Düşmənə satılmış bir qrup hərbçi və mülki şəxs tutuldu – “Hələ təhlükə tam sovuşmayıb...”

8-05-2017, 09:35   
Düşmənə satılmış bir qrup hərbçi və mülki şəxs tutuldu – “Hələ təhlükə tam sovuşmayıb...”

Güc strukturlarından möhtəşəm uğur; Ermənistan kəşfiyyatına bağlı xəyanətkar şəbəkə ifşa edildi; Bakıda planlaşdırılan terror və təxribatların qarşısı alındı; ekspertlər durumu dəyərləndirir: “Hələ təhlükə tam sovuşmayıb...”

Azərbaycanın hüquq-mühafizə orqanları ölkəmizə qarşı xəyanətkar planlar hazırlayan, milli təhlükəsizliyimizin təhdidinə yönəlmiş hərəkətlərin iştirakçısına çevrilən cinayətkar şəbəkəni ifşa edib. Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bununla bağlı bəyanat yayıb.


Musavat.com-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.




Məlumatda deyilir ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir: “Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və respublikanın digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək”.


***


“Fərqi yoxdur, ölkənin harasıdır, istəyir cəbhə xətti olsun, istəyir başqa yer, vətənə xəyanət bağışlanmaz haldır. Sadəcə olaraq bu, cəbhə bölgəsində baş verirsə, ikiqat təhlükəlidir. Ona görə ki, bu, birbaşa təhlükəsizlik, müharibə vəziyyəti ilə bağlıdır. Ordunun sirrinin verilməsi ən müqəddəs ünvanın sirrinin verilməsidir”.


Sabiq milli təhlükəsizlik xidməti zabiti İlham İsmayıl bu fikirləri rəsmi qurumların açıqladığı məlumatı şərh edərkən “Yeni Müsavat”a bildirdi. Onun sözlərinə görə, bu dərəcədə şəbəkələşmənin, sayın çox olması çox təəssüf ki, ilk növbədə orduda əks-kəşfiyyatın zəif olmasına dəlalət edir: “Burada xeyli insanlardan söhbət gedir, məlumata görə 42 nəfərdir. Amma əgər sonunda aşkarlanıbsa, bunun özü da böyük şeydir. Eyni zamanda buna səbəb olan nədir, ilk növbədə bu, araşdırılmalıdır”.




İ.İsmayıl xatırlatdı ki, keçmiş MTN-də orduda əks-kəşfiyyatla məşğul olan xüsusi idarə olub: “Həmin xüsusi idarənin də tam məsuliyyətsiz fəaliyyətinin nəticəsidir ki, say gəlib bu həddə çatıb. Hər halda istintaq bunun yaranma səbəblərini, nəticələrini, vurulan ziyanı və onların necə aradan qaldırılmasını müəyyənləşdirməlidir. Bundan sonra da bütün cəbhə boyu erməni kəşfiyyatının qarşısının alınması üçün əməliyyat şəraitinə daha ciddi əməl olunmasına nail olmaq lazımdır. Əks təqdirdə, çətin olacaq. İstintaq müddətində araşdırılmalıdır ki, daha kimlər düşmən kəşfiyyatına bağlı ola bilər. Bu zabitlərlə xidmət edənlərin özləri də sorğu-suala çəkilə bilər. Ola bilsin, kimsə təşəbbüs göstərib deyə ki, biz bilməmişik, bu adamlar düşmənə işləyiblər”.


Sabiq təhlükəsizlik zabiti məsələyə çox ciddi diqqət yetirilməsini zəruri sayır: “Bu, bir şəbəkədir, bir-iki nəfərin məsələsi deyil. Bu şəbəkənin necə yaranması ciddi şəkildə araşdırılmalıdır. Hələ təhlükə tam sovuşmayıb. Amma hesab edirəm ki, bu işin üstünün açılması DTX-nın yeni rəhbərliyinin xidmətləridir. Fikrimcə, onlar bu məsələnin kökünə gedib çıxacaqlar və qarşıdakı təhlükənin də qarşısını alacaqlar”.



İlham İsmayıl əlavə etdi ki, düşmən ona işləyən 42 nəfərin ifşasından sonra yenə dayanmayacaq, yenə fürsət gözləyəcək: “Bu adamlar düşmənə işləyiblər. Son hadisə düşmən üçün həm müsbət hadisədir, həm də iflasdır. Amma hər bir casusun müəyyən dövrdə ifşası olur. Hər halda erməni tərəfin uğuru olub ki, 42 nəfəri cəlb edə biliblər. Ola bilsin erməni tərəf əsasən 3-4 nəfərlə birbaşa işləyib, amma həmin digər insanları cəlb ediblər. Mənə elə gəlir ki, digər insanların şirnikləndirilməsi daha çox maddiyyatla bağlı olub”.


Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə baş verənlərdən təəccüblənməyib: “Mən hələ bir neçə ay əvvəl bu məsələ ilə bağlı hərbi-əks kəşfiyyat idarəsinin rəhbərliyinə aldığım məlumatlarla bağlı müraciət etmişdim. Onları xəbərdar etmişdim ki, bizdə narahatlıq doğuran ciddi məlumatlar və konkret adlar var. Konkret olaraq bir gizirlə bağlı məlumat vermişdim. Çünki həmin şəxslə bağlı çox böyük narazılıqlar var idi. Mənə söz verdilər ki, bu məsələ ilə məşğul olacaqlar. Amma çox təəssüf ki, axıra qədər prinsipiallıq göstərmədilər”.


Ü.Cəfərov şəbəkənin ifşasını ciddi hadisə saymaqla bərabər hesab edir ki, onların aprel döyüşlərinin daha uğurlu alınmaması üçün rol oynadığı da istisna deyil: “Mən dəfələrlə dedim ki, aprel hadisələri ciddi təhlil olunmalıdır. Aprel hadisələrində də istisna olunmur ki, belə xəyanətkarların da rolu olub. Əks təqdirdə itkilərimiz qat-qat az olardı”.


Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə qeyd etdi ki, həbs olunanların kimin adamları olduğu ciddi şəkildə araşdırılmalıdır: “Orduda kəşfiyyat və əks-kəşfiyyat məsələləri həmişə olub. Amma burada ciddi məsələlərdən söhbət gedir. Orduda məxfi məlumat əldə etmək üçün mütləq məxfi sənədlərə əli çatan şəxslər olmalıdır, onlar da xüsusi icazəsi olanlardır. Həmin sənədlərlə işləmək icazəsi verənlərin də araşdırılması lazımdır. Hər halda dəstə ifşa olunubsa, bu, çox yaxşı hadisədir. Demək ayıq-sayıqlığımızı çox da itirməmişik”.


“Müharibənin tərkib hissələrindən biri də ideoloji, informasiya müharibəsidir. Bu kimi hallarda Rusiya amili, yaxud düşmənin təxribat xarakterli məlumatların olması da istisna deyil. Amma indiki halda rəsmi qurumlarımız məlumat yayıb. Yəqin ki, onların kimlikləri barədə geniş məlumat veriləcək. Bunu edənlər azərbaycanlıdırsa, Azərbaycan vətəndaşıdırsa, istər mülki, istər hərbiçi olsun, vətənə xəyanət edir. Ona görə də ən ağır cəzaya məhkum olunmalıdırlar”. Bu fikirlər isə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədova məxsusdur. (Modern.az)

E.Məmmədov vətənə xəyanətin bağışlanmaz olduğunu vurğulayıb: “Damarında azərbaycanlı qanı axan bunu etməz!”


E.PAŞASOY



08.05.201708:40 359
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.