"PREZİDENT APARATINDA BU CASUS ŞƏBƏKƏSİNİ HİMAYƏ EDƏN İNSANLAR VAR"

13-05-2017, 09:19   

Sərdar Cəlaloğlu: “Ordunun özündə də yüksək rütbəli adamlar olmadan, bu boyda şəbəkəni sərbəst şəkildə yarada bilməzdilər”

“Azərbaycan elə bir siyasət aprır ki, burda casusun olmamağının özü şübhəlidir”

“Xəyanətkarlar ifşa olunmadıqca, bizim övladlarımız boş yerə öləcəklər”

“Casus şəbəkəsinin bu qədər geniş inkişaf etməsi onu göstərir ki, burda bir nəzarətsizlik var”

“Qardaşım oğlunun ölümü həmin hərbi hissədə olan ermənilərə, ruslara işləyən xəyanətkarların fəaliyyəti ilə bağlıdır”

Xəbər verildiyi kimi, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbçi və mülki şəxs tutulub. Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat, xüsusi xidmət orqanları Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti hazırlayıb: “Bu məqsədlə bir qrup hərbi qulluqçu və mülki şəxs Ermənistan kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək, müxtəlif vaxtlarda öz maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə qarşı tərəfə ötürüblər”.

Maraqlıdır, böyük bir casus şəbəkəsinin Azərbaycanda düşmən ölkəyə xidmət göstərməsi necə mümkün olub? Bu, həqiqətənmi Ermənistan kəşfiyyatının fəaliyyəti nəticəsində baş tutub, yoxsa burda hansısa xarici qüvvələrin də rolu var? Bu və ya digər suallara Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

“Azərbaycan ordusunda Ermənistanın casuslarının olması heç də təəccüblü deyil”

- Sərdar bəy, sizcə, Ermənistana xidmət edən geniş casus şəbəkəsinin Azərbaycanda fəaliyyəti necə mümkün olub?

- Əvvəla onu deyim ki, müharibə vəziyyətində olan bütün ölkələrdə bir-birinin ordusuna, təhlükəsizlik güclərinə nüfuz etmə siyasəti aparılır. Çünki, adətən düşməni zəiflətməyin üsullarından biri də onun tərəfində olan müəyyən adamları öz tərəfinə çəkmək və öz adamlarını orda yerləşdirməkdir. Məsələn, İkinci Dünya Müharibəsində rusların alman ordusunda, almanların da rus ordusunda çox yüksək rütbəli casusları vari idi. Eləcə də Amerikanın təhlükəsizlik qüvvələrində və ordusunda Rusiyaya, başqa ölkələrə işləyən casuslar ifşa olundu. Rusiyanın təhlükəsizlik qüvvələrində və ordusunda da eynilə Amerikanın və başqa ölkələrin maraqlarına xidmət göstərən casuslar var. Yəni bütün ölkələrdə başqa dövlətlərə və qüvvələrə xidmət edən casusların olduğu sirr deyil. Məsələn, bu yaxınlarda Türkiyədə dövlət çevrilişinə cəhd oldu. Əslində, bu çevrilişə cəhd edən hərbçilər casus kimi fəaliyyət göstəriblər. Yəni dövlətin və xalqın əleyhinə fəaliyyət göstərən bir qüvvə olub.

Azərbaycan ordusunda da Ermənistanın casuslarının olması heç də təəccüblü deyil. Bu, müharibə aparan ölkələr üçün xarakterikdir. İkincisi, Azərbaycan elə bir siyasət aprır, elə bir vəziyyətdədir ki, burda casusun olmamağının özü şübhəlidir. Niyə? Çünki Azərbaycan da, Ermənistan da demək olar ki, Rusiyanın təsir dairəsindədir. Ermənistandakı hərbi qüvvələrə bilavasitə Rusiya nəzarət edir. Azərbaycan ordusunda da Rusiyaya xidmət göstərən yüksək rütbəli zabitlər var. Məsələn, hamı bilir ki, Nəcməddin Sadıkov Rusiyanın burdakı təmsilçidir. Hansı ki, Nəcməddin Sadıkovun qardaşı Ermənistanda qoşun başçısıdır, özü isə Azərbaycanda Baş Qərargah rəisidir. İndi siz təsəvvür edin ki, iki qardaş oturublar Dağıstanda və hər biri öz fəaliyyətindən danışır. Onda nə olur? Deməli, Nəcməddin Sadıkov Azərbaycan ordusunun sirlərini rus ordusuna verəcək, qardaşı da rus ordusundakı fəaliyyəti ilə bağlı məlumat versə, o da bir növ casusluq etmiş olacaq. İndi nəzərə alsaq ki, Nəcməddin Sadıkov və qardaşı ya Rusiyaya, ya da Azərbaycana işləyir, demək, bu zaman birtərəfli casusluq olur. Casus nə deməkdir? “Agent vilyani” deyilən bir anlayış var. Tutaq ki, bir adam heç agent deyil, amma siz onun qohumluq, dostluq və ailə əlaqələrindən istifadə edib, ondan müəyyən informasiya əldə edə bilərsiniz. Məsələn, vaxtilə Kalininin arvadını xalq düşməni elan edib tutumuşdular. Onu xarici ölkəyə casusluqda ittiham etmişdilər. Yəni SSRİ-nin ikinci şəxsinin həyat yoldaşı belə, casusluqda ittiham olunurdu. Dünya təcrübəsində də hətta kralların, kraliçaların ən yaxın adamlarının, ailə üzvlərinin casusluq şəbəkəsinə daxil olması ilə bağlı çoxlu faktlar var. Burda isə iki qardaşın biri rəsmən Ermənistanda rus qoşunlarının generalıdır, biri isə Azərbaycanda Baş Qərargah rəisidir...

