Bakı-Vaşinqton münasibətlərinə təsir edən məsələ yenidən gündəmdə; Zahid Oruc: “Trampın zamanında sanksiyalar məsələsinin gündəmə gələcəyi gözlənilmir”
Martın 16-da imzalanmış əvf fərmanı 423 məhbusun ailələrinə qovuşmasını təmin etsə də, ABŞ-da Azərbaycan hakimiyyətində təmsil olunan müxtəlif şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çalışan qüvvələri qane eləməyib. Contact.az-ın yaydığı xəbərə görə, ABŞ Senatının Helsinki Komissiyası 423 məhbusun sırasında cəmi bir neçə nəfər siyasi məhbusun olduğunu narazılıqla qarşılayıb və 150-yə yaxın siyasi məhbusun Azərbaycan həbsxanalarından azad edilməsini tələb edib.
Saytın yazdığına görə, komissiya nümayəndələri Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə və ATƏT qarşısında insan hüquqları, demokratiya və qanununun aliliyi sahəsində öhdəliklərinə hörmət etməyə çağırıb. Helsinki Komissiyasının sədri Kris Smit qeyd edib ki, əvfdən sonra məşhur Azərbaycan hüquq müdafiəçiləri, jurnalistlər və fərqli düşünənlər həbsxanalarda qalıblar. Smit 2015-ci ilin sonunda hazırlanan Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərə qarşı sanksiyaları nəzərdə tutan layihənin gündəmə gələ biləcəyinə işarə vurub.
Qeyd edək ki, Azərbaycan hakimiyyətinin təmsilçilərinə və Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan məşhur “Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsi 2015-ci ilin dekabrında Krist Smit tərəfindən hazırlanıb. Smitin hazırladığı sanksiya layihəsinin gündəmə gəlməsi böyük ajiotaja, Azərbaycan hakimiyyətinin sərt reaksiyasına və o zamanlar soyuq olan ABŞ-Azərbaycan münasibətlərinin daha da pisləşməsinə səbəb olmuşdu. Qanun layihəsi Konqresə təqdim olunanda əksər siyasətçilər layihənin Konqresin rəsmi gündəliyinə salınacağını və qəbul ediləcəyini qeyd edirdilər. Lakin bu proqnozlar gerçəkləşmədi. Rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlər bu ilin əvvəlindən normallaşmağa başladı və Smitin təqdim etdiyi sanksiya layihəsi sanki arxivə göndərildi.
Artıq ABŞ-da hakimiyyətdə yeni siyasi qüvvə və prezident kürsüsündə isə Donald Trampdır. Lakin belə görünür ki, əfv fərmanında adlarını görmək istədikləri məhbusların olmaması Helsinki Komissiyasını, əsasən də K.Smiti sanksiya layihəsini yenidən gündəmə gətirməyə həvəsləndirib. Bəs Tramp dövründə sözügedən sanksiya layihəsi rəsmi gündəmə gələ və ABŞ dövlətinin rəsmi mövqeyi olaraq qanun şəklində qəbul edilə bilərmi?
