəyin sığorta haqqını 1-2 ilə də ödəyə bilərsən. Amma bu o demək deyil ki, bunu edəndən sonra əmək pensiyası ala bilərsən. Pensiyanı yalnız 63 yaxud 65 yaşa çatanda ala bilərsən. O da əlbəttə ki, əgər o yaşa qədər yaşamağı bacara bilsən. Həm də həmin dəyişikliklərdə “minimum pensiya məbləği” deyilən bir anlayış nəzərdə tutulur ki, bu da faktiki olaraq staj tələbinin ləğvi yox, onun 12 ildən 25 ilə qədər qaldırılması deməkdir. Yəni bu məbləğ ən azı insanların 12 ilə ödədiyi sığorta haqqından 2 dəfə yüksək səviyyədə müəyyən olunacaqdır ki, insanların da həmin məbləği ödəməsi üçün 12 il belə kifayət etməyəcəkdir. Məsələn, şərti olaraq əgər insanlar əvvəllər 12 ilə 1000 manat sosial sığorta haqqı ödəməklə əmək pensiyası almaq hüququ əldə edə bilirdilərsə, dəyişikliklərdən sonra bu hüququ əldə etmək üçün onların ən azı 2000 manat sosial sığorta haqqı ödəməsi tələb olunacaqdır ki, bunu da əvvəlki illərdə ödənilən səviyyədə ödəsələr onlara 24-25 il vaxt lazım olacaq. Bu həmdə pensiya sahəsində sosial ədalət prinsipinin yerli dibli ləğv olunması deməkdir. Belə ki, kimlər ki, yüksək əmək haqqı alır faktiki olaraq ancaq onların tələb olunan məbləğdə sosial sığorta haqqı ödəmək imkanları və əmək pensiyası almaq hüququ olacaq. “Əmək pensiyaları haqqında” qanuna başqa dəyişikliklər də təklif olunub. Ən başlıcası da pensiya yaşının artırılması və əmək pensiyalarının əsas tərkib hissəsi olan baza hissəsinin ləğv edilməsi ilə bağlı. Hansı ki, birincidə pensiya yaşının qadınlar üçün 62-dən 63-ə, kişilər üçün isə 63-dən 65-ə qaldırılmasından, ikinci halda isə hazırki dövrdəki pensiyaların əsas hissəsini təşkil edən 110 manat baza hissənin ləğvindən söhbət gedir. Amma nədənsə Səlim Müslümov bunlar barədə danışmağa ehtiyac görməyib. Bu yerdə kimlərsə iddia edə bilər ki, Səlim Müslümov neyləsin hakimiyyət də bunun belə olmasını istəyir. Düzdür, ola bilər hakimiyyət də buna hə deyir, amma bir məsələ var ki, bunu zəruri edən əsas amil səlim müslümovun uzun müddət gənc insanlara belə saxta yolla əmək pensiyası təyin etdirməsidir. Yəni problem birbaşa Səlim Müslümovla bağlıdır.
Bəs görən daha yuxarılar Səlim Müslümovun bu antixalq qərarı ilə necə razılaşıblar? Səlim müslümov bir tərəfdən yuxarılara göstərir ki, baxın pensiya yaşı və sığorta haqqı məbləği qaldırıldıqdan sonra nə qədər büdcə vəsaitinə qənaət olunacaq. Bununla özünə alqış alır. Digər tərəfdən isə bu kimi yollarla özünün korrupsiya maraqlarını ən yüksək səviyyədə təmin edir. Belə fərasətli nazir dünyanın hansı ölkəsində ola bilər? Təbii ki, Azərbaycandan savayı heç bir ölkədə. Səlim Müslümov əmək pensiyası almaq üçün staj tələbinin ləğvini və sosial sığorta haqqı məbləğinin qaldırılmasını yuxarılara o şəkildə izah edib ki, bu yolla insanları şirnikləndirib, onları daha çox sosial sığorta haqqı ödəməyə sövq edə bilərik. Bununla da xeyli əlavə vəsait toplaya bilərik. Amma əsl mahiyyət isə yuxarıda qeyd etdiyimiz kimidir. Bundan sonra belə bir təbliğat apara bilərlər ki, nə qədər ki, işləyirsiniz çalışın daha çox sosial sığorta haqqı ödəyəsiniz ki, zəruri məbləğdə kapital toplayasınız. Yoxsa sonra işiniz olmaz və həmin məbləği toplaya bilmədiyinizdən əmək pensiyası almaq hüququnuz yaranmayacaqdır. Baxın budur haqqında bəhs olunan dəyişikliklərin əsl mahiyyəti.
Heç şübhəsiz ki, Səlim Müslümov bütün bu planları nazirliyin topdağıtmaz aparat rəhbəri, nazirlikdə qurulan korrupsiya şəbəkəsinin başçısı Əjdər Cəbiyevlə birgə cızır və onların icrasını birgə həyata keçirirlər. Hələ ki, onlara gözünüz üstündə qaşınız var deyən yoxdur və belə görünür ki, deyən də olmayacaq….
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.