RUSİYA SƏFİRİNDƏN BAKIYA ÜSTÖRTÜLÜ TƏHDİD?! – “Sakitləşmək lazımdır…”

27-05-2017, 08:41   

“Böyük sayda azərbaycanlı ailələr Rusiyadan gələn gəlirlərlə dolanır…Mən inanmaq istəmirəm ki, bütün bunlar ÜAK-ın ləğvinə görə təhdid altına düşəcək”

“Əsgərov təmas xəttini necə keçib, niyə silahlı olub?”

Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin “Sputnik Azərbaycan” agentliyinə müsahibə verib və Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanmasından, digər aktual məsələlərdən danışıb. Səfir Rusiya-Azərbaycan münasibətlərinin bu günkü vəziyyəti barədə bunları deyib: “Bu günkü Rusiya-Azərbaycan münasibətləri nədir? Bu, milyonlarla olmasa da yüz minlərlə azərbaycanlının Rusiyada işləməsi deməkdir. Olduqca böyük sayda azərbaycanlı ailələr Rusiyadan gələn gəlirlərlə dolanır. Qarışıq nigahlar, ümumi övladlar, qohumluq əlaqələrinin genişlənməsi…”

Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının əsas bazarıdır. Onun sözlərinə görə, Rusiyada oxuyan azərbaycanlılar qədər heç bir başqa ölkədə azərbaycanlılar oxumur. Azərbaycanda isə Qafqazın ən böyük rus icmalası özünü komfort hiss edir.

“Mən inanmaq istəmirəm ki, bütün bunlar ÜAK-ın ləğvinə görə təhdid altına düşəcək. Ən azından Rusiya bunda maraqlı deyil. İndi isə ÜAK haqda. Bu, Rusiya qeyri-hökumət təşkilatıdır, orada Rusiya vətəndaşları təmsil olunub. Təşkilat Rusiya qanunvericiliyi əsasında fəaliyyət göstərməlidir. Ötən ilin əvvəllərində Ədliyyə Nazirliyi təşkilatda planlı yoxlama apardı, hansı ki, belə yoxlamalar bütün qalan qeyri-hökumət təşkilatlarında da aparılır. Nəticədə Rusiya qanunvericiliyinin pozulması halları qeydə alındı. ÜAK üç dəfə bu pozuntuların aradan qaldırılması üçün xəbərdarlıq alıb, ancaq bütün bu yazışmalara cavab verməyib”-Doroxin bildirib.

“Ola bilsin bu mənim işim deyil, amma düzünü desəm mən ÜAK rəhbərliyinin mövqeyini başa düşmürəm. Əgər onlar Ədliyyə Nazirliyi ilə razı deyildisə bunu müəyyən olunmuş qaydada ifadə edə bilərdi. Əgər razıydılarsa iradları yerinə yetirməliydilər. Onlar isə Ədliyyə Nazirliyinin mövqeyinə məhəl qoymayıblar”-səfir əlavə edib.

Doroxin qeyd edib ki, Ədliyyə Nazirliyi belə vəziyyətdə məhkəməyə müraciət etməli olub. Çünki qanun bunu tələb edirdi. “Rusiyada məhkəmənin qərarı şərh olunmur. Onu ya yerinə yetirirlər, ya yuxarı instansiyaya şikayət verirlər. Başqa yol yoxdur”-Rusiya səfiri vurğulayıb.

Diplomat ÜAK məsələsinin bu cür yekunlaşmasından təəsüfləndiyini deyib, ancaq məhkəmə qərarının yerinə yetirilməli olduğunu bildirib. “İndi sakitləşmək, nəticə çıxarmaq və gələcəyə baxmaq lazımdır”-Doroxin əlavə edib.

Səfir daha sonra bloqqer Lapşinin məsələsinə toxunub, deyib ki, səfirlik bu işi nəzarətdə saxlayır. “Onun vəkilləri ilə təmasımız var, hərçənd vəkilləri biz yox, İsrail tərəfi tutub. Bu gün Lapşinlə bağlı məsələ hüquq müstəvisindədir. Onun təqsirləndirilən şəxs kimi hüquqları təmin olunur. Rusiya üçün ən başlıcası budur”-Doroxin qeyd edib.

Bəs Rusiya digər vətəndaşı, Qarabağda erməni əsirliyində olan Dilqəm Əsgərovun məsələsinə görə niyə bu cür narahat deyil? Öz vətəndaşlarına münasibətdə niyə ayrıseçkiliyə yol verir?

Doroxin bu suallarla bağlı deyib ki, qaydalara görə əgər xaricdə Rusiya vətəndaşının başına bir iş gələrsə o zaman səfirlik öz konsulluq əməkdaşını onunla görüşməyə göndərməli, sənədlərini yoxlamalı, əslində başına nə iş gəldiyini araşdırmalıdır. Bundan sonra isə sonrakı addımlar barədə qərar verilir.

“Başa düşürsünüz ki, biz Əsgərovla bağlı belə edə bilmərik, çünki adam Rusiyanın beynəlxal hüququn subyekti kimi tanımadığı ərazidədir. Suallar isə çoxdur. Bunlar haqda XİN-in nümayəndəsi Artyom Kojin artıq bildirib. Təkrar edə bilərəm. Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? (silah haqda Əsgərovun qardaşı səfirliyə bildirib) Biz situasiyanı tam dərk edə bilməmişik. Bax Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir. Bizim təşəbbüsümüzlə məsələ Minsk Qrupu həmsədrlərinin gündəminə gətirilib. Mən Qırmızı Xaç nümayəndələri ilə təmasda bu haqda danışmışam. Situasiya qeyri-standart və qeyri-ordinardır. Və təkar edirəm ki, biz həll yolunu tapmaq üçün imkanlar axtarırıq”-Doroxin bildirib.

Qeyd edək ki, səfirin “Böyük sayda azərbaycanlı ailələr Rusiyadan gələn gəlirlərlə dolanır.. Rusiya Azərbaycanın qeyri-neft məhsullarının əsas bazarıdır…” xatırlatmalarının ardınca “Mən inanmaq istəmirəm ki, bütün bunlar ÜAK-ın ləğvinə görə təhdid altına düşəcək” deyə bildirməsini, Bakıya verilmiş üstörtülü mesaj, hətta təhdid kimi xarakterizə etmək olar. Səfir bir qədər diplomatik şəkildə, ÜAK-ın ləğvindən sorna Rusiya ilə münasibətlərdə müşahidə olunan gərginlik davam edərsə , bu məsələlərn də gündəmə gələ biləcəyinə işarə vurub. Ancaq bunun nə qədər real olduğunu söyləmək çətindir.

Rasim
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.