Milli Məclis dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə cəzaları sərtləşdirdi
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirildi. Spiker Oqtay Əsədov deputatların müraciətini nəzərə alaraq, növbədənkənar sessiyanın keçiriləcəyini bildirdi. Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Əmək Məcəlləsində edilən dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, layihədə işsizliyə görə vətəndaşı qabaqcadan məlumatlandırmaqla bağlı müddətlər nəzərdə tutulub. Həmçinin işdən çıxarılacaq adamlara müəyyən müavinətlər veriləcək.
Deputat Qüdrət Həsənquliyev qanunun təqdir olunan məqamına diqqət çəkdi: “Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanırdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir”. Amma əlavə etdi ki, əmək stajındakı fərqə görə işçinin ixtisar olunması halında ayrı-seçkiliyə yol verilməsini, yaxud onlara fərqli məbləğdə kompensasiya verilməsini doğru saymır: “Əvvəlki variant daha ədalətliydi, nəinki indiki. Biz sadə adamların, işçilərin hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”.
H.Rəcəbli isə qanunun hazırlanmasında dünya təcrübəsindən istifadə olunduğunu söylədi: “Daha çox stajı olan adamın o müəssisədə daha çox xidməti var. Ona görə həmin şəxslərə işdən azad olunması üçün daha çox müddət verilir”.
Deputat Hacı Salayev də Q.Həsənquliyevin fikirlərini müdafiə etdi və ixtisara salınacaq bütün işçilər üçün 2 aylıq müddət qoyulmasını təklif etdi. Lakin sədr dünya təcrübəsinə istinad edib qanun layihəsini səsverməyə çıxartdı və dəyişikliklər qəbul edildi.
Bundan sonra “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olundu. Hökumət üzvlərinin də iştirak etdiyi müzakirələrdə əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məruzə etdi.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışı zamanı hesabat ilində 10,5 milyard məbləğində vəsaitlərin araşdırıldığını dedi. Onun sözlərinə görə, 2016-cı ildə gəlirlərin icra vəziyyəti 2008-ci ildən bəri ən yüksək göstərici olub: “Yalnız 6 mənbə üzrə kəsir müəyyən edilib, digər mənbələrdə artıqlaması ilə yerinə yetirilib. Hesabat ilində proqnozlara tam riayət olunub”.
Palata sədri dedi ki, xarici dövlət borcu ilə bağlı qəbul edilmiş limitlərə riayət olunub. Daxili dövlət borcu isə 72,3 faiz azalaraq 1,2 milyard manat təşkil edib.
Deputat Vahid Əhmədov 2016-cı ilin dünya iqtisadiyyatında problemli il olduğunu, problemlərin Azərbaycana da öz təsirini göstərdiyini bildirdi. Hesabat ilindən bəhs edən deputat büdcə xərclərinin hesabat ilində bərabər paylanmamasına diqqət çəkdi. Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları 2014-cü ildə 57 milyard manat idisə, 2016-cı ildə 37 milyard manat olub. V.Əhmədov real sektorun inkişafına daha çox diqqət yetirilməsini xahiş etdi. Bildirdi ki, nağdsız ödəniş sisteminə keçilməsi bu sektorda müəyyən problemlər yaradıb. Deputat hökumətə məsləhət gördü ki, Hesablama Palatasının hesabatını nəzərə alsın.
Deputat Zahid Oruc xatırlatdı ki, devalvasiyadan sonra Mərkəzi Bankın valyuta ehtiyatları 71faiz, yəni 9,8 milyard həcmində azalıb. Bu mənada deputat konkret addımlar atılmasını zəruri saydı. Z.Oruc dedi ki, Konstitusiya Məhkəməsi banklarla bağlı məsələyə baxdı, amma sonda bankların xeyrinə qərar verildi: “Bu gün on minlərlə insanın əleyhinə qərarlar verilir. İnsanlar hüquqi müstəvidə özlərinin müdafiəsini görmürlər. Ola bilməz ki, 100 min insanın hamısı ilə bağlı yüzdə-yüz bankların xeyrinə qərar çıxarılmış olsun”. Deputat hökuməti yoxsulluq səviyyəsi ilə bağlı məsələyə yenidən baxmağa çağırdı.
