Eldar Mahmudovla Akif Çovdarovun 1995-ci ildən icra başçısı olan Gülağa İslamovu tora salması və qəsəbələri yağmalamasının müdhiş təfsilatı; İcra hakiminin müavini Lalə Əhmədovanın seçkidə namizədliyini geri götürməsinin ilginc təfərrüatı: Mahmudov çetesinə bağlı məmurlar araşdırılır
MTN bandası və Eldar Mahmudovun şəbəkəsi barədə hər gün yeni-yeni səhifələr açılır. Aydın olur ki, 2004-cü ildən təhlükəsizlik sektorunda kök salmış bu qruplaşma öz istəklərini zaman-zaman həyata keçiriblər. Onların toruna düşmüş və ya himayəsi altında qanunsuzluqlar etmiş məmurların bir-bir ifşa edilməsi qaranlıqları işığa çıxarır. Vaxtilə media üçün də müəmmalı olan olayların üstü açılır. “Gündəm-Xəbər”in apardığı təhlillər və araşdırmalar, o cümlədən media üzərindən əldə etdiyi informasiyalar, vəkil Ramiz Zeynalovun açıqladığı faktlar bütövlükdə Eldar Mahmudovun niyə məhz Bakının Xəzər rayonunda daha çox mülklərə sahiblənməsini aydınlaşdırıb. Araşdırmanı və mediada yer alan iddiaları təqdim edirik:
“Gülçülük” sovxozundan tanışlıq
MTN generalları ilə sıx əlaqədə olan və uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan icra başçılarından biri də Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov olub. Gülağa İslamovun özü də xəbəri olmadan və istəmədən sabiq MTN naziri Eldar Mahmudovun tələsinə düşdüyünü anlayıb. Sonra oyundan çıxa bilməyib. Gülağa İslamov vaxtı ilə “Gülçülük” sovxozunun direktoru olduğu dövrlərdə sabiq nazirlə çox yaxın münasibətlərə malik olub. Eldar Mahmudov MTN naziri təyin olunduqdan bir il sonra, 2005-ci ildə Gülağa İslamov Xəzər rayon icra başçısı təyin edilib. Onun təyinatını isə birbaşa Eldar Mahmudovun təqdimatı ilə həyata keçirildiyi qeyd olunur. Xəbərə görə, icra hakiminin MTN rəhbəri Eldar Mahmudova və bandasının üzvlərinə bağışladığı mülklər üzə çıxıb. Məlum olur ki, G.İslamov imzaladığı qanunsuz sərəncamlarla E.Mahmudova torpaqlar, restoranlar, ərazilər ənam verib. MTN işində adı keçməyən və himayə olunan Xəzərin icra başçısının əməlləri vəkil Ramiz Zeynalov tərəfindən faş olunub.
Türkan və Mərdəkanda ərazilər
Vəkilin mətbuatda çapı olunan irihəcmli müraciətində sensasion faktlar açıqlanıb. Siyahını təqdim etməzdən qabaq bildirək ki, G.İslamovun bu qərarları barədə araşdırma aparılsa, məsuliyyətə cəlb oluna bilər. R.Zeynalov yazıb ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi var imiş. Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib. 2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi də icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir. Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.
PA-ya çağırılıb və…
Vəkil isə məktubda daha müdhiş faktlar açıqlayıb. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizağa Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq E.Mahmudova verilib. 2015-in may ayında Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb. Xəzər RİH-nin İctimai-Siyasi Humanitar Məsələr Şöbəsinin müdiri Gülbala Qurbanov o zaman mətbuata deyib ki, Gülağa İslamov PA-ya çağırılıb, məsələ həllini tapıb.
Mahmudovla Çovdarovun Zirə əməliyyatı
R.Zeynalov müraciətində Zirə qəsəbəsində eks-nazirə və onun məmurlarına hədiyyə edilən obyektləri də sıralayıb. Zirə qəsəbəsi:
1. G.İslamov 2013-cü ildə Zirə qəsəbəsində – qoruğa gedən yolda 15 hektar torpaq sahəsini qanunsuz sərəncamı ilə Əli Əsədova və şəriki “TV Musa ləqəbli” Musa Süleymanova verib. Həmin sahədə mənimsənilmiş pul hesabına zavod inşa edilib və dənizin içinə körpü salınıb.
