Qarabağda müharibə, şəhidlər və erməni leşləri – niyə indi?

27-02-2017, 09:25   


Xocalı soyqırımının ildönümündə düşmənin xain təxribatı; Cəbhədəki son insidentin mümkün pərdəarxası; genişmiqyaslı toqquşma ehtimalı günbəgün artır; analitiklər son durumu dəyərləndirir; hərbi ekspert “Düşmənin itkiləri qat-qat çoxdur...”

Artıq bir neçə gündür Ermənistan ordusu Tovuz rayonundan başlamış, Tərtərə qədər çox böyük bir arealda atəşkəsi intensiv pozur. Cəbhə xətti boyunca gərgin döyüşlərin getdiyi barədə Müdafiə Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Nazirlikdən bildirilib ki, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Xocavənd-Füzulu istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib.


Nazirliyin dünən yaydığı xəbərdə də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmaqda davam etdiyi bildirilib. Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.




Müdafiə Nazirliyinin yaydığı məlumatlar da durumun kifayət qədər ciddi olduğunu göstərir. Həm Ermənistan, həm Azərbaycan tərəfindən itkilərin olduğu bildirilir. Gərginliyin Ermənistan tərəfindən süni şəkildə yaradıldığı, arxasında hansısa planların dayandığı şübhəsizdir. Ermənistanın təxribatlarının Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsinə təsadüf etməsi də suallar yaradır. Hərbi və siyasi ekspertlər də hesab edir ki, Ermənistanın hücum taktikasını seçməsi daha çox bu ölkənin daxilindəki gərginliklə bağlıdır.




Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, son günlər cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın keçən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil. Əgər elə olsaydı, konkret istiqamətdə hərbi zərbələri hiss etdirilərdi və yerdə qalan digər ərazilərdə ermənilər güc tükətiminə, resurslarının əldən getməsinə razı olmazdılar: “Bir neçə gündür ki, Tovuzdan başlamış Tərtərə qədər, bəlkə də yaxın gələcəkdə Naxçıvanı da əhatə edəcək böyük bir areal üzrə erməni təxribatları özünü göstərir və göstərməkdədir. Amma əsas döyüşlər mərkəzi olaraq, Qarabağda gedir. Belə düşünürəm ki, burada bir nömrəli amil əslində Ermənistanda keçirilən seçkilərdir. Rəy sorğuları hakim partiyanın mövqelərinin çox bərbad vəziyyətdə olduğunu göstərir. Belə vəziyyətdə hakimiyyət total saxtalaşdırmaya getməlidir.

Məlumat üçün deyim ki, Serj Sərkisyan öz partiyasına və rəhbərlik elədiyi bloka müdafiə naziri Vigen Sərkisyanın adını birinci yazıb. Onlar cəmiyyətə sosial, siyasi, iqtisadi vədlər deyil, 25 il əvvəl olduğu kimi yenə də Qarabağla bağlı hansısa vədləri verirlər. Bu üzdən sanki seçki təbliğatı səngərdə gedir və onlar bir tərəfdən bütün daxili rəqiblərini bu vasitə ilə susdururlar. Həmçinin düşünürlər ki, əgər azərbaycanlılara zərbə vurulsa, lokal uğur əldə olunsa bu, şübhəsiz ki, aprelə qədər hakim partiyanın mövqeyini gücləndirəcək.


İkinci məsələ ondan ibarətdir ki, şübhəsiz, onlar ötən bir ilə yaxın vaxt ərzində ön cəbhəni xeyli dərəcədə möhkəmləndirməyə çalışıblar, mühəndis texniki qurğular genişləndirilib, gecə görmə cihazları, avadanlıqlar, ağır silahları da həmin ərazilərə yığıblar. Bu, o deməkdir ki, ilk anda vurula biləcək zərbələrin qarşısını almaq üçün tədbirlər görülüb. Amma Azərbaycanın malik olduğu silahların uçma radiusunu hesablayanda ermənilərin ön xəttə gördüyü həmin işlərin çox da əhəmiyyəti olmayacağına əminik. Amma çoxlarının sual etdiyi kimi, bu təxribatların doğrudanmı arxasında başqa mərkəzlər var?

