Abbas Abbasov yenidən Kremlin layihəsində - "Rusiyanın gizli namizədi" bilindi

12-04-2017, 09:07   
Abbas Abbasov yenidən Kremlin layihəsində - "Rusiyanın gizli namizədi" bilindi

Sabiq vitse-primyer “ehtiyat skamyadan” çıxır;ÜAK-la bağlı problem ortaya çıxmamışdan öncə xəbərlər vardı ki, A.Abbasov yenidən fəallaşıb, Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün təzədən başına toplamağa başlayıb; onun hesablaya bilmədiyi isə hakimiyyətin onun “ağaları” ilə hər zaman anlaşmaq imkanının olmasıdır...


Rusiya Ədliyyə Nazirliyinin Azərbaycanın diaspora təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etmək və fəaliyyətini dayandırmaq üçün Ali Məhkəməyə göndərdiyi müraciətdən sonra diqqətlər yenidən iki ölkə arasındakı münasibətləri pozmaq istəyən qüvvələrə yönəlib.


Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov mətbuata son müsahibəsində bu mövzuda sensasion sayılacaq iddialar səsləndirib. Deputat ÜAK-ın qeydiyyatı ilə bağlı problemi “Rusiya ilə Azərbaycanın arasına girən qüvvələrin mövcudluğu” ilə izah edib. Y.Abramov deyib ki, “yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2013-cü il seçkiləri ərəfəsində ”Milyarderlər ittifaqı" kimi, oxşar hadisələr baş verə bilər. Onu bilirəm ki, narazı olan və vaxtilə əldə etdiyi səlahiyyətləri bu gün itirən bəzi şəxslər belə bir addım atıb, suyu bulandırmaq istəyir. Buna oxşar addımlar 4 il öncə də olmuşdu. Həmin vaxt Azərbaycanda prezident seçkiləri yaxınlaşırdı. Seçkilər ərəfəsində həmin qüvvələr özlərinin uydurduğu namizədləri irəli sürürdülər. Ona görə də əgər Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciətini qəbul edərsə, o zaman çox keçməz, onların uydurduğu namizəd də ortaya çıxa bilər" deyə, deputat bildirib.


İsrail hakimiyyəti ilə də əlaqələri olan Y.Abramov parlamentdə ən məlumatlı deputatlardan biri hesab edilir. O, ad çəkməsə də, söhbətin Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdan getdiyinə açıq işarə edib. Çünki 2013-cü il prezident seçkilərindən öncə “AzərRos”un rəhbəri olan A.Abbasov Moskvada tələm-tələsik Moskva azərbaycanlılarının birliyini - “Milyarderlər ittifaqı”nı yaratmışdı. Bəzi Azərbaycan milyonçularını başına toplayan A.Abbasovun məqsədinin heç də güclü diaspora yaratmaq olmadığı tezliklə üzə çıxdı. Sabiq vitse-primyer Kremlin dəstəyindən ürəklənərək Azərbaycan hakimiyyətinə qarşı bəyanatlar verməyə, hətta Bakını hədələməyə cəsarətləndi. Bakıda Milli Şura quraraq ən yaxın adamı hesab olunan Rüstəm İbrahimbəyovun müxalifətin namizədi olmasına nail oldu.




Hakimiyyətlə bütün körpüləri yandıran A.Abbasovun “prezidentlik iddiası” yarımçıq saxlanıldı, onun Milli Şuradakı namizədi seçkiyə qatılmaqdan imtina etdi, özünə isə bütün yarvarışlarına baxmayaraq Bakıya gəlmək yasaq olundu, Gəncədə deputat olan oğlu 2015-ci il seçkilərində iştirakdan uzaqlaşdırıldı. Nəhayətdə isə ötən ilin oktyabrında “AzerRos”da son görəvini-Ağsaqqallar Şurasına sədrliyi də təhvil verdi, siyasətdən çəkildiyini bəyan etdi.


Amma elə o zaman da aydın idi ki, A.Abbasov xarakterində olan adam “siyasət meydanından” birdəfəlik çəkiləsi deyil, bu, bəlkə də yeni bir oyun hazırlığı üçün “ehtiyat skamyada” dincəlmək şansıdır.