Spiker “sənin sözündən belə çıxdı ki, 100 min insan Konstitusiya Məhkəməsinə müraciət edib, amma şikayəti təmin olunmayıb. Belə çıxışlar etmək düzgün deyil. Mən belə fakt eşitməmişəm” - deyə, əlavə etdi.
Deputat Əli Məsimli 2016-cı ilin büdcəsinin bu səviyyədə idarə olunmasında Maliyyə Nazirliyi ilə yanaşı, Vergilər Nazirliyi, Gömrük Komitəsi və digər qurumların da mühüm rol oynadığını vurğuladı: “Azərbaycanda islahatları dərinləşdirməklə, məmur sahibkarlığının, inhisarın, korrupsiyanın aradan qaldırılması ilə xeyli dərəcədə inkişafa nail olmaq mümkündür”. Deputat dedi ki, şirkətlərin “ağına-bozuna baxmadan” xarici borc alması 17 milyardlıq dövlət büdcəsi olan ölkəyə əlavə problem yarada bilər.
Deputat Qüdrət Həsənquliyev onu narahat edən məsələlərdən bəhs etdi: “Təəssüf doğuran haldır ki, hökumət qeyri-neft sektoru üçün səylər göstərsə də, büdcədə bu sektorun payı azalıb, 2016-cı ildə də neft-qaz sektorunun büdcədə payı artıb”.
Deputat bir sıra iri şirkətləri özəlləşdirməyə çağırdı: “”Şahdağ" turizm mərkəzi niyə kredit götürməlidir ki, sonra da dövlət o krediti ödəsin? Odur ki, bu şirkətlər özəlləşdirilməlidir. Xəstəxanaların saxlanmasına dövlət 342 milyon manat, 107 milyon poliklinika və ambulator mərkəzlərin saxlanmasına xərcləyib. Onların da özəlləşdirilməsinin zamanı çatıb. 13 il ərzində bizim hökumətimiz icbari tibbi sığortaya keçidə hazırlığı başa çatdıra bilmədi?"
Deputat Fərəc Quliyev istehsal sahəsində özəl sektorun yerinin az olmasına diqqət çəkdi. Əlavə etdi ki, bir çox rayonların dotasiya ilə yaşaması da normal hal deyil. Deputat dedi ki, kiçik və orta sahibkarlara dəstək məsələsinə yuxarı səviyyədə normal yanaşılmasına baxmayaraq, aşağı səviyyədə bu sahəyə qaneedici münasibət yoxdur. F.Quliyev problemli kreditlərlə bağlı qərar verilməsi üçün hökumətə çağırış etdi.
Deputat Tahir Kərimli 2015-ci ildə Neft Fondundan transfertin 45 faiz təşkil etməsindən narahatlığını ifadə etdi.
Maliyyə naziri Samir Şərifov bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub: “İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib. Hazırda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Eyni zamanda dövlət borcunun idarə edilməsi istiqamətində işlər aparılır. Keçən il bank sektoru üçün ağır bir il olduğu üçün dövlət müəssisələrində dividentlərin ödənilməsi ilə bağlı azalma olub. Cari ildə özəlləşmə ilə bağlı qarşıya xüsusi vəzifələr qoyulub”.
Səhiyyə sahəsində özəlləşdirmənin aparılması barədə deputat Qüdrət Həsənquliyevin təklifinə cavab olaraq S.Şərifov bildirdi ki, bu sahədə çoxsaylı işçilərin çalışması xüsusi həssaslıq tələb edir.
Dövlət Neft Fondundan transfertlərin getdikcə azaldıldığını deyən nazir bununla bağlı narahatlığın olmadığını qeyd etdi.
