Hakimiyyətdə struktur və kadr islahatları başladı; Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi; Ziya Məmmədovu təqaüd də, vəzifə yüksəlişi də gözləyə bilər; fevralın 24-də 83 yaşına qədəm qoyacaq Artur Rəsi-Zadə martda baş nazir kimi son hesabatını verəcək; siyahıda daha kimlər var?
Fevralın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olunub. Prezidentin eyni sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Sərəncamda deyilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsi, habelə nazirliyin strukturu və işçilərinin ümumi sayı barədə təkliflər iki ay müddətinə hazırlanıb prezidentə təqdim edilməlidir. Prezident İlham Əliyev Ramin Quluzadənin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi barədə də sərəncam imzalayıb.
Prezidentin sərəncamı “mürgü döyən” ölkə mediasında dərhal canlanma və ajiotaj yaradıb. Bunun əsas səbəblərindən biri əlbəttə ki, 2002-ci ilin avqust ayının 8-dən nəqliyyat nazir işləyən Ziya Məmmədovun işdən çıxarılması ilə bağlıdır. Doğrudur, 15 ildir nazir işləmiş Ziya Məmmədovun son ilyarımda səlahiyyətləri kifayət qədər azaldılmışdı. Onun hakimiyyət daxilində mövqelərinin zəifləməsi və dövlət başçısı yanında etimadının zədələndiyi barədə iddialar vardı. Bu proses artıq sabiq hesab edilən nəqliyyat nazirinin yaxın ətrafında da nəzərə çarpırdı.
Məsələn, son parlament seçkilərində Z. Məmmədovun qardaşı Elton Məmmədov gözlənilmədən deputat mandatına iddiaçı olmadı. Məmmədovların ailə şirkəti “Qarant-Holdinq”ə rəhbərlik edən oğlu Anar Məmmədov da son aylar tam kölgəyə çəkilmişdi. Mediada belə iddialar da vardı ki, ümumiyyətlə son aylar holdinqə daxil olan bir neçə hoteli satışa çıxarılıb ki, bu da şirkətin borclanması ilə bağlı ola bilər.
Ölkənin ən qüdrətli nazirinin “portfelsiz nazir”ə çevrilməsi səbəbindən tezliklə postunu da itirəcəyi əslində gözlənilən idi.
Z.Məmmədovun sərəncam mediada yayımlanandan cəmi bir neçə dəqiqə sonra “Yeni Müsavat”a danışmasından da belə anlaşılır ki, sərəncam onun üçün gözlənilməz olub. Sitat: “Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı, heç özüm də bilmirəm ki, nə olacaq, necə olacaq”. Sabiq nazir “indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı”, sualına belə cavab verib: “Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki... Bu işlər mənim səlahiyyətimdə deyil”.
Məlumatlara görə, uzun illər idarəetmə təcrübəsi olan Z. Məmmədov hakim komandadan kənar saxlanılmayacaq. Sabiq nazirin yaxın çevrəsi də iddia edir ki, Z.Məmmədov yeni təyinat alacaq. Bildirilir ki, Z.Məmmədov vitse-prezident və ya baş nazirin müavini də təyin edilə bilər. Onun baş nazirin müavini kimi nəqliyyat məsələlərini kurasiya edəcəyi də iddialar arasındadır. Başqa bir mənbə isə iddia edir ki, Ziya Məmmədov prezidentin müşaviri vəzifəsinə təyin olunacaq.
Z.Məmmədovun nazirliyinin ləğv olunaraq başqa bir nazirliyə birləşdirilməsinə aşırı diqqətin daha bir səbəbi şübhəsiz ki, iqtidar komandasında çoxdan gözlənilən kadr və struktur dəyişiklikləri ilə bağlıdır.
Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ 2015-ci ilin ortalarında ciddi hiss olunması ilə hökumət dövlət xərclərini azaltmağa və struktur islahatlarına başlamağa qərar verdi. Amma manatın devalvasiyası, maliyyə sabitliyinin oynaqlığı və bir sıra başqa amillər iqtidarı həm struktur, həm də hakimiyyət komandasında ciddi yenilənmədən çəkindirdi. Yalnız bəzi nazirliklərdə struktur dəyişiklikləri edildi, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olundu.
Ötən ilin sentyabr ayının 26-da keçirilən referendumla Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması qanuniləşdirildi. Daha çevik idarəetməni özündən ehtiva edəcək birinci vitse-prezident və vitse-prezidentlər postu yaradıldı. Yaxın günlərdə, ən uzağı mart ayında vitse-prezident təyinatlarının olacağı gözlənilir. Hakimiyyət yaxşı başa düşür ki, hələ də maliyyə bazarında və iqtisadiyyatda problemlər yaşandığı dönəmdə xalqın etimadını itirmiş məmurlarla davam etmək doğru seçim deyil. Təsadüfi deyil ki, son müşavirədə də dövlət başçısı bunu açıq dilə gətirib, məmurlara yenidən sərt şəkildə xəbərdarlıq edib. Bu səbəbdən də hakimiyyətdə çoxdan gözlənilən “qan dəyişimi” nəhayət ki, başlamalıdır. Martda hökumətin parlamentdə hesabatı dinlənilməlidir. Bildirilir ki, fevralın 24-də 83 yaşına qədəm qoyacaq Artur Rasi-Zadə üçün də bu baş nazir kimi son hesabat olacaq.
Ehtimal etmək olar ki, yeni dövrün əsas iqtisadi ağırlığı vitse-prezidentlərin üzərinə qoyulacaq ki, bu postda kimlərin təyinat alacağı indi böyük maraqla izlənməkdədir.
Məlumdur ki, 1-ci vitse-prezident əsas etibarilə iqtisadi komandanı kurasiya etməklə, islahatların həyata keçirilməsinə təhkim olacaq. Bu posta indiyədək hakimiyyətdə təmsil olunan ən müxtəlif şəxslərin adı hallanır. Ən son xəbərlərdə deyilir ki, bu posta ən ciddi namizədlərdən biri Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur. Daha bir xəbərdə isə iddia olunur ki, vitse-prezidentlərdən biri də güc strukturlarından birinin indiki rəhbəri olacaq. Digər vitse-prezidentlərin kimlər olacağı da siyasət dəhlizlərinin müzakirə mövzusudur.
Bu il hökumət qarşısında dayanan ən vacib məsələ daha çevik və mobil idarəetmə strukturlarını formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində daha bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək. Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi bir sıra qabaqcıl ölkələrin praktikasında var. O cümlədən dost ölkə Türkiyədə də. Yəni ilk baxışdan bir-biriləri ilə zəif əlaqəsi olduğu görünən iki strukturun birgə fəaliyyəti əslində daha rentabelli olacaq.
Bəzi iddialara görə, Gömrük Komitəsinin də ləğv edilərək səlahiyyətlərinin bir qisminin “ASAN xidmət” və Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Belə ehtimal var ki, Kənd Təsərrüfatı Nazirliyi də ləğv edilsin, səlahiyyətləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülsün. Böyük ehtimalla İslam Oyunlarından sonra Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi müzakirə edilir. Nəqliyyat Nazirliyinin ləğv edilməsi ilə bu dəyişikliklərə start verildi və qarşıdakı günlərdə yeni kadr və struktur dəyişikliklərinin olacağı gözlənilir. Anlaşılan budur ki, media üçün də yazmağa və təhlil etməyə xeyli mövzular olacaq...
“Yeni Müsavat”