“Rusiya öz torpaqlarının müdafiəsi ilə bağlı niyə mənə o mükafatı vermir, Siyavuşa verir?!”

- Hesab edirsiniz ki, bu casus şəbəkəsinin başında Nəcməddin Sadıkov dura bilər?

- Mən elə hesab etmirəm. Mən deyirəm ki, hələ bu casusluğu qoyaq qırağa, faktiki olaraq görünən budur ki, Azərbaycan ordusuna və bizə düşmən olan ölkədə yerləşən rus ordusuna rəhbərlik edən iki adam qardaşdır. Və bunlar da şəxsi əlaqələrini saxlayırlar. Nə Nəcməddin Sadıkov deyib ki, mən qardaşımdan imtina etmişəm, nə də qardaşı. Əksinə, bunlar mütəmadi olaraq görüşürlər. Təbii ki, iki hərbçi görüşərkən də şəxsi, ailə məsələləri ilə yanaşı, həm də özlərinin peşə fəaliyyətləri ilə bağlı bir-biri ilə söhbət edəcəklər. Bu da elə həmin informasiyanın verilməsi deməkdir. Yəni faktiki olaraq iki qardaşın biri Ermənistanda, digəri Azərbaycanda yüksək vəzifə daşıyır ki, bunlar da bir-birindən informasiya əldə edə bilər.

Digər tərəfdən, Azərbaycanda deputatlar var ki, rus torpaqlarının müdafiə olunması ilə bağlı medalla, ordenlə təltif olunub. Adamlar var ki, Rusiyaya xidmət etməyə görə ordenlə təltif olunub. Yaxşı, bunu heç casus hesab etməyək. Bilirsiniz ki, Siyavuş Novruzova Rusiya torpaqlarının müdafiəsi ilə bağlı orden verilib. O, hansı Rusiya torpaqlarını müdafiə edir? Hansı xidmətlərinə görə ona medal verilib? Bu o deməkdir ki, orden verilən adamlar rəsmi şəkildə Rusiyanın maraqlarına o dərəcədə böyük xidmət göstərirlər ki, hətta Rusiya məcbur qalıb onları öz vətəndaşlarını mükafatlandırdığı ordenlərlə təltif edir.

Yəni açıq şəkildə görünür ki, Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən qüvvələr var və onlar siyasi partiyalarda da, dövlət idarələrində də, parlamentdə də təmsil olunurlar. Və lazım olanda Rusiya bu adamları mükafatlandırır, qiymətləndirir. Biz bu adamların əks tərəfə hər hansı bir informasiya ötürmədiyini nədən bilərik?! Bir halda ki, bu adam Rusiyanın yüksək dərəcəli mükafatına layiq görülüb, bizim hansı qarantımız var ki, onlar Rusiyaya işləmir?! Rusiyaya işləmirsə, Rusiya niyə bunu mükafatlandırır?! Məsələn, Rusiya öz torpaqlarının müdafiəsi ilə bağlı niyə mənə o mükafatı vermir, Siyavuşa verir?! Bax, bunu müqayisə etmək lazımdır. Əlbəttə, təkcə Siyavuşdan söhbət getmir, 10-15 nəfərə bu cür orden verilib. Sual olunur, bizə niyə verilmir? Rusiya bu seçimi nəyin əsasında edir? Demək, gərək xidmət göstərəsən ki, orden alasan. Demək, bunlar Rusiya torpaqlarının müdafiəsinə oxşar fəaliyyət göstəriblər. Hansı ki, Rusiya torpaqlarının müdafiəsinə xidmət etmək həm də Azərbaycan dövlətinin maraqlarına zidd bir fəaliyyət tələb edir. Çünki bunun əksi Rusiyaya xidmətdir.

