Qabil Hüseynli: “ABŞ tam çəkilmir, sadəcə, manevr edir”
Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı “Üçlər ittifaqı” formatı Rusiya, İran və Amerika başda olmaqla, Qərb ölkələrinin yuxularını ərşə çəkib. Qardaş ölkənin ərəb siyasətini Qafqazda möhkəmlənmək siyasəti ilə əvəzləməsi ciddi narahatlığa səbəb olub.
Xüsusilə mayın 24-də Batumidə Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin əməkdaşlığın daha da dərinləşdirilməsinə, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə dair imzaladıqları sənəd ciddi müzakirə mövzusuna çevrilməkdədir. Tarix boyu Qafqazda gedən proseslərdə aparıcı dövlətlər kimi iştirak edən Rusiya və İranın Donald Tramp dönəminin başlamasından sonra Amerikanın regionda zəifləyən yerini getdikcə Türkiyənin doldurmasına seyrçi qalmadıqları və bundan ciddi təşviş keçirdikləri görünməkdədir. NATO ölkəsi kimi Türkiyənin Qafqazda möhkəmlənməsini qurumun digər üzv ölkəsi Amerika da istəmir. Çünki indiyə qədər Qafqazda Rusiya ilə nüfuz savaşı aparan Birləşmiş Ştatlar nə qədər Cənubi Qafqaz siyasətini indiki vaxtda arxa plana keçirsə də, burada rəsmi Ankaranın fonunda ikinci cəbhənin açılmasını istəmir. Bununla bütün mövqelərini regionda itirə bilər. Bu isə daim dünya ölkələrini təsir dairəsinə salmaq siyasəti yürüdən rəsmi Vaşinqtonun dövlət maraqlarına uyğun gəlmir.
Amma istənilən halda Qafqazda Türkiyənin təsirlərinin getdikcə artdığı güzgü kimi göz önündədir. Türkiyə prezidenti Ərdoğanın Amerika səfərinin gözlənilən nəticələri verməməsi qardaş ölkənin Qafqaz siyasətini qətiləşdirməsi ilə nəticələnib. “The Amerikan Intersest” nəşrinin ABŞ-ın üç Qafqaz ölkəsinə təsirinin Obama hakimiyyəti dövründən fərqli olaraq, Tramp dönəmində düşük yaşadığı barədə yazı dərc etməsi ciddi mətləblərdən xəbər verir.
Artıq gürcü mətbuatı Azərbaycan, Türkiyə və Gürcüstanın baş qərargahlarının üçlü formatının yaradıldığı barədə razılığın əldə olunduğu barədə xəbərlər yaymaqdadır. Baş qərargah rəislərinin ilk toplantısının payızda Tiflisdə olacağı, gələn ay Türkiyə hər üç ölkənin hərbi birləşmələrinin birlikdə təlimlər keçirəcəkləri, sentyabrda isə kompüter təlimlərinin start götürəcəyi məlum olub. Ermənistan istisna olmaqla, üç Cənubi Qafqaz ölkəsindən ikisi ilə Türkiyənin ittifaq qurması rəsmi İrəvanda xof yaradıb. Hətta erməni politoloqları bu formatı ölkələrinin sonu kimi qiymətləndirirlər.
Əksər ekspertlər Türkiyənin hər cəhətdən Qafqazda Amerikanın boşalan yerini doldurmaq gücündə olduğunu bildirirlər.
Image result for Qabil Hüseynli
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya və İran hər üç ölkə arasındakı “Üçlük ittifaqı”nı heç zaman həzm etməyəcək: “Hər iki ölkə formalaşmaqda olan ittifaqa qarşı mübarizə aparmağa çalışacaq. Əgər hər üç dövlət bir-biri ilə hərbi sahədə əməkdaşlıq etməyə çalışırsa, bunun üçün bir struktur yaratmaq istəyirlərsə, bu heç kimin daxili işlərinə qarışmaq demək deyil ”.
Politoloq Amerikanın Qafqazdan çıxmadığını da qeyd etdi: “Türkiyə Qafqaz ölkəsidir və burada maraqlarının olması təbiidir. Amma Amerika NATO ilə birlikdə bu bölgəyə girir. Trampın partiya xətti ilə bu bölgədə mövcud olan partiyalara maliyyə yardımını dayandırması o demək deyil ki, ABŞ Cənubi Qafqazdan çəkilir. Çünki bir sıra enerji layihələri var ki, bunların gerçəkləşməsi üçün mütləq Amerikanın iştirakı vacibdir. Belə olan halda çəkilmə prosesindən söhbət gedə bilməz. ABŞ-ın müəyyən qədər maliyyə yardımlarını dayandırması Trampın şıltaqlıqlarıdır. Düşünürəm ki, bu şıltaqlıqların da qarşısı alınacaq, onun digər hərəkətləri kimi. Əgər Amerika dünyada bir nömrəli düşməni kimi Rusiyanı qəbul edirsə, Kremli nəzarət altına almağa cəhd etməlidir. Bunun isə əsas nöqtəsi Cənubi Qafqazdan keçir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan-Türkiyə-Gürcüstan ittifaqının möhkəmlənməsinə NATO ölkələri Amerika başda olmaqla, ciddi dəstək verirlər. ABŞ tam çəkilmir, sadəcə, manevr edir. Açığı, bu dövlətin yerini doldura biləcək ikinci bir ölkə yoxdur. Amma onsuz da ABŞ bu bölgədə bütün gücü ilə iştirak etmirdi. Yalnız müəyyən qrant layihələrində iştirak edir, siyasi partiyalara müəyyən təsirlər edirdi. Lakin hərbi siyasi sahədə bölgədə yalnız Gürcüstana yardım edirdi. Bu ölkəyə həm silah verir, həm də ordunun qurulmasında yaxından iştirak edirdi. Bu gün də bunu edir. Gürcüstanın NATO yolunda da Amerika yaxından rol oynayır. Belə qənaətə gəlmək olar ki, ABŞ bu bölgədən çəkilməyib. Sadəcə, bölgəyə başqa formada girməyin yollarını axtarır. Türkiyə bölgədə maraqlarını təmin etmək üçün Azərbaycan və Gürcüstanla bütün sahələrə yaxından maraq göstərir. Hərəkət edərkən bunu Amerikanın yerini doldurmaq üçün deyil, Birləşmiş Ştatların nisbətən passivləşdiyi bir dövrdə Türkiyə bu yerdə fəallaşır kimi xarakterizə etmək olar”.
Cavanşir ABBASLI