Hədəf Türkiyə - Avropa ilə bağlar qopur: Azərbaycan nə etməli

26-04-2017, 08:21   
Hədəf Türkiyə - Avropa ilə bağlar qopur: Azərbaycan nə etməli
AŞ PA-nın qərarı Türkiyənin Avropa ilə bağlarını qoparmağa hesablanıb, mütəxəssislər bu qərarın Avropa-Türkiyə arasında çatları daha da dərinləşdirəcəyini düşünür


Aprelin 25-də Avropa Şurası Parlament Assambleyası “Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsini müzakirə edib. Müzakirələrdə Türkiyənin yenidən monitorinq mərhələsinə keçirilməsi ilə bağlı məsələ səsverməyə çıxarılıb. Sessiyada iştirak edən 170 deputatın 113-ü qəraın lehinə, 45-i əleyhinə səs verib. 12 deputat isə bitərəf qalıb.


Qərarda eyni zamanda Türkiyəyə 35 maddədən ibarət tövsiyələr verilib. Türkiyə və AŞ PA arasında əməkdaşlığın davam etməsi üçün bu tövsiyələrə əməl edilməsi ifadə olunur. Qeyd edək ki, Türkiyə 2004-cü ildə məhz monitorinq mərhələsindən çıxmışdı. Və monitorinq mərhələsindən çıxaraq yenidən bu məryələyə geri qaytarılan ilk Avropa ölkəsi olub.



türkiye dış işleri bakanlığı ile ilgili görsel sonucu


Qərar Türkiyədə ciddi etirazlara səbəb olub. XİN, ölkə siyasiləri AŞ PA-nın qərarını sərt tənqid ediblər. Türkiyə XİN qərarı qınayıb və yaydığı etiraz bəyanatında Ankaranın bu qurumla əməkdaşlığı yenidən nəzərdən keçirəcəyi qeyd olunur.


Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Türkiyəni AŞ PA ilə əlaqələrini yenidən gözdən keçirməyə çağırıb. Sitat: "Türkiyənin Avropa ilə əlaqələrini bütün istiqamətlərdə yenidən gözdən keçirməklə bağlı strateji keçid nöqtəsinə gəldik. Türkiyəni təcrid etmənin cavabsız qalmayacağı və Avropaya bunun cəzası olacağı dəqiqdir".


AŞ PA üzvü, CHP-dən deputat Deniz Baykal da qərarı tənqid edib. Hazırda AŞ PA-da sessiyada iştirak edən Baykal CHP qrupunun qərarın əleyhinə səs verdiyini, Türkiyənin belə bir qərara layiq olmadığını deyib. Onun sözlərinə görə, qərarın hədəfi Türkiyə iqtidarı və onun fəaliyyətləri olsa da, bütövlükdə Türkiyə hədəfə alınıb. Sitat: "Biz 4 CHP millət vəkili olaraq bu qərara qarşı çıxdıq. Bilirik ki, bu qərar iqtidarın fəaliyyətlərinə görə verilib. Amma Türkiyə iqtidardan ibarət deyildir. Son referendum da göstərdi ki, Türkiyədə güclü bir müxalifət vardır. AŞ PA üçün bu qərarın hədəfi iqtidar olsa da, mən əsl hədəfin Türkiyə olduğunu bilirəm. Ona görə də qarşı çıxdıq".