“Dünyanın heç bir ölkəsində bu cür böyük casusluq şəbəkəsi yaradılmır”

- O halda nə üçün bu məsələlər, o cümlədən illərdir Azərbaycanda Baş Qərargah rəisi vəzifəsini icra edən Nəcməddin Sadıkovun fəaliyyəti yumşaq desək, diqqətdən kənarda qalır?

- Əslində, dediyim 5-6 səbəbə görə nəzəri olaraq biz əvvəldən bilirdik ki, Azərbaycan ordusunda casuslar var. Bundan da sonra casuslar olacaq. Dövlət durduqca, ordu durduqca, müharibə getdikcə casuslar olacaq. Əsas məsələ bu deyil. Əsas məsələ başqadır. Birincisi, dünyanın heç bir ölkəsində bu cür böyük bir casusluq şəbəkəsi yaradılmır, 70-80 nəfərlik. Hələ bilinmir nə qədər olacaq. Həmin şəbəkənin bu qədər geniş inkişaf etməsi onu göstərir ki, burda bir nəzarətsizlik var. Çünki, adətən casuslar təklikdə fəaliyyət göstərir. Ən yaxşı halda iki nəfər olur. İki nəfərdən artıq casus, şəbəkə varsa, mütləq onlar tezliklə ifşa olunurlar. Yəni casusluğun mexanizmi belədir. Tək olsa, gec ifşa olunur, çox olsa, tez. Məsələn, Rixard Zorge 5-6 nəfər qoşulandan sonra ifşa olundu. Halbuki müharibənin ortalarına qədər 2-3 nəfər idi, çoxaldıqca ifşa olunma şansı artdı. Təsəvvür edin ki, Azərbaycanda 70-80 nəfərlik bir şəbəkə yardılır, burdan informasiya çıxmır, hökumətin heç nədən xəbəri olmur. Müdafiə Nazirliyinin ordudakı 30-40 nəfərin casus şəbəkəsinə cəlb olunmasından xəbərsiz olması nə deməkdir?! Axı, burda əks-kəşfiyyat olur. Bu əks-kəşfiyyata rəhbərlik edən şəxslər bu günə qədər nə işlə məşğul olublar?! Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi nə işlə məşğul olub ki, 30-dan artıq mülki vətəndaş belə bir casus şəbəkəsinə cəlb olunurdu?! Məsələ bu casusları ifşa etməkdən yox, bur cür şəbəkələrin yardılmasının qarşısını alan effektli siyasətdən gedir. Azərbaycanda da bu siyasət aparılmır. Bu siyasətin aparılmamasının birinci əlaməti budur ki, orduda olan casusluq fəaliyyəti ilə bağlı mətbuatda verilən informasiyaların heç birinə hökumət vaxtında reaksiya verməyib. Mətbuatda Üzeyir Cəfərli yazır ki, mən rəsmən Müdafiə Nazirliyinə müraciət etmişəm. Niyə vaxtında reaksiya verilməyib? Biz özümüz aprel döyüşlərində qardaşımız oğlunun xəyanət nəticəsində həlak olması ilə bağlı müraciət etdik. Əlimizdə kifayət qədər konkret fakt var idi. Belə ki, öz ordumuzun yüksək rütbəli bir zabiti həmin yerə gəlib-gedəndən sonra o ərazi atəşə tutulub. 3 gün orda vuruşublar, bir erməni mərmisi düşəmyib. Həmin zabit ora gəlib, gedəndən 15 dəqiqə sonra onun olduğu yer atəşə tutulub və 8 nəfər adam öldürülüb. Qardaşım oğlu öləndən sonra da kabinetinə hücum ediblər, seyfini oğurlayıb aparıblar çölə, orda yandırıblar. Hətta meyiti belə axtarıblar, cibindən sənədləri, açarları, möhürü götürüblər. Yəni ölünü soyublar. Müharibə qanunlarına görə, ölünün üzərindən hər hansı bir əşya götürmək cinayətdir. Siz təsəvvür edin ki, kimlərsə qardaşım oğlunun meyitini soyub, otağını yağmalayı, maşınında axtarış aparıblar.

“Kimlərsə qardaşım oğlunun əlində olan hansısa faktlardan narahat olub...”

