Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bir vaxtlar can deyib, can eşidən kadrı ilə ədavəti davam etdirir.
anaxeber.info-ın verdiyi məlumata görə, sabiq nazir "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanov əleyhinə media kampaniyasına başlayıb.
Eks-nazir keçmiş sağ əli ilə açıq şəkildə kompromat savaşındadır. Z.Məmmədov C.Qurbanov haqda mediaya məlumatlar sızdırır, sosial şəbəkələrdə səhifə açdırıb əleyhinə təbliğat işi aparır.
Məsələn, “Xəbərimiz var” adlı Feysbuk səhifəsində baş dəmiryolçu haqda müxtəlif materiallara rast gəlmək olar. İddialara görə, bu kampaniyanın arxasında keçmiş nazir dayanır.
Z.Məmmədovun vaxtilə ən mühüm kadrlarından olmuş C.Qurbanovun sonra ayrı siyasi klanda təmsil olunması və naziri “vurması” münasibətləri düşmənçilik həddinə çatdırdı. Ona görə də uzun müddətdir ki, tərəflər arasında qovğa dayanmır.
Z.Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra qırğın yeni müstəviyə keçib və eks-nazirin nəzarətində olan media emissarları C.Qurbanovla bağlı məlumatlar yayırlar.
Eyni zamanda Feysbuk kampaniyasına səfərbər olunmuş qüvvələr konkret olaraq C.Qurbanovu hədəfə alıb. Yuxarıda adını çəkdiyimiz Feysbuk səhifəsində paylaşımların demək olar ki, hamısı C.Qurbanov haqda müxtəlif saytlarda gedən yazılardır.
anaxeber.info-ın verdiyi məlumata görə, Z.Məmmədov bu yolla C.Qurbanovdan qisas almağa çalışır. Onun bu cəhdlərinin nə dərəcə uğurlu olduğunu söyləmək çətindir, amma keçmiş şərikinin qanunsuz əməlləri haqda müfəssəl bilgilər var və onları sızdırır.
İddia olunur ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunandan az sonra mətbuata verdiyi açıqlamalar Ziya Məmmədovu hiddətləndirib.
Cavid Qurbanov həmin açıqlamaları da “Azərbaycan Dəmir Yolları” QSC-dəki nöqsanlarla bağlı olub. O, həmçinin qurumda kompleks yoxlamalar başlayıb. O, yoxlamaların nəticəsini “yuxarılar”a təqdim edib.
Bundan sonra Ziya Məmmədovun göstərişilə Cavid Qurbanovun “Azəryolservis” ASC-nin rəhbəri olduğu dövrlə bağlı araşdırmalara başlanılıb və baş dəmiryolçu barədə kompromat məqalə hazırlanıb. Həmin məqalə Ziya Məmmədova yaxın saytlara ötürülməliymiş.
Lakin hansısa səbəbdən Ziya Məmmədov son anda qərarını dəyişib. İndisə nazir deyil, adi vətəndaş olan Məmmədov Qurbanovla olan köhnə ədavətin yeni səhifəsini açıb. Əslində, bu qarşıdurma maliyyə naziri Samir Şərifovla keçmiş bankir Cahangir Hacıyevin davasına oxşayır.
Onlar da müxtəlif qanunsuz işlərdə əlbir olublar, elə ki bankir həbs olunub, nazir ona qarşı mediada qara piar başladıb. Z.Məmmədovla C.Qurbanovun da korrupsiya əməlləri ortaq olub və mətbuat illərlə davamlı olaraq yazıb.
Amma heç bir reaksiya verilməyib. Bu gün onların toqquşmaları yalnız intiqam almaq məqsədi daşıyır. Çünki C.Qurbanov Z.Məmmədovu siyasi baxımdan arxadan vurub. QSC sədrinin indi hakimiyyətdəki mövqeyi möhkəmlənib və Z.Məmmədovun nazir vəzifəsindən gedişində onun da xidmətlərinin olduğu bildirilir.
Zaman-zaman C.Qurbanova yaxın mediada nazir əleyhinə yazılar dərc olunub, özü çıxışlarında Nəqliyyat Nazirliyini dolayısı ilə ittiham edib. Z.Məmmədovun Feysbukdakı kampaniyası da C.Qurbanova iynələməkdir.
anaxeber.info-ın verdiyi məlumatda o da deyilir ki, C.Qurbanovun vaxtilə dəmir yol idarəsində işləyərkən həyata keçirdiyi dəhşətli maxinasiyaların üstü açılıb.
Belə ki, dəmir yolu relslərinin və şpalların yenilənməsi adı altında faktiki olaraq dəyişilməyən avadanlıqlar dəyişibmiş kimi sənədləşdirilməklə külli miqdarda vəsaitlər silinib.
RF-də fəaliyyət göstərən və həmin vaxt qeydiyyatı ləğv edilmiş "Cİ-AYMARKET” MMC-nin direktoru Elyar Dəmirovun vasitəsi ilə "Sigma & co” firması ilə 14 milyon manatlıq maliyyə əməliyyatı edilib və sonuncu MMC-nin direktoru Eldar Məmmədova çatacaq "pay” ünvana çatdırılmayıb.
Bu haqda 24saat.org yazıb. Çirkli pul olduğu üçün məsələnin hüquq-mühafizə orqanları müstəvisində həlli mümükünsüz olması səbəbindən Eldar Məmmədov cinayət aləmində həmin vaxt tanınmış simalardan olan "Naxçıvanlı Kəramət” vasitəsi ilə Cavid Qurbanova təzyiq etdirməyə başlayıb.
"Razborka” üçün görüş də təyin edilib. Məhşur "40 pilləkən” deyilən ərazidə problemli tərəfi gözləyən Eldar Məmmədov və "Lotu Kəramət” Qurbanovun həmin söhbətə tək deyil, gənc bir oğlanla gəldiyini görüb.
Söhbət bir neçə dəqiqə keçməmiş silahlı insidentə çevrilir və ora gətilirən həmin gənc oğlanın tapançasından açdığı güllə ilə Kəramət yaranalır.
Məsələyə müdaxilə edən hüquq-mühafizə orqanları Kəraməti və həmin gənc oğlanı həbs edirlər. O, məhkəmənin qərarı ilə psixi müalicəyə göndərilərək məsuliyyətdən azad olunur.
Bu informasiya, C.Qurbanovun saytları haqda materiallar və s. məqalələr Z.Məmmədovun açdırdığı Feysbuk səhifəsində yayımlanır və səhifənin tək hədəfi C.Qurbanovdur.
Buna baş dəmiryolçunun cavabının necə olacağı isə yaxın vaxtlarda bilinəcək. Hər halda eks-nazirə cavab gecikməyəcək. C.Qurbanovun özünə yaxın mediada kampaniya başlatması kifayət qədər real görünür. Mövzu ilə bağlı yeni məlumatlar araşdırırıq.
anaxeber.info
Turan