Ərdoğanla Putinin görüşündə mühüm razılaşmalar

4-05-2017, 09:01   
Ərdoğanla Putinin görüşündə mühüm razılaşmalar

Türkiyə prezidenti: “Danışıqların nəticələrini bir neçə gündən sonra görəcəksiniz”; “İki ölkə arasında münasibətlər xüsusi status əldə edir və tam bərpa olunur”


Mayın 3-də Soçidə Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. “Report” bildirir ki, görüş zamanı V.Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib.


R.T.Ərdoğan isə rəsmi Moskva və Ankaranın birgə səylərinin Yaxın Şərqdəki vəziyyətə təsir edə biləcəyini açıqlayıb.
Həmin görüşün sona çatmasından sonra hər iki prezident mətbuat konfransı keçirib.


“Rusiya prezidenti ilə aparılan danışıqların nəticələri bir neçə gündən sonra görünəcək”. Trend.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında bildirib.


Rusiya və Türkiyə prezidentlərinin Soçidə baş tutan görüşündə maraqlı anlar yaşanıb.


"RİA Novosti" xəbər verir ki, liderlər Rusiya prezidentinin "Boçarev ruçey" iqamətgahının danışıqların keçiriləcəyi zalına daxil olarkən Türkiyə nümayəndə heyətində olanlardan bir neçəsi xeyli müddət onlar üçün ayrılmış yerləri tapa bilməyib.
Harada əyləşəcəklərinə qərar verə bilmədiklərindən prezidentlər söhbətə başlamaq üçün onları gözləməli olublar. Vladimir Putin isə yaranmış vəziyyətə yumorla müdaxilə edib və “səninkilər işləmək istəmirlər”, - deyə həmkarı Ərdoğanla zarafatlaşıb...


***


“Ərdoğan-Putin görüşünü iki ölkə arasında 2015-ci ilin məlum təyyarə hadisəsindən sonra pozulan əlaqələrin bərpası istiqamətində atılan növbəti addım kimi qiymətləndirmək olar”.


Politoloq Şahin Cəfərli bu fikirləri Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən və 3 saat davam edən görüşü musavat.com-a dəyərləndirərkən dedi. Rəsmi məlumata əsasən, görüşdə ikitərəfli əlaqələrin inkişafı və genişləndirliməsi, Suriya münaqişəsinin həlli məsələləri müzakirə edilib. Məlum təyyarə olayından sonra iki dövlət arasındakı münasibətlərində yaranan problemlərin tam aradan qaldırılması üçün ümidlər bəslənən Soçi görüşündən gözləntilər böyük idi.


Qeyd edək ki, R.T.Ərdoğan Ankaradakı hava limanındakı açıqlamasında münasibətlərin normallaşması üçün qarşı tərəfin Türkiyəyə qarşı bütün ticarət sanksiyalarını ləğv etməsinin zəruri olduğunu bildirmişdi. “100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq istəyiriksə, bütün bu məhdudiyyətləri dərhal və tamamilə aradan qaldırmaq lazımdır”, - Ərdoğan demişdi. Görüşün bundan sonrakı mərhələdə Ankara-Moskva əlaqələri üçün nələr vəd etməsi haqqında danışan Ş.Cəfərli xatırlatdı ki, prezidentlər artıq əlaqələrin normallaşması mərhələsinin başa çatdığını və inkişafın başladığını da bəyan etdilər, lakin bu, bir qədər nikbin qiymətləndirmədir: “Çünki Rusiyanın Türkiyə aqrar sektorunun əsas məhsulu olan pomidorların idxalına qoyduğu qadağa davam edəcək. Rusiyanın Türkiyə vətəndaşları üçün tətbiq etdiyi viza rejimi də qüvvədə qalacaq. Bunun əsas səbəbi odur ki, Moskva Türkiyənin təhlükəsiz ölkə olduğuna inanmır və bu ölkə vasitəsilə terrorçuların Rusiyaya daxil ola biləcəyindən ehtiyatlanır”.


Ş.Cəfərli vurğuladı ki, öz növbəsində prezident Ərdoğan Türkiyənin Rusiyadan taxıl məhsullarının idxalına qoyduğu qadağanın ləğv edilib-edilməyəcəyinə aydınlıq gətirmədi: “Əgər bu qadağa Rusiyanın pomidor embarqosu ilə bərabər qüvvədə qalırsa, onda ticarət əlaqələrinin tam həcmdə bərpasından söhbət gedə bilməz”.