- Bu, kimin göstərişi ilə edilib, sizə məlumdur?

- Bu adamların kim olduğunu bilirik. Bununla bağlı Hərbi Prokurorluğa müraciət etmişik ki, biz Rasimin xəyanətin qurbanı olduğundan şübhələnirik. Burda açıq cinayət olduğu aydın görsənir. Kimlərsə qardaşım oğlunun əlində olan hansısa faktlardan narahat olub, o faktları ələ keçirmək üçün axtarış aparıblar, onun meyitini də, evini də, iş otağını da, maşınını da axtarıblar. Özü də qeyri-qanuni, prokurorun sanksiyası olmadan.

- Hərbi Prokurorluq müraciətinizlə bağlı araşdırma apardı?

- Siz təsəvvür edin ki, Hərbi Prokurorluq bu günə qədər bizə heç bir dəqiq və aydın məlumat verməyib. Biz cinayət işinin qaldırılması naminə hökumətin verdiyi medallardan da imtina etdik ki, bəlkə bu işin araşdırılmasının vacib olduğunu başa düşələr. Amma bu günə qədər həmin işlə bağlı heç bir araşdırma aparılmayıb. Əlbəttə, qardaşım oğlu müharibədə ölə bilərdi. Biz isə əminik ki, onun ölümü konkret olaraq həmin hərbi hissədə olan ermənilərə, ruslara işləyən xəyanətkarların fəaliyyəti ilə bağlıdır. Çox təəssüf ki, sonrdan o adamlara yüksək dərəcəli mükafatlar da verildi. Biz bilirik ki, bu mükafatlandırmanın özündə proteksiya var. Yəni o adamlara medalları qəhramanlıqlarına görə verməyiblər, kimin adamı, tanışı var, ona verilib. Məsələn, qardaşım oğlu sağlığında deyirdi ki, mənə medal verilməli olsa da, həmin komandir təqdim etmək istəmir, mümkün qədər çalışır ki, haqqımı tapdasın. İndi təsəvvür edin ki, dinc şəraitdə Rasimin haqqını tapdalayan bir zabit müharibədə göstərdiyi xidmətə görə onun barəsində təqdimat verərmi? Yox. Bunlar o adamları təqdim edirlər ki, onlar casusluq şəbəkəsində daha inamla işləyə bilsin. Yəni bu gün təltif edilən hərbçilərin kimliyinə baxmaq lazımdır...

“Söhbət Azərbaycan əsgərindən, minlərlə insanın taleyindən gedir...”

- Konkret hansı komandirdən söhbət gedir? Bəlkə bu haqda açıq danışmağın zamanıdır...

- Elə Rasimin komandirindən söhbət gedir. Onun yoldaşı da bu haqda ifadə verib, qardaşı da, bizim də hamımıza məlumdur ki, sağlığında komandiri olan adam onunla həddindən artıq düşmən münasibətində olub. Rasim də həmin komandirin fəaliyyəti, hərbi hissədə olan məsələlərlə bağlı məlumatlar yığdığını, onları Müdafiə Nazirliyinə göndərəcəyini və bu məlumatların çox ciddi əhəmiyyət daşıması ilə bağlı bizə – mənə də, Qurban bəyə də (Qurban Məmmədov – red.), başqalarına da məlumat vermişdi. Biz bilirdik ki, o, hansısa məlumatlar yığır, açıq şəkildə deməsə də, bu casusluq fəaliyyəti ilə bağlıdır. Amma demişdi ki, mən onları ifşa edəcəm.

Təsadüfi deyil ki, həmin adam ora gedəndən sonra Rasim ölüb və meyitini də soyublar. Çox maraqlıdır ki, meyiti də o adam gətirib. Orda əsgərlər ola-ola, ən yüksək rütbəli komandir özü gedib meyiti götürüb. Meyiti gətirəndən sonra məlum oldu ki, cibində axtarış aparılıb, sənədlərini, saatına qədər hər şeyini götürüblər. Yəni o komandirin gedib Rasimin meyitini götürməsi fədakarlıq olmayıb, əksinə, meyiti soymaq üçün gedib. Çünki o, meyiti gətirəndən sonra görüblər ki, üstündə heç bir sənəd yoxdur. Yəni biz açıq şəkildə orda Rasimlə bağlı müəyyən faktları axtaran, gizlətmək istəyən insanların olduğunu bilirdik. Bununla bağlı da prokurorluğa rəsmi müraciət etmişik. Xahiş etmişik ki, bu iş araşdırılsın. Söhbət burda Rasimdən yox, Azərbaycan ordusundan, Azərbaycan əsgərindən, minlərlə insanın taleyindən gedir ki, xəyanətkarlar ifşa olunmadıqca, bizim övladlarımız boş yerə ölürlər. Yəni övladlarımız vətənə qurban olmur, düşmənə, xəyanətə qurban olurlar.