Hakimiyyətyönlü deputat Zahid Oruc ABŞ-da Azərbaycana qarşı olan şəxslərin ölkəmizə qarşı sanksiya nəzərdə tutan hansısa layihəni qəbul etdirə bilməyəcəklərini düşünür. Onun sözlərinə görə, ABŞ-da Azərbaycana qarşı olan lobbi qrupları mövcuddur və onlar müxtəlif hakimiyyət qollarını əhatə edir: “Bu, bir tərəfdən Ermənistanın oradakı dayaqları ilə əlaqədardır, o biri tərəfdən ölkəmizi tərk etmiş və müxtəlif zamanlarda özəl maraqları təmin olunmayan qruplar, hansısa transmilli şirkətlərə yaxın olan adamlar davamlı olaraq belə bir siyasəti sərgiləməkdədirlər. O üzdən Helsinki Komissiyasının üzvləri də qeyd etdiyimiz prosesdən kənarda deyillər. Krist Smitin istəyinə gəldikdə isə hələ həmin anti-Azərbaycan sanksiyaları ilə bağlı xəbər media aləminə daxil olanda bu, ölkəmizin daxilində hakimiyyətin əleyhinə olan qüvvələri xeyli ətə-cana gətirmişdi. Onlar düşünürdülər ki, bu sanksiyalar nəticəsində mühüm bir dəhliz açılacaq, iqtidarı zəiflətmək mümkün olacaq, sanksiyaların qəbulu ABŞ-Azərbaycan münasibətlərini pisləşdirəcək və müxalifətə dəstək olacaq. Lakin düşünürəm ki, ötən illər ərzində Azərbaycan dövləti ilə ABŞ-ın müxtəlif siyasi institutları arasında yaxşı iş aparıldı. Önəmlisi Azərbaycan dövləti tərəfindən məlum əfv və humanizm mövqeyi ayrı-ayrı maraqlı qrupların ssenarilərini qırmağa imkan verdi. Əslində əfvlə azadlığına qovuşan ayrı-ayrı adamların kimliyini təftiş etmək özü siyasi mövqedir. Məhbuslar bu şəkildə fərqləndirilməməlidirlər. Yalnız bir partiyanın vəsiqəsini daşıdığına görə bir məhbus başqa məhbusdan üstün hüquqa malik deyil. Həm daxildə, həm də xaricdəkilər fərqində deyillər ki, onlar bu vasitə ilə özləri hüquqi ayrı-seçkiliyə yol verirlər. Lakin bundan da o yana, hətta Azərbaycan həbsxanaları tamamilə boş qalsa da sizi əmin edirəm ki, Krist Smitlər, Riçard Kozlariçlər, Devid Kramer və digərləri ölkəmiz əleyhinə hansısa bir mübarizə istehkamı düzəldəcəklər. Necə olur ki, bu adamlar ölkəmiz əleyhinə bu cür ixtisaslaşırlar, media məkanını işğal etməyi bacarırlar və Azərbaycanın hər gün cari fəaliyyətinə indekslənib mövqe göstərirlər, lakin Ermənistanın işğalçılıq siyasətini dilə gətirmirlər”.
Z.Oruc vurğuladı ki, ümumən Donald Tramp dönəmi ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşmasına səbəb olacaq və sanksiya qəbulu gözlənilmir: “Klinton prezident seçilmədi və o, müəyyən səbəblərdən Azərbaycana qarşı qəzəbli idi. İkincisi, Barak Obama hakimiyyəti dövrü, xüsusilə son illəri nəinki Azərbaycanla, bütövlükdə əksər dövlətlərlə ABŞ-ın münasibətlərinin pisləşməsinə səbəb oldu. Obamanın istəyinə rəğmən, Klintonun prezident seçilməməsi ilə həmin elita bütövlükdə səhnəni tərk etdi. O qüvvələr ki, Azərbaycanın ABŞ-la münasibətlərinin yaxşılaşmasına mane oldular, onlar hakimiyyətlərinin sonuna gəlib çatdılar. Donald Tramp bayrağını götürüb müxtəlif ölkələrə inqilab üçün yürüş etməyəcək. Amma hakimiyyətin orada müxtəlif qolları var, mümkündür ki, hansısa qruplar müəyyən addımlar atsınlar. Amma Trampdan Azərbaycana qarşı təhlükə gözləmirəm. Trampın zamanında sanksiyalar məsələsinin rəsmi gündəmə gələcəyi gözlənilimir. ABŞ-ın rəsmi strukturlarının Azərbaycana qarşı Smitin sanksiya layihəsi kimi sanksiyaları qəbul etməsi qeyri-realdır”.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə bildirib ki, yerli və beynəlxalq təşkilatlar artıq uzun müddətdir Azərbaycan hakimiyyətinə siyasi məhbusları azad etmək çağırışı ilə bəyanatlar yayırlar: “Sonuncu əvf fərmanında yalnız 4 siyasi məhbusun adının olması isə çağırışları daha da artırıb. Tələblər yerinə yetirilməsə, Qərb ciddi tədbirlərə, o cümlədən Azərbaycana qarşı sanksiyalara əl ata bilər. Sanksiyalar tətbiq oluna bilər”.
Etibar SEYİDAĞA