Dövlət başçısı İlham Əliyevin cəzaların yüngülləşdirilməsi barədə imzaladığı sərəncamın icrası on minlərlə insanın taleyinə təsir edəcək; yaxın zamanlarda ölkə həbsxanalarında dustaqların sayı kəskin şəkildə azalacaq
Fuad Ələsgərov: “Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir”
Xəbər verildiyi kimi, ötən həftə prezident İlham Əliyev “Cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.
İlk baxışdan daha çox ölkədə hüquqla problemləri olmuş vətəndaşları maraqlandıra biləcək sərəncam əslində hər bir Azərbaycan vətəndaşı üçün çox mühümdür. Çünki heç kim, necə deyərlər, hansısa xırda səhvi ucbatından həbsə düşməyəcəyindən sığortalanmayıb. Heç kimə sirr deyil ki, indi xeyli sayda vətəndaş adi bir səhvi, məsələn, qonşusunun çəpərindən keçib oğurluq etdiyi və ya cavanlıq edərək birinə xəsarət yetirdiyi üçün həbsxana həyatı yaşamalı olur. Bu isə həm ciddi psixoloji travma, həm onların ailələrinə əlavə problem deməkdir. Prezident sərəncamının “xalq dili” ilə izahı budur ki, indən sonra bu kimi yüngül, cəmiyyət üçün təhlükə törətməyən qanun pozuntuları hallarında cəza siyasəti humanistləşdirilsin, məhkəmələr bu kimi hallarda həbsxanaları yox, mümkünsə cərimələri seçsin, mümkün deyilsə, ev dustaqlığına qərar versin ki, insanlar “heç nədən” gedib həbsxanalara düşməsinlər, ailələrin həyatı cəzaçəkmə müəssisələrinin qapısı qarşısında keçməsin.
Prezidentin sərəncamı ilə bu kimi hüquqi məsələlərə nəzarəti Ədliyyə Nazirliyi yanında yaradılan Probasiya xidməti edəcək. Probasiya xidməti məhkəmələrin şərti məhkumetməyə məhkum etdiyi şəxsin dövlətin vətəndaşa verdiyi bu şansadan necə yararlandığına, “özünü necə aparmasına” nəzarət edəcək orqan kimi fəaliyyət göstərəcək. Yeri gəlmişkən, iki ay əvvəl Rusiyada da hökumət ağır cinayət törətməmiş məhkumların azadlığa buraxıldıqdan sonra özlərini necə apardıqlarını nəzərdə tutan pilot layihələrə start verib. Ali Məhkəmədə sədr Ramiz Rzayevin sədrliyi ilə məhkəmə sədrlərinin toplantısında sərəncamdan irəli gələn məsələlər müzakirə edilib.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində bu mühüm sərəncamı şərh edib.
F.Ələsgərov deyib ki, imzalanan sərəncam prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. “Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Prezident mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərib” deyə, PA rəsmisi bildirib. “
F.Ələsgərov deyib ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. “Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək”deyə, F.Ələsgərov bildirib.
PA rəsmisi yeni yaradılacaq Probasiya xidməti barədə nə danışıb: “Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun - Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib.
Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir. Xarici ölkələrdə mövcud Probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır".
F.Ələsgərov cəzası yüngülləşdirilmiş şəxslərə Qərb ölkələrində, eləcə də qonşu Rusiyada geniş tətbiq edilən elektron nəzarət barədə danışıb: “Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təchiz edilir və rabitə şəbəkələrinə qoşulur.
Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib hazırlanmalıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən müvafiq normativ aktların layihələri hazırlanacaq".
F.Ələsgərov sonda deyib ki, artıq sərəncamın icrası ilə bağlı işlərə başlanılıb.
Göründüyü kimi, prezidentin imzaladığı sərəncamın icrası on minlərlə insanın taleyinə təsir edəcək və həm də yaxşı mənada. Bu sərəncam şübhəsiz ki, ölkə həbsxanalarında dustaqların sayının azalmasına da müsbət təsir göstərəcək.
YM