Hələ ÜAK-la bağlı problem ortaya çıxmamışdan da belə xəbərlər vardı ki, A.Abbasov yenidən fəallaşıb və Moskvadakı və Bakıdakı tərəfdarlarını “yeni plan” üçün yenidən başına toplamağa başlayıb. Bildirilirdi ki, A.Abbasov bu dəfə revanş alacağını, onu Bakıya buraxmayan hakimiyyətin hətta ona baş nazir vəzifəsi təklif edəcəyini iddia edir.


A.Abbasov hələ ki gizli fəaliyyətə üstünlük versə də, ona yaxın adamların artıq “donu açılıb”. Məsələn, “AzərRos” da onun ən yaxın adamlarından biri olan qurumun Nijniy-Novqorod təşkilatının Ağsaqqallar Şurasının üzvü Vidadi Abbasov fəal şəkildə ÜAK-ın əleyhinə aşkar təbliğat aparır. Onun ötən həftə contact.az-a verdiyi müsahibə bunu sübut edir.




V.Abbasov iddia edir ki, ÜAK faktiki olaraq 7 ildir qanunsuz fəaliyyət göstərir. O, Azərbaycan üçün vacib bir qurumla bağlı yaranmış problemdə kimin tərəfində olduğunu açıq etiraf edir. “Mən 2012-ci ildə hamı üçün mütləq olan təkrar qeydiyyatdan keçə bilməyən təşkilatlar tanıyıram ki, Rusiya Ədliyyə Nazirliyi onların hamısını hələ 2012-2013- cü illərdə ləğv edib. Amma ÜAK üçün Ədliyyə Nazirliyi istisna edib, yeddi il ərzində bu təşkilatın öz fəaliyyətini RF qanunu əsasında rəsmiləşdirməməsinə göz yumub” deyə, o bildirib.


Vaxtilə A.Abbasovla çox yaxın münasibətləri olan Söyün Sadıqovun da buna bənzər fikirlər səsləndirməsi ÜAK-ın qeydiyyatı ilə bağlı məsələnin necə sonunclanmasından asılı olmayaraq, pərdəarxası oyunların daha ciddi məcraya yönəldiyindən xəbər verir.


Təsadüfi deyil ki, Yevda Abramov da baş verənləri “Rusiyada olan qüvvələrin Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd hazırlığı” kimi qiymətləndirib. Bu o deməkdir ki, ÜAK-la bağlı problem əslində bir repitisiya-məşq hesab oluna bilər, bunun arxasınca ortaya yeni oyunlar, hətta A.Abbasovu kölgədə qoyan oyunçular da atıla bilər.


Amma belə güman etmək olar ki, 2018-ci il seçkiləri ərəfəsində A.Abbasov Rusiyadakı qüvvələrin maraqlarına indilikdə daha çox uyğun olan fiqurdur. Əvvəla ona görə ki, hakimiyyətlə bütün körpüləri yandıran A.Abbasovun itirəcəyi bir şey qalmayıb. O, hətta özünün vaxtilə dediyi kimi, “imkan verməsələr, Bakıda dəfn də edilməyəcək”. İkinci bir məqam, A.Abbasovun hakimiyyət hərisliyidir. Onu tanıyanların dediyinə görə, bütün kateqoriyadan olan insanlarla (hətta kriminal aləmlə-“YM”.) ünsiyyət qurmaqda usta olan A.Abbasov məhz birincilik iddiası səbəbindən heç vaxt siyasi uğur qazanmayıb, əksinə, təmsil olunduğu yerlərdə intriqa ocaqları yaradıb ki, “AzərRos”la bağlı qalmaqalları xatırlamaq kifayətdir. Nəhayət, A.Abbasov burada hələ də özlərini məharətlə gizlədən adamlarına güvənə bilər. Hansı ki, onların bir neçəsi “Milyarderlər ittifaqı” oyunundan sonra “özünü yandırdı”.


A.Abbasovun hesablaya bilmədiyi isə hakimiyyətin onun “ağaları” ilə hər zaman anlaşmaq imkanının olmasıdır. Bəlkə də sabiq vitse-primyer də bunları bilir, amma başqa yolu da yoxdur...

http://musavat.com/“YM”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.