“Ölkənin xarici borcu qar uçqunu kimi artır”
“Beynəlxalq Bankla bu gün baş verənlər 2-3 ildən sonra ölkəmizlə bağlı baş verəcək hadisələrin nümunəsidir, məşqidir”.
Bunu iqtisadçı Natiq Cəfərli özünün feysbuk səhifəsində yazıb.
“Ölkənin xarici borcu qar uçqunu kimi artır, 2 ildən sonra borc ÜDM-in 100%-nə bərabər olacaq, 3 ildən, yəni 2020-ci ildən sonra borcların intensiv qaytarılma dövrü başlayacaq. Ən pisi odur ki, yaxın 3 ildə neft hasilatı kəskin azalacaq, valyuta daxilolmaları aşağı düşəcək. Qazdan isə ilə, maksimum, 700-800 mln. dollar gələcək ki, bu da heç borclar üzrə faizlərin ödənməsinə belə çatmayacaq”, – Natiq Cəfərli bildirib.
“Paralel olaraq həm əhali, həm də təqaüdçülərin sayı artır, iqtisadi aktivlik zəifləyir, ölkənin qarşısında ciddi çağırışlar yaranır.Ən dəhşəti odur ki, 15 il neft cənnəti dövründə 130 mlrd. dollarla ölkənin heç bir təməl problemini – Təhsil, Səhiyyə, Qarabağ, Rəqabətli İqtisadiyyat, Ədalətli Məhkəmə – həll edə bilmədik” – Natiq Cəfərli yazıb.
“Cəmi 2-3 ildən sonra məmləkətdə məsuliyyəti üzərinə götürmək çox təhlükəli olacaq: Pul yox, borc çox, problemlər artacaq – gəl ölkəni düzəlt görüm necə düzəldirsən və bu gün susan cəmiyyət çətinlik zamanı dözməyəcək, həmən müsbət nəticə istəyəcək, demokratik hakimiyyətin pişiyini ağaca dırmaşdıracaq”, – Natiq Cəfərli əlavə edib.
Bastainfo.com