Qulağımızın dibindəki terror: Leninqrad metrosunda DÇ-dən İslam Oyunlarına? - Şok

5-04-2017, 08:24   
Qulağımızın dibindəki terror: Leninqrad metrosunda DÇ-dən İslam Oyunlarına? - Şok

Gələn il Rusiyada futbol üzrə Dünya Çempionatı keçiriləcək. Moskva, Sankt-Peterburq, Kazan, Krasnodar, Rostov kimi şəhərlərdə yarışlar təşkil ediləcək. Bütün dünyanın diqqəti 2018-ci ilin yayında şimal qonşumuza yönələcək.

anaxeber.info-ın Analitik Qrupu yazır ki, DÇ-2018 kubokuna təqribən 1 il qalmış S.Peterburq metrosu partladılır və 10 nəfər tələf edilir.
Bu teraktın qaranlıq izlərini isti-isti təhlil etmək və mülahizələr yürütmək çətin olsa da, əvvəlcə Fransadakı terroru xatırlamaq lazımdır.
2015-ci il. Fransa prezidenti Fransua Ollandın da tamaşaçı olduğu Fransa-Almaniya yoldaşlıq görüşü zamanı stadionun ətrafında terror hadisəsi baş verir. 2016-cı ildə Fransada Avropa çempionatı keçirilir.
2017-ci ilin aprelində Leninqradda metro partladılır və 2018-də Rusiyada Dünya Çempionatı keçiriləcək. Daha əvvəl getmək lazımdırsa, Bakıda Avroviziya oyunları ərəfəsində teraktlar planlaşdıran mütəşəkkil dəstələrin yaxalanmasını qeyd etmək olar. Avropa Oyunlarından öncə də Binəqədidəki bina yanır və 15 nəfər ölür.
Hər zaman beynəlxalq yarışlar keçirilməsinə hazırlıq gedən ölkələrə təhdidlərlə qasrşılaşır. Bundan nə ABŞ, nə Rusiya, nə də Azərbaycan kimi balaca ölkələr sığortalanıb.
Peterburq terrorunda Putinin imitasiya siyasətini axtaranlar, Kremldəki gizli əllərin barmağının olmasını mühakimə kimi yürüdənlər məsələyə sırfa rusofob kimi yanaşırlar.
Putin daxili siyasətində təhlükəsizlik və sabitlik amilinə inamsızlıq yaranmasını qəti şəkildə arzulamazdı. Heç bir dövlət başçısı istəməz ki, iictimai rəydə xof yaransın və FSB-nin nəzarəti itirdiyi təsəvvürləri formalaşsın.

Bu, Moskva üçün ciddi problem olar. Deməli, rus xalqı ölkədə təhlükəsizliyin yüksək səviyyədə qorunmasına inanmır və Moskvanın Bağdad olacağı istisna edilmir.
Ona görə də Putinin tamaşa qurduğunu söyləmək çox sadəlövhlük olar. Əksinə, bundan bir gün qabaq Aleksey Navalnıyın müxtəlif şəhərlərdəki mitinqlərini daha çox Putinin siyasi oyunları və spekulyasiyaları kimi qiymətləndirmək olar.
Ona görə də Leninqrad terrorunu növbəti beynəlxalq idman yarışı ərəfəsində baş verməsi təsadüfi deyil və yuxarıda buna bənzər faktları nümunə olaraq təqdim etdik. Çıxan nəticə ondan ibarətdir ki, bəzi dairələr və güclə zaman-zaman ölkələri təhdid etməkdə fərq qoymurlar.
anaxeber.info-ın Analitik Qrupu yazır ki, Azərbaycanın narahat olması üçün artıq kifayət qədər əsaslar yaranmaqdadır.
Qulağımızın dibində terror hadisələri baş verir və qapımızı döyməsi təhlükəsi görünür. Ətrafımız - ən əsası iki güclü qonşu dövlətdə terror rüzgarı əsməkdədir.
Türkiyə və Rusiya ekstremist qüvvələrin təhdidlərindən özünü mühafizə edə bilmir. Belədə, Azərbaycanın qapı qonşusunda baş verənlər ciddi götür-qoy etməyi şərtləndirir.

Axı bu yay ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək?! Sizcə, ciddi mesajlar deyilmi? Əlbəttə, Aəzrbaycanın xüsusi xidmət orqanları, xarici kəşfiyyat xidməti və ümumilikdə hüquq-mühafizə sistemi olduqca ayıq-sayıqdır.
Lakin söhbət Rusiya FSB-sinin belə qoruya bilmədiyi S.Peterburq metrosundan, Türkiyə MİT-nin bixəbər olduğu İstanbulda Atatürk hava limanındakı atışmadan gedirsə, nəzarəti gücləndirmək prioritet məsələ kimi yenidən qabardılmalıdır.
Nəzərə almaq lazımdır ki, İslam Həmrəyliyi Oyunlarına sivil isveçli ya da belçikalı gəlmir, ərəb ölkələrindən axın-axın iştirakçı və qonaq təşrif buyurur. Onlara qapımız çoxdan açıqdır, Dubaydan və başqa ölkələrdən Bakıya turistlər gəlməkdədir.
Ancaq yarışma öncəsi bütün detallar incələnməlidir. Yeri gəlmişkən, Qafqazın şeyxi Allahşükür Paşazadənin bir müddət əvvəl açıqlaması yada düşür.
Şeyx ərəb ölkələrindən turist kimi gələnlər arasında qeyri-ənənəvi dini təriqətlərin təbliğatçıları olduğunu bildirmişdi. A.Paşazadə dolayısı ilə vəhhabilər turist adı altında missioner kimi Azərbaycana daxil olduğuna mesaj vermişdi.
Bütün bu məsələlərin yenidən aktuallaşmasının səbəbi sayılı vaxtlar qalmış İslam Həmrəyliyi Oyunları və DÇ-2018 ərəfəsində Rusiyada metro partladılmasıdır.
Beləliklə, rəsmi Bakının geostrateji siyasətində əsas bəndlərdən biri kimi terrorla mübarizə olacaq. Daha doğrusu, bu müddəa indi ən vacib məsələ kimi önə çıxarılacaq.

Rəsmi Bakı hər zaman terrorla mübarizəyə dəstək verib və xarici siyasətdə balans Azərbaycanı bəzi dairələrin təhdidindən qoruyub.
Yəni, Bakı marginal qrupların hədəfində olmayıb. İndisə şərtlər və siyasi proseslər dəyişməkdədir, hakimiyyət təhlükəsizlik amilinə daha çox həsasslıq nümayiş etdirməli olacaq. İqtidarın xarici siyasətində enerji layihələri ilə bərabər təhlükəsizlik amili prioritet məsələ idisə, bundan sonra birinci dərəcəli müzakirə mövzusu olacaq. Bu həm də enerji layihələrinə ola biləcək təhdidlərin qarşısını almağa hesablanmalıdır.
Bakı-Axalkalaki-Qars dəmiryolu xətti, TAP və TANAP layihəsi, Avropaya qaz nəqli və s. geolayihələr terror təhdidi ilə üzləşə bilər.
Necə ki, 2009-cu ildə Neft Akademiyasında 12 nəfərin qətli ilə həmin dövrdə neftə bağlı iqtisadi siyasətdə Azərbaycan hökumətinə ağır bir ismarıc verilmişdi...
anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.