2. A.Çovdarova isə Zirə qəsəbəsində 10 hektar torpaq sahəsi ayrılıb. Vəkil iddia edir ki, bu torpaq sahəsi Xəzər RİH başçısı tərəfindən 2011-2012-ci illərdə ayrılıb, hasarı isə icra başçısının tapşırığı ilə Zirənin bələdiyyə sədri Firuz Rzayevin hesabına çəkdirilib.
R.Zeynalov müraciətində həmçinin qeyd edir ki, 2004-cü ildən 2011-ci ilə qədər MTN-in Xəzər rayon şöbəsinin rəisi vəzifəsində sabiq nazir E.Mahmudova ən yaxın adamlardan biri olan nardaranlı Həsən Ağayevdir. 2011-2014-ün noyabrına qədər Xəzər, həmin ildən indiyə qədər isə MTN-in Binəqədi rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunan soyadı məlum olmayan Rafiq adlı şəxs, ondan sonra isə sabiq nazir və Akif Çovdarovun yaxın adamı Fərhad adlı şəxs təyin edilib. Vəkilin yazdığına görə, bu şəxslərin hər biri vəzifə və qulluq mövqeyindən sui-istifadə edərək qanunsuz sərəncamlar əsasında torpaq sahələrinə yiyələniblər.
Lalə Əhmədova niyə geri çəkildi?
Mediada gedən iddialara görə, 2014-cü ilin yanvar ayında Xəzər rayon icra başçısının müavini təyin olunan Lalə Əhmədova da Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılmışdı. Lakin Eldar Mahmudov 17 oktaybrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər dolaşdı. Məlumata görə, Lalə Əhmədova Eldar mahmudovun yaxın qohumudur və onun Xəzər rayon İcra başçısının müavini təyinatında da Eldar Mahmudovun rolu az deyil.
Bildirək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. Poltava Koorperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirmişdir. Maraqlıdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 1995-ci il tarixli Fərmanı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bütün bu iddia və vəkilin açıqladığı faktlar həm də onu deməyə əsas verir ki, G.İslamov MTN şəbəkəsinin toruna düşüb və bu gücün qarşısında səsini çıxara bilməyib. Əslində, onun vəziyyətini başa düşmək də olar. Çünki MTN rəhbərliyi özünü dövlət içində dövlət kimi aparıb və bir rayon rəhbərinin onun əmrlərinə qarşı getməsi qeyri-mümkün idi. Bu baxımdan hörmətli Gülağa İslamovu dinləməyə və müsahibə almağa, onun mövqeyini dərc etməyə də hazırıq.
MTN-lə işləmiş başçılar cəncəldə
Bu arada onu da deyək ki, Azərbaycan hakimiyyəti sensasion bir əməliyyata hazırlıq görür və proses qeyri-rəsmi şəkildə həyata keçirilir. Məlumatda iddia olunur ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Məlumatlıq qaynaq iddia edir ki, hazırda qeyri-rəsmi siyahı tərtib olunur. Hakimiyyət mətbuatda da adı keçmiş icra hakimləri ilə bağlı araşdırmalar aparır. Qeyd edə ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra adı çəkilən qurumda aparılan təmizləmə əməliyyatı ölkədə şok effekti yaratdı. Mətbuatda adı “MTN işi” kimi hallanan təmizləmə əməliyyatında indiyə kimi xeyli sayda general, polkovnik və yüksək rütbəli zabitlər həbs olunub. Haqqlarında vəzifəslərindən sui-istifadə etmək, soyğunçuluq, dövlət əmlakını ələ keçirtmək, şantaj, reketçilik, adam oğurluğu və sair maddələrlə təqsirləndirilən sabiq MTN rəhbərlərinin hələ də əlaqədə olduqları və yaxud da cinayətə sürüklədikləri bir çox adamlar etdikləri cinayət tərkibli əməllərin cəzasını çəkmirlər. Halbuki həmin adamların fəaliyyəti nəticəsində minlərlə insanların hüquqları tapdanılıb, onların mülkiyyətlərinə əl qoyub, özləri isə fiziki və mənəvi ziyanlara məruz qalıblar.