Bu gün, aprelin 25-də Milli Məclis “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edib. Dəyişikliklər ali inzibati və yardımçı vəzifələrin yeni dairəsini müəyyən edir.
Yeniliklər birinci vitse-prezidentin fəaliyyətini təmin edən strukturların, vəzifəli şəxslərin dairəsinin və digər məsələlərin müəyyən edilməsi ilə bağlıdır.
Parlament qanuna edilən dəyişikliklərin mətnini öz saytında açıqlayıb.
Dəyişikliklər idarəetmədə yeni strukturların, inzibati və yardımçı vəzifələrin yaradılmasını nəzərdə tutur.
Qanunun 11-ci maddəsinə dəyişiklik edilir. 11-ci maddə dövlət qulluğundakı inzibati və yardımçı vəzifələrin təsnifatı ilə bağlıdır.
Dəyişiklik edilən 11.1.1.1-ci maddədə ali inzibati vəzifələr sadalanır. Yeni variantda “Prezident Administrasiyasının rəhbərinin vəzifəsi” sözləri əvəzinə “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi” sözləri yazılıb.
Bundan başqa, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi ali inzibati vəzifələr sırasına daxil edilir.
“Dövlət qulluğu haqqında” qanunun 11.1.2.1-ci maddəsi də oxşar məzmunda dəyişdirilir. Həmin maddədə birinci təsnifata aid inzibati vəzifələr sadalanır. Ora da eyni qaydada Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi vəzifəsidaxil edilir.