Yavər Camalovun ölkəmizin silah ixracatçısına çevrildiyini bəyan etməsindən 2 saat sonra Bakıdakı obyektində yanğın olması təsadüfdür, yoxsa?
“Müdafiə Sənayesi Nazirliyi (MSN) ”Yalquzaq" snayper tüfənginin ixracına başlayıb" xəbərinin ardından mayın 10-da nazir Yavər Camalovun mediada geniş müsahibəsi yayıldı. Y.Camalov müsahibəsində ölkəmizin getdikcə silah idxalatçısından silah ixracatçısına çevrildiyini bəyan etmişdi.
Nazirin odlu-alovlu bəyanatından 2 saat sonra Bakının tanınan və Camalovlara, konkret olaraq nazir Yavər Camalovun biznes şəbəkəsinə daxil olan “Niaqara” restoranında yanğın oldu. Restoranın həyətindəki yanğın 1 saatdan sonra söndürüldü.
Qeyd edək ki, Y.Camalovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2017" XIII Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. 4 gün davam edən sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı silah və digər hərbi sənaye məhsulları nümayiş olunub. Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkət iştirak edib.
Səfər çərçivəsində Yavər Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də olub.
...Bakıda restoranlar tez-tez yanmır. Heç bahalı restoranların ətraflarında da yanğın olmur. “Niaqara” və digər iri və dəbdəbəli restoranların əksəriyyəti məmurlarındır. Onları idarə edən şəxslər belə “çp”lərdən yan keçməyin yollarını yaxşı bilirlər.
Nə baş verir? Yavər Camalovun açıqlamaları ilə onun restoranının yanması arasında əlaqə ola bilərmi? Məsələn, iddia etmək olarmı ki, nazirin “Azərbaycanın NATO kalibrində (7.62x51mm) ilk silahı olan ”Yalquzaq" tam olaraq yerli mütəxəssislər tərəfindən yaradılıb" açıqlaması dünyaya silah satan, özünün standartları ilə dünyada tanınan qonşu dövlətlərin qıcığına səbəb ola bilər. Daha bir versiya üzərində də fikirləşməyə dəyər. Məsələn, Azərbaycanın silah istehsalı sahəsində İsrail silah düzəldən şirkətləri ilə əməkdaşlıq etməsi sirr deyil. Bu kimi məsələlər Y.Camalovun müdafiə sənayesi rəhbəri olaraq hədəfə gəlməsinə səbəb ola bilər.
Belə bir güman yaranır ki, sanki kimlərsə hörmətli nazirin qəsdinə durub. Onun rəhbərlik etdiyi nazirliyin müəssisəsində partlayışı yada salaq. 2015-in 7 iyulunda MSN-ə məxsus olan “Telemexanika” zavodunda partlayış və yanğın baş verdi, ölən və yaralananlar oldu. Üstündən 11 ay keçəndən sonra 2016-cı ilin iyun ayında Şirvanda yerləşən “Araz” zavodunda da partlayış oldu. İndi isə Bakı şəhərində nazirin restoranında yanğın baş verib. Silah istehsal edən böyük bir kompleksin başında dayanan nazirin tez-tez partlayış və yanğınlarla gündəmə gəlməsi təsadüfdürmü? Suallar çox, cavab isə hələ ki yox...
E.MƏMMƏDƏLİYEV