ATƏT-in konfransında saytların bloklanmasından danışılıb

11-05-2017, 10:00   




Bu gün, mayın 10-da Tbilisidə ATƏT-in ənənəvi illik 14-cü media konfransı başlayıb. Konfransın mövzusu “Saxta məlumatlar, dezinformasiya və KİV azadlığı” adlanır.

Tədbirdə əsas diqqət Azərbaycan, Ermənistan və Gürcüstanda media sahəsindəki problemlərə yönəlib.

Konfrans ATƏT-in KİV-də təbliğat problemlərinə həsr olunan 2015-ci il Vyana konfransının davamıdır və informasiya məkanında manipulyasiya probleminin dərinləşməsini xarakterizə edir.

“KİV xəbərlərdə dəqiqlik və dürüstlüyü əsas götürməli, təbliğata yol verməməlidir”, – ATƏT-in KİV azadlığı üzrə Bürosunun icraçı direktoru Frane Maroeviç konfransın açılışında bildirib. O deyib ki, konfransın yekununda mövzuya aid tövsiyələr təqdim olunacaq.

ATƏT-də sədrlik edən Avstriyanın səfiri Arad Benko deyib ki, məqsəd KİV-in müstəqilliyinin gücləndirilməsindən ötrü hökumətlə media arasında kommunikasiyaya nail olmaqdır.

Avropa Jurnalistlər Federasiyasının vitse-prezidenti Nadejda Ajqixina cəmiyyətdə mətbuata olan inamın möhkəmləndirilməsindən ötrü federasiyanın tövsiyələrini açıqlayıb.

Tövsiyələr…

“Hesab edirik ki, jurnalistlər həqiqət prinsipinə əməl etməli, müstəqil olmalı və öz hərəkətləri ilə başqasına zərər vurmamalıdır. Həmçinin, KİV-də və cəmiyyətdə özünütənzimlənməni inkişaf etdirməli, düşmənçiliyə qarşı kampaniya aparmalı, araşdırma jurnalistikası təcrübəsini inkişaf etdirməlidir”, – o bildirib.

Tədbirə qatılan Litva Jurnalistlər İttifaqının rəhbəri Dayniyus Radzeviçiyus isə bunları deyib:

“Təbliğatın və yalanın qarşısının alınması üzrə tədbirlərin vacibliyi, həm də hökumətlərin jurnalistlərə nəzarət etmək, onların fəaliyyətini yönləndirmək istəyi nəticəsində formalaşan aqressiv mühitin gücləndirilməsindən irəli gəlir”.

Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze isə öz çıxışında gürcü hökumətinin ifadə azadlığına bütün aspektlərdə dəstək verdiyini bildirib. O, deyib ki, ölkəsi rəqəmsal yayım sahəsində bütün beynəlxalq ölçülərə əməl edir. Gürcüstan bu sahədə, artıq örnəyə çevrilib.

Xatuna Totladze ölkəsində internet azadlığına da təminat verildiyini, bunun bütün hesabatlarda öz əksini tapdığını qeyd edib. Nazir müavini bununla yanaşı beynəlxalq qurumların bütün tövsiyə və çağırışlarına açıq olduqlarını vurğulayıb.

Həbsdə olan jurnalistlər, bloqqerlər

Azərbaycandan hüquqşünas Ələsgər Məmmədli də həbsdə olan jurnalistlər, bloqqerlər haqında danışıb. Azərbaycanda böhtan və təhqirə görə, cinayət cəzalarının tətbiqinin yenidən işə düşdüyünü bildirən Ə.Məmmədli bloqqer Mehman Hüseynovun, jurnalist İkram Rəhimovun məhz böhtana görə, həbs edildiklərini deyib.

Saytların bloklanması

O, tənqidi məzmunlu media qurumlarının internet saytlarının bloklanması barədə məhkəmə təşəbbüsünə də toxunub.

Hökumət təmsilçilərindən Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov isə deyib ki, Azərbaycanda medianın fəaliyyətindən ötrü bütün gərəkli şərait mövcuddur. Onun deməsinə görə, hökumət ortaya çıxan problemlərin çözülməsi məqsədi ilə gərəkli addımları atır.

Konfrans mayın 11-də başa çatacaq.

azadliq.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.