Fevralın 24-dən 25-nə keçən gecə cəbhə bölgəsində vəziyyət gərginləşsə də, Müdafiə Nazirliyi ilk günlər baş verənlərlə bağlı cəmiyyətə ətraflı informasiya vermədi. Bu isə, istər-istəməz cəmiyyətdə bir qədər narahatçılığa səbəb oldu. Hansı ki, bu narahatçılıq istər mətbuatda, istər də sosial şəbəkələrdəki müzakirələrdə aşkar hiss olunurdu. Hər kəs cəbhədə olan yaxın qohumlarının, tanışlarının həyatından narahat idi. Əslində, buna da əsas var idi, çünki, həmin gecə 5 nəfər hərbi qulluqçumuz şəhid olmuşdu.
Müdafiə Nazirliyinin bu susqunluğuna münasibət bildirən ADP sədrinin birinci müavini Həsrət Rüstəmov hesab edir ki, xalqın ilk mənbədən, yəni Müdafiə Nazirliyindən məlumatlandırılmaması səhv addımdır: “Çünki bu şayiələrin, narahatlıqların yaradılmasına səbəb olur. Çox məhdud məlumat verilmişdi. Əvvəl məlumat verdilər ki, itkilər var, dəqiq məlumat çox gec verildi. Müharibə halında rəsmi mənbədən verilən məlumatlar müəyyən qədər nizamlanıb çıxır, bəzən bir qədər gecikdirilir. Xalqı bu qədər məlumatsız saxlamaq səhvdir”.
Bəs, son atışmada nədən aprel döyüşlərindəki əhval-ruhiyyəni yaratmağa cəhd olunmadı?
H.Rüstəmovun fikrincə, aprel döyüşlərində Azərbaycan hökuməti ciddi cəzalandırılıb: “Xatırlayırsınızsa, aprel döyüşlərindən sonra Rusiya Azərbaycanı kəskin tənqid etmişdi. O cümlədən Minsk qrupunun həmsədri olan ölkələrin hamısı döyüşün olmasını yolverilməz hesab etimişdilər. Ondan sonra belə bir vətənpərvərlik əhval-ruhiyyəsi kompaniyasının yaradılmasını başağrı hesab etdilər. Halbuki Azərbaycanın öz torpaqlarını öz yüridiksiyasına daxil etməsi üçün hər hansı bir döyüş əməliyyatı aparması müstəsna hüquqdur. Buna heç kim, heç bir dövlət qarışa bilməz. Beynəlxalq hüquq buna tam icazə verir. Buna baxmayaraq, aprel döyüşlərindən sonra Azərbycana cox ciddi təpkilər oldu. Mənə elə gəlir ki, son döyüş zamanı Azərbaycanın bir qədər qorxaq bir xətt yürütməsinin səbəbi bu ola bilər”.
Ordumuzun gücü, qudrəti vurğulanır. Amma nədən Qarabağ müharibəsində məğlub durumdayıq?
Həsrət Rüstəmov bildirdi ki, Azərbaycan ordusunun müdafiə qüdrətini təsvir edərkən hökumət, ordu rəhbərləri alınan silahları nümayiş etdirirlər: “Silah ordunun bir hissəsidir. O silahı atan əsgər, o əsgərin dalında duran xalqdır. Bunlar daha böyük anlayışlardır. Bunlar bir yerdə olmasa, o silahların heç bir əhəmiyyəti yoxdur. Ikinci bir tərəfdən Azərbaycan hökuməti həmişə beynəlxalq müstəvidə uduzan bir xətt aparıb. Bunun özü də Qarabağ məsələsində Azərbaycan ordusunun qalib gəlməsi üçün şübhələr yaradır. Ilk növbədə də Rusiya ilə bağlı. Qarşı tərəfdə Ermənistan tək deyil, onun arxasında Rusiya var. Hətta “bizim qarşımızda Ermənistan yox, Rusiya dayanıb” deyə bilərik. Çünki Rusiyanın belə bir devizi var ki, harada rus əsgəri var, Rusiyanın sərhədləri oradan başlayır. Belə desək, onların düşüncəsinə görə, Azərbaycanın işğal olunumuş ərazilərindən Rusiyanın sərhəddi başlayır. Amma Azərbaycan hökumətinin heç vaxt cəsarəti çatmayıb desin ki, qarşı tərəfdə Rusiya var və Ermənistan tək deyil, onun arxasında, onunla birlkdə düşmən kimi duran bir qüvvə, imperiya var. Eyni zamanda Rusiyanı neytrallaşdırmaq istiqamətində də tutarlı siyasi addımlar atıla bilməyib. Həmişə Azərbaycan hökuməti silah alınması məsləsində və digər regional layhələrdə də Rusiyanı narazı salmamağı, Rusiya ilə yumşaq danışmağa meyllidir və heç vaxt Rusiyadan Qarabağ məsələsində neytral mövqedə qalmağı tələb edə bilməyib.
İkinci bir tərəfdən ordu xalqla birlikdə olanda güclü olur. Bu gün xalq seçkilərdə bu hökumətə dəstək vermir, bu hökumətin arxasında durmur və ordu da xalqın övladlarından ibarətdir. Yəni ki, belə bir vəziyyətdə ordu nə qədər monolit və döyüşkən əhval-ruhiyyədə ola bilər? Bu vətəndə ata-anası işsiz qalan, ac qalan insanların övladları təbii ki, cəhbədə çox möhkəm, mətanətlə dayana bilməz. Bu, bizim arzumuzdur ki, bizim ordumuz möhtəşəm qələbələr qazansın, güclu, monolit olsun. Amma Azərbaycan hökumətinin apardığı siyasət buna imkan vermir".
Müdafiə Nazirliynin cəbhədəki son atışma ilə bağlı verdiyi “hücuma keçmirik, müdafiə olunuruq” açıqlamasında münasibət bildirən H.Rüstəmovun fikrincə, Müdafiə Nazirliyi siyasi bəyanatlar verir: “Halbuki Müdafiə Nazirliyinin bilavasitə vəzifəsi Azərbaycan Konstitusiyası ilə Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad etməkdir. Bunun üçün isə təbii ki, döyüşə girmək lazımdır. Azərbaycan Müdafiə Nazirliyi döyüşə girmirsə, yalnız müdafiə ilə məğuldursa, sözün həqiqi mənasında bu bir siyasi bəyanat deyilsə, bu, yolverilməz, yarıtmaz haldır. Bu onu göstərir ki, Azərbaycan hökuməti öz Konstitusion borcunun öhdəsindən gəlmir, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilməyəcək”.
O ki qaldı 5 nəfər şəhidmizin nəşinin 3 gün neytral zonada qalmasına, ADP sədrinin müavini dedi ki, bu, Azərbaycan ordusunun nə qədər müvəffəqiyyətli döyüş apardığını şübhə altına alan bir faktdır: “Təbii ki, müharibədə bu cür şeylər olur. Geniş döyüş əməliyyatları olursa, artıq cəsədlər haqqında, torpaqların geri alınması haqqında düşünmək lazımdır. Amma istənilən halda ordu öz itkilərini kompensasiya etmək, öz şəhid olmuş canlı qüvvəsini geri götürmək haqqına sahibdir. Bunu bacarmaq qüdrətində olmalıdır. Bunu bacarmırsa, hər dəfə döyüşdən sonra Azərbaycan əsgərlərinin düşmən bölgəsində qalan meyitlərini götürə bilmirsə, bu ordunun nə qədər aciz olduğunu göstərir. Biz bunu da nəzə almalıyıq”./turaninfo.az/