Politoloq şübhə etmir ki, siyasi-təhlükəsizlik sahəsində əsas müzakirə mövzusu Suriya problemi olub: “Rusiya və Türkiyə Astana formatı çərçivəsində bu məsələdə yaxın əməkdaşlıq edir. Lakin iki təməl məsələ - Əsədin gələcəyi və kürd məsələsi ilə bağlı fikir ayrılıqları var. Rusiya Əsədi himayə edir, Türkiyə isə Əsədsiz Suriyanın fəal tərəfdarıdır. Bundan başqa, Rusiya ABŞ-la birlikdə PYD-YPG qruplaşmasının əsas himayəçilərindən biridir, Türkiyə isə bu silahlı qruplaşmanı terror təşkilatı sayır və Suriyanın şimalında kürd qurşağının yaradılması məsələsini öz milli təhlükəsizliyi üçün 1 saylı təhdid sayır”. Eksert qeyd etdi ki, prezidentlərin mətbuat konfransında bu məsələlər üzrə tərəflərin anlaşıb-anlaşmadığı məlum oladı: “Düşünürəm ki, Əsədin gələcəyi məsələsində Türkiyə səbr göstərə bilər, bu baxımdan, mövqelərin yaxınlaşması mümkündür, lakin kürd məsələsində Rusiya və Türkiyənin ortaq mövqeyə gələcəyinə inanmıram. Bu mövzuda köklü fikir ayrılığı davam edəcək”.


Milli Məclisin deputatı Fazil Mustafa musavat.com-a bildirdi ki, bu görüş indiki şəraitdə mühüm əhəmiyyət kəsb edir: “Soçi görüşü Türkiyə üçün yeni siyasətin formalaşması baxımından faydalıdır. Rusiya üçün də təcrid olunmadan uzaqlaşmaq üçün əlverişli partnyorla yeni əməkdaşlıq formatı ola bilər. İndiki durumda hər iki ölkənin üst-üstə düşən maraqları daha çox olduğudan görüşün müsbət nəticələrinə ümid bəsləmək olar”.

Politoloq Elçin Mirzəbəyli bu fikirdədir ki, Soçi görüşünün nəticəsi olaraq diqqət çəkən əsas məqam prezident Putinin Türkiyə-Rusiya münasibətlərinin bərpasının başa çatdığını bəyan etməsidir: “Bu isə o deməkdir ki, hər iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan Akkuyu AES-in tikintisi və Türk axını layihəsi davam etdiriləcək. Həmçinin iqtisadi əməkdaşlıq əvvəlki məcrasına qaytarılacaq”. Siyasi analitik qeyd etdi ki, görüşdə diqqət çəkən digər məqam Suriya böhranının həlli ilə bağlıdır: “Burada isə Türkiyə ilə Rusiya arasında Suriyada təhlükəsizlik zonasının yaradılması barədə də razılığın əldə olunması diqqət çəkir. Bu, şübhəsiz ki, PKK terror təşkilatı və onun qolları ilə mübarizədə Türkiyə üçün olduqca vacib bir məsələdir”.


Politoloqun nəzərincə, diqqət çəkən digər məsələ isə hər iki ölkə rəhbərinin təhlükəsizlik və kəşfiyyat qurumlarının terrora qarşı mübarizədə birgə hərəkət edəcəklərini, hətta rus turistlərin təhlükəsizliyinin təmin olunması istiqamətində də əməkdaşlığa üstünlük verəcəklərini vurğulamalarıdır: “Görüşü Türkiyənin maraqları baxımından uğurlu hesab etmək olar”.




Politoloq qeyd etdi ki, ABŞ-ın kürd separatçıları ilə Türkiyə arasında yaratdığı bufer zonasından sonra Rusiya-Türkiyə təhlükəsizlik zonaları barədə razılığın əldə olunması çox maraqlı gedişdir.


Sözsüz ki, iki nəhəng dövlətin paytaxtları arasında əlaqələrin normallaşması Azərbaycanın da maraqlarına tam uyğundur. Hətta münasibətlərin yeddi ay müddətində soyuduğu dövrdə əlaqələrin bərpası üçün Bakı öz tərəfindən gərəkəni etmişdi və sonradan bu, rəsmən bəyan olundu. Bu mənada Moskva-Ankara yaxınlaşmasının Qarabağ münaqişəsinin həllinə də təsir göstərəcəyinə ümidlər çoxdur. Lakin Soçi görüşündən gələn ilkin məlumatlar və prezidentlərin brifinqindən belə aydın olur ki, Qarabağ məsələsi prioritetlər sırasında olmayıb.


E.Mirzəbəyli də qeyd etdi ki, mətbuat konfransında Qarabağ probleminin həlli ilə bağlı hər hansı bir fikrin səsləndirilməməsi, problemin üzərindən “regional məsələlərin həlli” müstəvisindən dəyərləndirilmələr aparılaraq keçilməsi maraq doğurur.


E.PAŞASOY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.