ABŞ-dan Bakıya tәlәb: Bütün siyasi mәhbuslar dәrhal azad edilsin

21-03-2017, 20:56   



Helsinki Komissiyası İlham Əliyevin axırıncı əfv sərəncamından narazıdır

ABŞ-ın Helsinki Komissiyası Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə və insan haqları, demokratiya, hüququn aliliyi üzrə ATƏT-in öhdəliklərini yerinə yetirməyə çağırıb.

“Çox təəssüfləndirici haldır ki, prezident Əliyevin Novruz qabağı əfv sərəncamı ilə buraxdığı məhbuslar arasında siyasi məhbusların çox az bir hissəsi olub”, – deyə Helsinki Komissiyasının həmsədri senator Rocer Viker bildirib.

O, xatırladıb ki, ATƏT üzvü olan ölkələrin hökumətin müdaxiləsi olmadan informasiya və fikir mübadiləsi aparmaq azadlığı da daxil olmaqla, ifadə azadlığına hörmət etmək öhdəliyi var. “Azərbaycan hökuməti dinc şəkildə öz hüquqlarından istifadə etdiyi üçün həbs edilən müxalifətçiləri, insan haqları fəallarını və dini liderləri azad etməklə öz öhdəliklərini yerinə yetirməlidir. Siyasi motivli ittihamlarla 5-ci ildir həbsdə olan keçmiş prezidentliyə namizəd İlqar Məmmədov azad edilməlidir”, – deyə senator Viker əlavə edib.

Helsinki Komissiyasının digər həmsədri Kristofer Smit isə deyib ki, İlham Əliyevin axırıncı əfv sərəncamı bir çox insan haqları fəalını, jurnalist və siyasi müxalifət funksionerini həbsdə saxlayıb. “Onlar hazırda pis rəftara məruz qalırlar. Mən İlham Əliyevi insan haqları və demokratiyaya hörmət etməyə, bütün vicdan məhbuslarını azad etməyə çağırıram”, – deyə Smit bildirib

Helsinki Komissiyası xatırladır ki, 2016-cı ildə Azərbaycan hökuməti 148 məhbusu Novruz bayramı ərəfəsində əfv etmişdi, onların arasında nüfuzlu insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi bir çox insan var idi. Bu il isə hökumət 400-dən çox məhbusu əfv edib, amma azad edilənlər arasında cəmi 4 siyasi məhbus olub.

İlkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.