Nazirlərin Moskva görüşündə müharibə motivi

1-05-2017, 08:54   
Nazirlərin Moskva görüşündə müharibə motivi
Hərbi ekspertə görə, belə görüşlər hiyləgər siyasətin tərkib hissəsidir və Azərbaycanı durdurmaq niyyəti güdür...

Aprelin 28-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilən üçtərəfli görüşün müsbət nəticələrinin olmaması geniş müzakirələr doğurub. XİN rəhbərlərinin görüşü indiyə qədərki çoxsaylı görüşlərdən heç nəyi ilə fərqlənmədi, ənənəvi xarakter daşıdı.


Bu da müharibə ehtimallarının getdikcə artması barədə fikirlərin çoxalmasına səbəb oldu. Xüsusilə, əməliyyatların olması üçün əlverişli vaxtı, yəni yaz və yay fəsillərini önə çəkərək, Azərbaycan tərəfin işğal olunmuş torpaqlarını müharibə yolu ilə azad etmək üçün hərəkətə keçməli olduğu barədə fikirlər səslənir. Moskva görüşünün əslində müharibə anonsu verdiyi də qeyd olunur. Görüşdən sonra ölkəmizin XİN rəhbəri Elmar Məmmədyarov başda olmaqla, Azərbaycan tərəfin görüşün nəticələri barədə mövqeyi də bunu deməyə əsas verir.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Moskvada erməni tərəfin maraqlarına cavab verən bir görüş keçirilib: “Ermənilərin, xüsusilə onlara havadarlıq edən rusların çox böyük narahatçılığı var idi ki, Azərbaycan ötən ilki aprel hadisələrinin təkrarını həyata keçirə bilər. Ötən il ermənilərin hücumunu əks həmlə ilə dəfn edən ordumuzun danışıqlarda passivliyə, ermənilərin mövqeyini ifadə edən fəaliyyətə görə əməliyyatlara başlaya biləcəyi qorxusu düşmən ölkədə və Rusiyada var idi. Ona görə də bu görüşü təşkil etdilər. Çox təəssüflər olsun ki, Azərbaycan tərəfi erməni və rusların qurduğu bu tələyə düşür. Başa düşürəm ki, diplomatik yollarla hansısa səylər göstərmək lazımdır. Azərbaycanı durdurmaq, zamanı uzatmaq üçün bu cür görüşlər hiyləgər siyasətin tərkib hissəsidir. Artıq başa düşməliyik ki, belə mənasız görüşlər heç nəyi dəyişmir. Rusiyanın XİN rəhbərliyi müxtəlif cür oyunlar oynayır. Hər yola əl atılır ki, təki vaxt uzadılsın. Gün həftəni, həftə ayı, ay da illəri əvəz edir. Artıq səbrimiz çoxdan tükənib. Açığı, Elmar Məmmədyarovun son Moskva görüşündən narazılığımı bildirirəm. Ermənilərin Azərbaycan ərazisində yeni raket kompleksindən açdıqları atəşlə bağlı heç bir fikir səsləndirmədi. Minsk Qrupundan da heç bir açıqlama olmadı. Amma bir erməni əsgərin yaralanmasına dərhal reaksiya verirlər. Azərbaycan mənasız görüşlərdən birmənalı şəkildə uzaqlaşmalıdır. Ötən ilin aprelində hər kəs çalışdı ki, Rusiya başda olmaqla, Azərbaycanı aktiv fəaliyyətdən çəkindirsinlər. Ölkəmiz ümid edirdi ki, erməni tərəf başa salınacaq, amma bunun şahidi olmadıq, əksinə Rusiya ermənilərə silahlar verdi, Amerikanın ikibaşlı oyun oynadığı üzə çıxdı. Verilən avadanlıq ermənilərin Azərbaycan tərəfini necə asanlıqla həm gecə, həm də gündüz izlədikləri sübut olundu. Moskva görüşü hiylənin bir davamı idi. Rusiya imicini qoruyur, Amerikaya obraz lazımdır, o zaman Azərbaycan yolunu tapmalıdır. Ötən ilin aprelindəki 4 günlük savaş göstərdi ki, bu münaqişənin yeganə həlli Azərbaycan ordusunun ermənilərə yerini göstərməkdən keçir. Rusiyadan çəkinmək lazım deyil. Bizim bəzi siyasilər və hərbiçilərin canında rus xofu var. Bu xofdan qurtarmaq lazımdır. Torpaq bizimdir, ata-babalarımızın məzarları olan ərazilərimizi azad etməyə kimsə bizə qadağa qoya bilməz. Bu danışıqları bitirmək lazımdır, bu danışıqlar indiyə qədər Azərbaycana bir santimetr belə torpaq qazandırmayıb”.



Hərbi ekspert əməliyyat ehtimallarından da söz açdı: “Əslində apreldə ermənilər əməliyyatların olacağından ehtiyatlanırdılar. Onlarda məlumat var idi ki, Azərbaycan aprelin sonlarına doğru əməliyyatlara başlaya bilər. Bizdə də bu istiqamətdə bəzi ehtimallar var idi. Müdafiə Nazirliyinin rəhbərlərinin tez-tez cəbhə bölgəsində olması, hərbi təlimlərin keçirilməsi ümidlər yaratmışdı. Təəssüflər olsun ki, bəzi əlverişli məqamları vaxt etibarı ilə əldən verdik. Amma qarşıdan gələn aylar da əlverişlidir. Lakin düşünürəm ki, hərbçi üçün vaxt əhəmiyyətli olmamalıdır. Onlar Azərbaycan ordusunun növbəti dəfə gücünü görməyincə, nə danışıqları intensivləşdirməyəcəklər, nə də torpaqlarımızın azad edilməsi üçün mühüm addım atmayacaqlar. Ərazi bütövlüyümüzün təmin olunmasının iki yolu var - ya müharibə ya da sülh. Üçüncü yol yoxdur. 20 ildən artıq müddətdə sülh yolu ilə nəyəsə nail olunmayıbsa, müharibə variantından başqa yol qalmır. Müharibə qaçılmazdır, mütləq olacaq. Onun da vaxtını yəqin ölkə rəhbəri bilir. Nə qədər tez bu məsələni həll etsək, bir o qədər yaxşıdır. Ötən ildəki 4 günlük savaşdan sonra işğal olunmuş ərazilərdən çoxsaylı ermənilər müharibə qorxusu ilə köç etdilər. Növbəti həmlədən sonra onlar qaçacaqlar. Azərbaycan heç bir halda ərazilərini güzəştə getmək fikrində deyil. Beynəlxalq qurumlar da yaxşı bilirlər ki, müharibə tələbini Azərbaycan vətəndaşları hər an dilə gətirirlər”.


Cavanşir ABBASLI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.