“Aprel döyüşləri zamanı itkilərimizin çox olmasına bu xəyanətkar qrup səbəb olub”

- Belə aydın olur ki, aprel döyüşləri zamanı ortada xəyanət faktı olmasaydı, daha ciddi uğurlar əldə edə bilərdik...

- Əlbəttə. Aprel döyüşlərində bizim “Bordo bərəlilər”in öldürülməsinin xəyanət olduğunu hamımız bilirik. Çünki onlara əvvəlcə göstəriş veriblər ki, filan yeri tutun, sonra əlavə dəstək verməyiblər, qayıtmalarına kömək etməyiblər və hamısı da ölüb. Eynilə vaxtilə Daşaltı əməliyyatında olduğu kimi. Biz bu məsələni həmin vaxt da qaldırmışıq ki, araşdırın, görün bu hərbi əməliyyatı kim planlaşdırıb, “Bordo bərəlilər”ə kim deyib ki, get filan yeri tut, sonra da kim onların müdafiəsi ilə bağlı lazım olan işləri görməyib. Onların sağ-salamat geri qaytarılması istiqamətində heç bir addım atılmadığı üçün, hamısını erməni qırıb. Bu, təkcə açıq-açığına xəyanət deyil. Bu, Azərbaycana qarşı düşmənçilikdir. Bu adamlar həm də bizim əsgərlərin qırılmasına səbəb olublar. Aprel döyüşləri zamanı itkilərimizin çox olmasına bu xəyanətkar qrup səbəb olub. Bu qrupun hələ ifşa olunan tərəfi bizə bəllidir. Bunların ifşa olunmayanları, yuxarıda siyasi hamiləri var, digər dövlətlərdə də olduğu kimi. Bu casus şəbəkəsinin parlamentdə də hamiləri var, Prezident Aparatında da arxalarında duran insanlar var. Eləcə də ordunun özündə də yüksək rütbəli adamlar olmadan, bu adamlar bu boyda şəbəkəni sərbəst şəkildə yarada bilməzdilər. Məsələn, Hacı Məmmədov hadisəsi nə göstərdi? Böyük bir şəbəkə yaratmışdı, uzun illər Daxili İşlər Nazirliyində cinayətlə məşğul olmuşdu, heç kəs bunu aşkar edə bilməmişdi. Niyə? Çünki bilavasitə Daxili İşlər Nazirliyinin ən yüksək rütbəli məmuru buna rəhbərlik edib. Eləcə də, əgər orduda belə geniş bir şəbəkə yaradılıbsa, bu şəbəkə ilə bağlı uzun müddətdir heç bir fakt məlum olmayıbsa, bunun üstü təsadüfən açılıbsa, bu o deməkdir ki, bu şəbəkə yuxarıdan idarə olunur. Kimsə bu şəbəkənin ifşa olunmasının qarşısının alınması üçün səlahiyyətlərindən istifadə edir. Təbii ki, yüksək rütbəli bir şəxsdir, daha böyük bir sferaya, təsirə malikdir. Bu gün Respublika Prokurorluğunun, istintaq qrupunun araşdırmalı olduğu əsas məsələ budur. Bu şəbəkənin bu günə qədər ifşa olunmamasına kim mane olub? Və yaxud da əksinə, bu şəbəkəni ifşa etməli adamlar niyə ifşa etməyib? Sən milyonlarla pul alırsan, gündə bir dənə generl rütbəsi asırsan, dövlətin verdiyi imtiyazdan istifadə edirsən, maşının, evin, bağın, hər çür cəh-cəlalın və Azərbaycan əsgərlərinin də qırılmasında iştirak edən xəyanətkarları vaxtında ifşa etmirsən. Onda sənin bu cür imtiyazların, general rütbən, vəzifən və s. nə ilə bağlıdır?! Nəyə görə bunlardan istifadə etməlisən sən?! Yəni burda həm də məsələnin ədalət, sosial və dövlətçilik tərəfi var.

- Qeyd etdiniz ki, Prezident Administrasiyasında da bu casus şəbəkəsinin arxasında duran adamlar var. Söhbət Rusiyaya bağlı “5-ci kolon”dan gedir?

(Ardı var)

Ayxan İLDIRIMTÜRK
//hurriyyet.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.