Ərdoğan İlham Əliyevdən Fərhad Əliyevin xahişini edib - təfsilat

10-05-2017, 08:35   

Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri, 2005-ci ildə həbs olunan və 8 il sonra əfvlə azadlığa çıxan Fərhad Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Alco Lubricant Company” şirkətinin sahibidir.

Virtualaz.org xəbər verir ki, həbsdən buraxılandan sonra Azərbaycanı tərk edən və Belarus da daxil olmaqla bir sıra xarici ölkələrdə biznes layihələri ilə məşğul olan keçmiş nazirin ölkəyə döndüyü, bəzi investisiya layihələri həyata keçirməyə başladığı haqda çoxdan söz-söhbətlər yayılmışdı.

İndi qaynar.info portalı yazır ki, F.Əliyevin Azərbaycandakı biznes layihələrindən biri Sumqayıt Kimya Sənaye Parkının ərazisində, 2,5 ha torpaq sahəsində tikilən sürtgü yağları istehsal edən zavodun tikintisidir.

Həmin zavodu keçmiş nazirin qurduğu “Alco Lubricant Company” MMC inşa edir. Zavodun investisiya dəyəri 10 milyon manatdır və orada ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur. Şirkət 2016-cı il mayın 5-də yaradılıb, bundan 45 gün sonra Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi ilə təmin edilib. Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə gömrük vergisindən də tam azad olunub. Zavodun bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır.

Şirkətə investisiya təşviq sənədini iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov təqdim edib. "Alco Lubricant Company" Sumqayıt Kimya Sənaye Parkının 9-cu rezidenti olub. Şirkətin qurduğu zavod alman texnologiyaları əsasında sürtgü yağları istehsal edəcək. “Alco Lubricant” sürtgü yağları üzrə alman brendidir.

Belə görünür ki, Fərhad Əliyev əfv olunandan sonra vaxtilə yığdığı kapitalın da reabilitasiyası üçün siyasi razılıq alıb. Məlumdur ki, Əliyev qardaşları hələ 90-cı illərin əvvəllərindən Moldova bizneslə məşğul olublar, daha sonra Azərbaycanda öz bizneslərini inkişaf etdiriblər. Fərhad Əliyevin nazir təyin olunması Əliyev qardaşlarının biznes imperiyasının daha da böyüməsinə şərait yaradıb.

Lakin Fərhad Əliyev həbs olunandan sonra onların akivlərinin bir çoxu əllərindən alınmışdı. Bununla belə şübhə yox idi ki, biznes işlərində və çirkli pulların leqallaşdırılmasında kifayət qədər məharət sahibi olan Əliyev qardaşları hansısa offşor zonalarda kapitallarının bir qismini gizlədə biliblər. Və Fərhad Əliyev və qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev həbsdən buraxılandan sonra həmin kapitalı xarici ölkələrə yatırmağa başlamışdılar. İndi isə Əliyev qardaşlarına şərait yaradılıb və təminat verilib ki, kapitallarını Azərbaycanda da leqallaşdırsınlar, investisiya yatırsınlar.

Bu məsələ ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. F.Əliyevin ailəsinə yaxın mənbələrdən istiqlal.az-a daxil olan məlumatlara görə, sabiq nazir artıq bir neçə aydır Bakıdadır. F.Əliyev həbsdən sonra arabir bir Azərbaycana gəlmək şərti ilə Türkiyədə yaşayıb. Ancaq 1 ilə yaxındır ki, F.Əliyev Azərbaycana köçüb. Onun Azərbaycanda daimi yaşamaq və bizneslə məşğul olmaq xahişini Azərbaycan prezidenti İlham Əliyevdən Türkiyə prezidenti Ərdoğan edib. Azərbaycan prezidenti də buna razılıq verib. Konkret olaraq, F.Əliyevə ölkədəki ictimai-siyasi proseslərə qoşulmamaq şərti ilə biznes qurmasına icazə verilib - deyə mənbə vurğulayıb.

Mənbə bildirir ki, F.Əliyev və qardaşı Ərdoğana yaxın şəxslərlə müştərək biznes qurub və layihələrə bir neçə milyon dollar xərcləyib. Bununla da Ərdoğanın yaxın çevrəsi ilə F.Əliyevin sıx münasibətləri yaranıb. Bu münasibətlərin təməli ilə F.Əliyev hələ nazir işləyən dövrlərə təsadüf edir. Ərdoğan çevrəsinin etimadını qazanan F.Əliyev Ərdoğandan onun daimi yaşamaq və biznes qurmaq üçün Bakıya dönməsinə razılıq almaq üçün yardım göstərməyi xahiş edib və müsbət cavab alıb. Bu dönüş də Azərbaycanın siyasi hakimiyyəti də maraqlı olub. İnvestisiya qıtlığı keçirən ölkəyə sərmayə axınını təmin etmək üçün F.Əliyevin kapitalından və əlaqələrindən faydalanmaq qərara alınıb.

İstiqlal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.