Xüsusilə də Azərbaycanın dövlət başçısının Avropaya səfəri, orada vaxtilə Avropa Birliyi ilə razılaşdırılmayan assosiativ saziş sənədinin başqa bir paraflanmış formasının gündəmə gətirilməsi və yaxınlarda onun imzalanacağı bölgə dövlətlərinin bizə qarşı müharibə qərarı verməsinə gətirib çıxarırmı? Bu cür suallarda əksini tapan versiya nə qədər doğrudur?

Mən düşünürəm ki, bunun əsası yoxdur. Çünki biz region dövlətləri, xüsusilə də Rusiya ilə münasibətlərimizi pozacaq, onun strateji maraqlarına zərbə vuracaq hər hansı addımlar atmamışıq. Ona görə də rəsmi İrəvan üçün cəbhə xəttində xüsusi fəallaşmanın geopolitik konteksti və ya xarici dairə amili yoxdur”.



Deputat hesab edir ki, əslində mahiyyətcə proseslər Azərbaycanın xeyirinədir. Çox geniş bir ərazidə təxribatlar ermənilərin gücünün paylanması, bölünməsi baxımından qətiyyən Ermənistanın xeyirinə işləmir: “Ermənilərin döyüşdə ölənləri Azərbaycanla müqayisədə üçqat artıq itkidir. Ona görə ki, onların əhali və əsgəri sayı bizimlə müqayisə oluna bilmir. Ermənistan rəhbərliyi apreldə keçiriləcək parlament seçkilərinədək cəbhə xəttində məlum tamaşanı davam etdirməyə və hansısa uğurlar qazanmağa çalışacaqlar. Lakin birdəfəlik bilmək lazımdır ki, hər bir toqquşma Dağlıq Qarabağda və Ermənistanda çox böyük siyasi, mənəvi-psixoloji nəticələr doğurur, əhali arasında vahimə yaradır. Azərbaycan isə bir daha faciələr yaşamağa köklənməyib”.


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, Azərbaycanın hərbi potensialı düşmənin istənilən həmləsinə cavab verməyə imkan verir. Ermənistan sülhə vadar edilməsə, işğalçılıq siyasətindən əl çəkməsə və torpaqları geri qaytarmasa, biz digər üsullardan istifadə edib, torpaqlarımızı azad etməliyik: “Biz buna çox yaxınıq. Mən inanıram ki, yaxın dövrdə danışıqlar prosesində əlavə təkan, əlavə siyasi impuls olmalıdır. Bunun nəticəsində Ermənistanı sülhə gətirmək mümkün olmasa, regionda yeni münaqişənin başlanmasına görə bütün məsuliyyət Ermənistan rejiminin üzərinə düşəcək”.


Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, erməni tərəfi maksimum çalışır ki, vəziyyət kritik həddə çatsın. Onlar fevralın 25-dən başlayaraq Ağdam, Tərtər istiqamətində bəzi hərəkətlərə yol verdilər. O cümlədən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, Tovuz, Qazax istiqamətində gərginlik yaratmağa çalışdılar. Amma elə həmin gün uğursuzluqla üzləşən ermənilər Xocavənd Füzuli istiqamətində açıq düzəngah istiqamətində müəyyən addımlar atmağa çalışırlar: “Artilleriya mərmilərindən istifadə edirlər. Artilleriya mərmiləri də çox böyük dağıdıcı gücə malikdir. Müdafiə Nazirliyinin məlumatında da gördünüz ki, bizim şəhidlərimiz var, yaralananlar var. Müdafiə Nazirliyi də düşmənin hərəkətlərini diqqətdən kənar saxlamır. Cavab zərbələri endirir. Nazir Zakir Həsənov özü də vəziyyətin gərgin olmasının şəxsən şahidi olub. Lazımi göstərişlər verib. Azərbaycan ötən ilin aprelində böyük səbir, dözüm nümayiş etdirdi. Amma düşmən bundan çox namərdcəsinə istifadə elədi. Bir il ərzində həm havadarları Rusiyadan, həm də digər ölkələrdən kifayət qədər ciddi silahlar alınıb. Xeyli əlavə güc və qüvvə toplanıb. Ona görə də hər iki tərəfdən itkilər çoxdur. Biz bunu bilməliyik, hazır olmalıyıq. Bu, müharibədir, biz bundan təşvişə düşüb, qorxmalı deyilik. Müharibədə konsert olmur, itki olur. Yaralananlar olur”.



