Ramiz Mehdiyevlə vidalaşmaq bu qısa müddətdə baş verməyəcək

28-04-2017, 08:43   


Prezident Ilham Əliyevin qanunvericlik təşəbbüsü ilə Milli Məclisə daxil olan və artıq qəbul edilən “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər ətrafında ictimai müzakirələr hələ də davam edir.

anaxeber.info yazır ki, media qanun layihəsinə dəyişiklikləri Prezident Administrasiyasının ləğv olunduğu kimi təqdim etmişdi. Layihədə Prezident Administrasiyasının “orqan” sözü ilə əvəzlənməsi medianı çaşdırmışdı. Bu kobud səhvə hakimiyyətə yaxın mətbuat orqanları da yol vermişdi. Doğrudur, bəzi mülahizlərə görə iqtidarın nəzarətində olan media qanun layihəsinə dəyişiklikləri qəsdən bu formada təqdim edib. Lakin bu ehtimal ağlabatan deyil. Çünki az sonra “Prezident Administrasiyası ləğv edilir” sərlövhəsi ilə verilən həmin xəbərə düzəliş edildi. Digər tərəfdən inandırıcı deyil ki, hakimiyyətdə kimsə mediaya belə təhlükəli göstəriş versin.
Sadəcə müstəqil və hakimiyyətə yaxin media nəzərə almamışdı ki, Prezident Administrasiyasının yaradılması Konstitusiyanın 109-cu maddəsində nəzərdə tutulub. Bu halda Prezident Administrasiyasının ləğv olunması üçün ümümxalq səsverməsi, yəni referendum keçirilməlidir. Mətbuat hətta 2009-cu il martın 18-də keçirilən referendumda Prezident Aparatının Prezident Administrasiyası adlandırılmasını da unutmuşdu.

anaxeber.info yazır ki, mediada qanun layihəsinin bu cür təqdim edilməsi hakimiyyət daxilində də ciddi narahatlığa səbəb olmuşdu. Deputatların dərhal məsələyə aydınlıq gətirməsi bu narahatlığın təzahürü sayıla bilər. Anlaşılmazlığa nöqtəni isə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev qoydu. O, mətbuata açıqlamasında “Qanun Prezident Administrasiyasını ləğv edə bilməz” deməklə medianın səhvini düzəltdi.
Bundan sonra qanun layihəsi ilə bağlı müzakirələrdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sıxışdırılması və bir müddət sonra istefaya göndərilməsi mülahizəsi irəli sürülüb. Bu qənaətdə olanlar hesab edir ki, birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən strukturun yaradılması Ramiz Mehdiyevə yönəlik addımdır. Bu ehtimalı gücləndirmək üçün uzun müddət hakimiyyət daxilində Naxçıvan və Paşayevlər qruplaşmaları arasında rəqabətin olması barədə iddialara da istinad edilir.

Bu qənaəti bölüşməyənlər də var və onlar çoxluq təşkil edir. Bir çox siyasi şərhçilər hakimiyyət daxilində rəqabətin olması ilə razılaşsalar da indiki çətin situasiyada iqtidarı sarsıda biləcək addımların atılacağını inandırıcı saymırlar. “Əgər biz Naxçıvan və Paşayevlər qruplaşmaları arasında ciddi rəqabətin olmasını faktını qəbul ediriksə, o zaman tərəflərdən birinin sıradan çıxarılması prosesinin hakimiyyət daxilində mərkəzdən qaçma meyllərini artıra biləcəyi ehtimalının da üzərindən keçməməliyik. İndiki situasiyada isə birinci şəxsin belə bir addım aracağı inandırıcı görünmür. Ramiz Mehdiyevlə vidalaşmaq istəyi olsa belə, bu qısa müddətdə baş verməyəvək”.
Ekspertlərin fikrincə, hələlik ikili idarəetmə barədə razılıq əldə oluna bilər. “Prezident Administrasiyasi prezidentin fəaliyyətini bilavasitə təmin edən orqandır. Birinci vitse-prezidentin fəaliyyətini bilavasitə təmin edən struktur bu orqanın tərkibində yaradılsa da, administrasiya rəhbərinə tabe olmaya bilər. Bu halda təxminən ikili idarəetmə yaranır. Lakin bu da sadəcə ehtimaldır”.
anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.