Eldar Mahmudovun məqsədi Ramil Usubovu “vurmaq” idi- ASLAN İSMAYILOV "HACI MƏMMƏDOV İŞİ" VƏ DİN GENERALININ AZADLIĞINDAN DANIŞDI

17-04-2017, 10:44   


Eldar Mahmudovun məqsədi Ramil Usubovu “vurmaq” idi- ASLAN İSMAYILOV "HACI MƏMMƏDOV İŞİ" VƏ DİN GENERALININ AZADLIĞINDAN DANIŞDI
eldar zakir
Tanınmış hüquqşünas Aslan İsmayılov bu günlərdə gözlənilmədən həbsdən azad olunan Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, general – mayor Zakir Nəsirovla bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb.
Gununsesi.info həmin müsahibəni təqdim edir:


– Aslan müəllim, Zakir Nəsirovun azadlığa çıxması cəmiyyətdə birmənalı qarşılanmadı. Siz belə bir sonluğu necə qiymətləndirirsiniz?
– Çox yaxşı. Bilirsiniz ki, uzun illər prokurorluq orqanlarında, sonralar isə Prezident Aparatında işləmişəm, 20 ildən artıqdır ki, vəkilliklə məşğulam. Hüquq mühafizə orqanlarının rəhbər vəzifədə çalışanlarını çox yaxşı tanıyıram. Sizi əmin edirəm ki, bu illər ərzində Zakir Nəsirov kimi peşəkar, vicdanlı, sadə, təvazökar ikinci bir insan görməmişəm. Onun həbsdə olduğu müddət prokurorluq, polis, məhkəmə işçilərinin hər dəfə onun həbsinini Azərbaycanda baş vermiş ən böyük haqsızlıq kimi qiymətləndirmələrinin şahidi olmuşam. Zakir Nəsirovun fəaliyyətı və həyatı ilə daha yaxından tanış olmağımın digər səbəbi isə Nərimanov ikinci 20 saylı dairəsindən bir neçə dəfə Milli Məclis seçkilərinə qatılmağımdır. Zakir Nəsirov həmin ərazidə yaşamışdır. Hər dəfə onun mənzili yerləşən həyətdə seçicilərlə görüş zamanı onun haqqında çoxlu müsbət fikirlər eşitmişəm. Onun qonşuları haqqında sanki doğmaları kimi danışırdılar.
– Onun haqqındakı ömürlük həbs cəzası nə qədər ədalətli idi?
– Zakir Nəsirovun işində birbaşa iştirak etməsəm də iş materialları ilə kifayət qədər tanışam. Onun haqqındakı ömürlük həbs cəzası yox, onun həbs olunmasının özü haqsızlıq və böyük bir oyun idi. Bildiyim qədər onun həbsinə yeganə əsas Hacı Məmmədovun ifadəsi olub. Onun ifadəsinin isə nə qədər obyektiv olmasını bilmək üçün sadəcə Elmar Hüseynovun qətli ilə bağlı verdiyi ifaədələri gözdən keçirtmək kifayətdir. Ümumiyyətlə Hacı Məmmədov işinin açılmasının da MTN-nin şanlı uğuru kimi qələmə verilməsinin özü də haqsızlıqdır. Dəqiq bildiyim odur ki, həmin cinayət işindəki epizodlar hələ Azər Vahabzadə Pespublika Prokurorluğunda İstintaq idarəsinin rəisi işləyən vaxtlar müəyyən edilmişdir. Sadəcə həmin vaxtlar onlara bu işin sonuna çatmasına imkan vermədilər. Baş Prokuror Eldar Həsənov və Azər Vahabzadə vəzifələrindən uzaqlaşdırıldılar və həmin idarə tamam darmadağın edildi. Hacı Məmmədovun qanuna zidd olaraq illərlə MTN-də saxlanması da onun Zakir Nəsirov haqqında verdiyi ifadə ilə də bağlı idi.
– Zakir Nəsirov bəraət ala bilərmi?
– Bəli. Əgər cinayət işi təzələnib yenidən araşdırılma aparılsa əminəm ki, bu dəfə Hacı Məmmədov Zakir Nəsirov haqqında fərqli ifadə verəcək və onun həbsinin əsas motivini göstərəcək. Zakir Nəsirovun həbs edilməsində əsas məqsəd onun nazir Ramil Usubov haqqında ittihamedici ifadələr almaq idi. Əminəm ki, əgər o istənilən ifadələri versə heç vaxt həbs edilməyəcəkdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.