Ü.Cəfərov sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə müraciət də etdi: “Bir qədər ehtiyatlı olun. Dünəndən sosial şəbəkələrdə yalandan yayırlar ki, camaat kəndlərdən çıxdı, təşvişə düşdü və s. Biz heç yerə çıxmırıq. Lazımsız fikirlərdir bunlar. Biz qabağa getməliyik və gedəcəyik də. Son dərəcə ehtiyatlı olun. Ordumuz kifayət qədər gücə malikdir. Səbirli olsanız, özünüz də görəcəksiniz ki, ermənilər hansı sarsıntıları keçirəcəklər. Bir nəfər əsgər və zabitimizin də sıramızdan vaxtsız getməsi əvəzsiz itkidir. Onlar Vətən uğrunda, torpaq naminə həyatlarını qurban verdilər. Amma, alçaq və şərəfsiz ermənilərin itkiləri bizimkindən qat-qat çoxdur. Təxmini hesablamalara görə düşmən bizdən 7 dəfə çox itki verib. Özünüz də yaxın günlərdə görəcəksiniz ki, ermənilər öz murdar leşlərinin sayını tədricən, iki gündən, üç gündən bir açıqlamağa başlayacaqlar. Sosial mediada olan dostlardan və xüsusən də onlayn saytlar və bloqlarda olan yoldaşlardan acizanə xahiş edirəm ki, düşmənin məlumatlarından istifadəyə son qoysunlar. Ən azından onlar hər zaman olduğu kimi, bu dəfə də dezinformasiyaları aktiv yayır və ordumuzun, xalqımızın ruhdan düşməsi üçün bütün mümkün variantlardan istifadə edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri də son dərəcə özlərini yersiz aparırlar. Bu müharibədir və düşmən bizim bəzi xüsusiyyətlərimizdən tam öz xeyrinə istifadə etməyə çalışır. Diqqətli və ehtiyatlı olaq. Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə bütün əməliyyat şəraitinə nəzarət edir və heç bir panikaya və narahatçılığa əsas yoxdur”.


Politoloq Qabil Hüseynli isə hesab edir ki, Ermənistan son təxribatlarını Rusiyaya arxalanaraq edir: “Yoxsa onlar qətiyyən belə irimiqyaslı hücumlara cəsarət etməzdilər. Cəbhə xəttində ermənilərin bu fəallığı hələ bir müddət dayanmayacaq, çünki bu işdə təhrikçi güc mərkəzinin olduğu aydın hiss olunur. Ermənilərin hücumlar zamanı ağır artilleriyadan istifadə etməsi, üstəlik, cəbhə xəttini yarmaq və müdafiə xəttinin içərilərinə doğru irəliləmək cəhdləri göstərir ki, bütün cəbhə xətti boyunca müşahidələr düşmən tərəfindən süni peyk kəşfiyyatı ilə aparılıb. Azərbaycan Avropa Birliyi ilə saziş hazırlayır. Həm bu amil, həm Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında nazirlərin üçüncü görüşü və sözügedən layihənin böyük hissəsinin istismara hazır olması bir çox dairələri əməlli-başlı narahat edib. Xüsusən də Moskva və İrəvanı. Avropa bazarlarına yiyələnmək uğrunda bu istiqamətdə Azərbaycanla yeganə rəqabət aparan ölkə Rusiyadır. Azərbaycanın Avropanın mavi qaz bazarına birinci çıxması və qitənin cənub istiqamətlərində Rusiyanı üstələməsi, Avropa Birliyi ilə danışıqlara başlaması Moskvanı qıcıqlandırır. Rusiyanın forpostunun son günlər hərbi təxribatları intensivləşdirməsində həmin qıcıqlanmanın təsirinin olduğu şübhəsizdir”.


Etibar SEYİDAĞA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.