Qeyd edək ki, bu qərar son illərdə Türkiyəyə qarşı Avropada yaranmış münasibətin nəticəsidir. Məsələ ondadır ki, Ankara ilə Brüssel arasında onsuz da soyuq münasibətlər var. Və yaxın zamanlarda Türkiyənin üzvlük müzakirələrinin tamamilə dayandırılması barədə çağırışlar edilir. Üstəlik, hazırda Avstriya, Almaniya, Hollandiya kimi ölkələrlə ciddi soyuq münasibətlər var. Bütün bunların fonunda Türkiyə ilə Avropanı bağlayan sonuncu "tellərdən" biri olan AŞ PA üzvlüyünün məhdudlaşdırması Ankaranın Avropada mövqeyini zəiflətməklə yanaşı, onsuz da günü- gündən soyuyan münasibətlərə daha pis təsir edəcək. Nəticə etibarı ilə Türkiyənin təcrid olunması, Avropa ilə bağlarının qoparılmasına gətirəcək.

türkiye europe ile ilgili görsel sonucu



Aydın məsələdir ki, bu qərar necə deyərlər, "islahedici" mahiyyətdə deyil, əksinə münasibətləri daha da zədələmək, əlaqələri daha da məhdudlaşdırmağa xidmət edir. Əlbəttə, hər kəsə bəllidir ki, Avropada Türkiyəyə qarşı iradlar, tənqidlər var. Ancaq bu cür qərarlar Türkiyəni Avropadan daha da ayırır və qarşılıqlı əlaqələrə zərbə vurur. Türkiyə hakimiyyətinin hansı cavab addımları atacağı bəlli deyil, ancaq aydın məsələdir ki, atılacaq cavab addımları münasibətləri bir az da zədələyəcək. Bununla da AŞ PA-da fəaliyyət göstərən qərarverici mərkəzlər Türkiyənin onsuz da Avropa ilə soyuq olan əlaqələrini bir az da zədələyir və özündən uzaqlaşdırır. Bu qərar əslində Türkiyədə demokratikləşmənin daha da yavaşımasına, eyni zamanda, paralel olaraq, Avropa ilə əməkdaşlığının zəifləməsi və hətta qopmasına səbəb olacaq. Bu isə Avropada son illərdə artan islamafob, radikal sağçı çağırışlarla üst-üstə düşür. Belə görünür ki, bu qərarın indiki münasibətlərin həssas zamanında verilməsi məhz buna xidmət edir.


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın Türkiyəni yenidən monitorinqə cəlb etmək barədə qərarını qeyri-səmimi adlandırıb. Sitat: "Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isə AŞ PA bu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması".




Türkiyəli təcrübəli jurnalist, diplomat Turqut Ər deyir ki, AŞ PA-nın qərarı Türkiyə cəmiyyətinə və hakimiyyətinə bir mesajdır, hər kəs nəticə çıxarmalıdır. Ancaq təcrübəli diplomatın fikrincə, bu qərar yanlışdır, Türkiyəni Avropadan təcrid etmək məqsədi güdür. Türkiyənin 1953-cü ildən AŞ PA-da olduğunu xatırladan ekspertin fikrincə, bu qərar fanat qrupların təsiri ilə verilib və məqsəd Türkiyəni təcrid etməkdir. "Avropa heç zaman Türkiyəni gözdən çıxara bilməz", deyən T.Ərin sözlərinə görə, Türkiyə həm böyük bir istehlak, eləcə də inkişaf edən bir istehsalçı ölkə olaraq Avropanın önəmli tərəfdaşıdır, coğrafi olaraq əhəmiyyətli bir hissəsi Avropada yerləşir. Uzun illər boyu formalaşmış əlaqələrin kəsilib atılmasının Avropa üçün də zərərli olduğunu düşünür Turqut Ər. Sitat: "Türkiyə yalnız bu sərhədlər içərisində olan bir ölkə deyidir. 300 milyonluq türk dünyası, Balkanlarda böyük bir Türkiyə dostu xalqlar var. Məhz dövlətlər deyil, xalqlar var. Avropa təhdidlə nəyə nail ola bilər? Bu cür qərarlarla Türkiyənin içindəki problemlər həll olunmur. Bu problemlər danışıqlar yolu ilə həll olunmalıdır. Bu səbəbdən də düşünürəm ki, yanlış və tələsik verilmiş bir qərardır".





Kənan Rövşənoğlu,
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.