“Sarı iblis”in qaçaq yolla gətirilməsi vergi orqanları üçün bəhanə olub
qizil“Hamı bilir ki, qızıl Azərbaycana qaçaq yolla gəlir” – bunu sabiq MTN generallarının məhkəmə prosesində zərərçəkmiş şəxslərdən olan Aslan Cahangirov deyib. Qızıl alveri ilə məşğul olan bu şəxs həmin sektorda fəaliyyət göstərən sahibkarların hamısının yaxşı bildiyi həqiqəti səsləndirib. Ancaq bu həqiqəti təkcə sahibkarlar deyil, Vergilər Nazirliyi də bilir və artıq bu faktı qızıl alverilə məşğul olanlara qarşı istifadə etməyə başlayıb.
Məsələ ondadır ki, ölkəmizdə satılan qızılın böyük hissəsi xaricdən gətirilir, yerli istehsal isə tələbatın həcmi və çeşidi baxımından rəqabət qabiliyyətli deyil. Ona görə də, yerli istehsal bazarda kiçik paya malikdir. Xaricdən idxal olunan qızılın isə böyük qismi yuxarıda adıçəkilən sahibkarın və digər qızıl alverçilərinin dediklərinə inansaq, qaçaq yolla gətirilir. Hətta bildirilir ki, buna görə “lazım olan şəxslərə” qızılın bir qramı üçün 2.6 dollar “xidmət haqqı” da ödəyirlər. Nəticədə qanuni ödənişlərə nisbətdə bu dəyərli metal onun ticarətilə məşğul olan sahibkara daha ucuz başa gəlir. Lakin bu işin bir əmması var. Belə ki, qaçaq yolla gətirildiyi üçün bu malın sənədi olmur. Və Vergilər Nazirliyi də bunu gözəl bilir. Onu da gözəl bilir ki, qaçaqmal yolu ilə gətirilən “sarı iblisə” görə qeyri-rəsmi ödənişlər hansı orqanlara və kimlərə çatır. Ancaq son günlər bu nazirlik müəyyən səbəblərdən özünü bilməməzliyə vurmağa başlayıb.
“AzPolitika.info”ya daxil olan məlumata görə, Vergilər Nazirliyi qızıl alverilə məşğul olan sahibkarlara qarşı geniş həcmli reydlər, yoxlamalar həyata keçirməyə başlayıb. İlk olaraq, hamının “Moskva univermağı” kimi tanıdığı ticarət mərkəzi hədəf götürülüb. Əldə etdiyimiz məlumata görə, indiyə qədər ticarət mərkəzlərində qızıl alveri edənlər piştaxtalarının hər kv. metrinə ödədikləri icarə haqqı qədər də vergi ödəyiblər. Ancaq bu, rəsmi qaydada həyata keçirilmirmiş. Həmin məbləğ ticarət obyektlərinin rəhbərliyinə ödənir, onlar da vergi orqanlarını həmin vəsaitlə “yola salırmış”. Görünür, artıq ticarət mərkəzləri sahiblərilə vergi orqanları anlaşa bilmirlər. Buna görə də birbaşa sahibkarlar özləri hədəf seçilir.
vergiler
Hansı formada? Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə düşdüyü üçün bu obyektlərdə xronometraj (gündəlik və aylıq dövriyyənin təyin edilməsi-red.) üsulu ilə yoxlama təyin etməyin mənası yoxdur. Ona görə də, nazirlik əməkdaşları başqa üsula əl atırlar – mal qalığının çıxarılması. Mal qalığı isə qızıl alverçilərinin ən yaralı yeridir. Axı malın böyük hissəsi qaçaqmalçılıqla gətirildiyi üçün sənədi yoxdur. Və bunu da vergi orqanı bilir. Qanunda isə nəzərdə tutulub ki, sənədi olmayan malın dəyərinin 5 faizi miqyasında maliyyə sanksiyası tətbiq oluna bilər. Mənbə bildirir ki, indi bunu əlində əsas tutan vergi orqanı əməkdaşları sahibkarları cərimə ilə hədələyirlər. Və hətta iddia olunur ki, 5 yox, 10 faiz tələb olunur. Onu da nəzərə almaq lazımdır ki, hər sahibkarın satış nöqtələrindəki mallarının dəyəri 500 min manatdan başlayaraq, bir neçə milyon manata qədər gedib çıxır. Bunun 5, yaxud 10 faizi 100 minlərlə manata qədər vəsait deməkdir. Sahibkar isə çox vaxt heç də həmin malın hamısının real sahibi deyil – burada nisyə götürülən, satış üçün kimlərinsə qoyduğu və digər mallar var ki, onların da dəyəri satışla məşğul olanın “belinə” yazıla bilər. Bir sözlə, vergi orqanı elə yerdən tutub ki, sahibkarın qaçmaq şansı 0-a yaxındır(!).
Məlumata görə, “Moskva univermağı” ilə yanaşı, Gənclik metrostansiyası yaxınlığındakı qızıl satışı mağazalarında da mal qalığı çıxarılması yolu ilə vergi yoxlamaları aparılıb. Və müəyyən (!) nəticələr əldə olunub. Yaxınlarda vergi orqanının “ÇUM” kimi tanınan Mərkəzi Univermağa da baş çəkəcəyi ehtimal olunur. Tələb olunan məbləğlərsə hazırkı bazar şərtləri daxilində fantastikdir. Nəticədə çoxlarımız üçün qayğısız və imkanlı görünən qızıl alverçiləri də çətin vəziyyətə düşüb. Bu sektorda çalışan sahibkarlar bildirir ki, əgər əvvəllər bir satış nöqtəsi ayda 3-4 kiloqram qızıl-zinyət əşyaları satırdısa, indi bu göstərici 200-300 qrama düşüb. Əldə olunan gəlir isə nəinki vergiləri, heç icarə haqlarını ödəməyə imkan vermir. Bir tərəfdən də vergi orqanlarının “səlib yürüşü” onları daha da ağır duruma salır.
Hal-hazırda “Moskva univermağı”nda baş verənlərdən sonra digər ticarət mərkəzlərindəki qızıl alverçiləri səksəkə içərisində vergi əməkdaşlarının yolunu gözləyirlər. Üstəlik, paytaxtda nisbətən daha çox müştərinin üz tutduğu və gəlirli obyekt sayılan “Moskva univermağı”ndan fərqli olaraq, digər ticarət mərkəzlərindəki sahibkarların vəziyyəti daha ağırdır. Və vergi orqanının onlara da “baş çəkəcəyi” təqdirdə, bir çox qızıl ticarətçisinin şələ-küləsini yığışdırararq, obyektləri tərk edəcəyi gözlənilir. Bu da olacaq vergi orqanlarının sahibkarlara növbəti “töhfəsi”.
Əslində, Vergilər Nazirliyinin qızıl alverçiləri qarşısında qoyduğu tələbdə qeyri-qanuni bir şey yoxdur. Sadəcə, sahibkarların fikrincə, nazirlik çox gözəl bildiyi Azərbaycan reallıqlarını görməzdən gəlməklə, bir qədər insafsızlıq etmiş olur – məhkəmədə Aslan Cahangirovun dediyi kimi: “Hamı bilir ki, qızıl Azərbaycana qaçaq yolla gəlir”.
Onu da qeyd etmək yerinə düşər ki, uzun illər Azərbaycanda qızıl-brilyant qaçaqmalçılığının arxasında MTN generalları durub.
CƏLAL
Azpolitika.info