Bundan sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Deputatlar dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsinə də səs verdilər. Bununla bağlı Milli Məclisin iclasında Cinayət Məcəlləsinə dəyişiklikləri Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının - Prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hazırkı qanunvericiliyə əsasən, bu məbləğ 500 manatdan 1000 manatadək miqdarındadır. Bu əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, cərimənin 2 min manatdan 3 min manata qədər olması təklif edilir. Hazırda isə bu məbləğ 1000 manatdan 1500 manatadəkdir.
Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov cərimələrin artırılmasından bəhs edərkən jurnalistin qanuni peşə fəaliyyətinə mane olma ilə bağlı məqama diqqət çəkdi: “Hazırda bununla bağlı cərimə 100-500 manatdır. Yeni layihədə isə bu rəqəm 500-1000 arası nəzərdə tutulub. Halbuki qanunsuz ov etmə üçün cərimə həddi 100-500 manatdan, 2 min - 3 min manatadək qaldırılır. Yaxud balıq və digər su bioresurslarının qorunması qaydalarını pozmaya görə cərimənin 100-500 manatdan 3 min - 6 min manatadək qaldırılması təklif olunur. Hesab edirəm ki, biz cərimələri artırarkən məsələlərin ictimailik dərəcəsinə önəm verməliyik. İndiki halda jurnalistin qanuni peşə fəaliyyətinə mane olma daha böyük məsuliyyətdir, nəinki qanunsuz ov etmə. Jurnalistin peşə fəaliyyətinə maneçilik yaratma həm də mənəvi məsuliyyətdir. İstərdim ki, məsələyə mövcud rakursdan yanaşaq”. Ə.Amaşov böhtan və təhqirə görə cərimə həddinin də daha yüksək olmasını təklif etdi.
Deputat Cinayət Məcəlləsində rüşvət vermək üçün nəzərdə tutulan cərimə miqdarının əhəmiyyətli dərəcədə artımı məsələsi üzərində də xüsusi dayandı: “Cərimə həddinin 8-12 min arası olması nəzərdə tutulur. Hesab edirəm ki, bu da vacibdir. Ümumən rüşvət və korrupsiya hallarına qarşı mübarizə günümüzün tələbidir. Mübarizə həm qanunda nəzərdə tutulanları əsas götürməklə, həm də bir ictimai qınaq metodlarından yararlanmaqla aparılmalıdır. Azərbaycan jurnalistikası bu mənada müsbət praktika ortaya qoyub. Mətbuat Şurasının fəaliyyətini vurğulamaq istərdim. Bir neçə ay öncə biz şuranın ”Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının tərkibini genişləndirdik. Komissiyaya dövlət qurumlarının təmsilçilərini də cəlb etdik. Çünki bilirsiniz, “reket jurnalistika” təkcə jurnalistikanın deyil, bütövlükdə cəmiyyətin bəlasıdır. Onun əsasında təmənnalı münasibət dayanır. Burada da iki qütb iştirak edir. Onlardan biri rüşvət alandırsa, biri də rüşvət verəndir. Hesab edirəm ki, dürüst fəaliyyəti olan heç kəs rüşvət verməz, yaxud hansısa nalayiq sövdələşmələrə getməz. Ümumən sonda bir daha deyim ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri müsbət qiymətləndirirəm və dəstəkləyirəm".
Cinayət Məcəlləsində hakimlərə qarşı cəzaları nəzərdə tutan dəyişikliklərin edilməsi barədə təkliflər isə mübahisələrə səbəb oldu. Deputat Qüdrət Həsənquliyev sanksiyaların həmişə effektli olmadığını xatırlatdı: “Misal üçün, 295-ci maddədə deyilir ki, bilə-bilə ədalətsiz hökm, qətnamə və ya qərar çıxartmaq. Hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxartması üçün 5 min manatdan 8 min manata qədər cərimə nəzərdə tutulur. Yaxud da üç ilədək müddətdə azadlıqdan məhrum etmək cəzası var. Bilirsiniz, hakim bilərəkdən ədalətsiz qətnamə və ya qərar qəbul edirsə, bu, dövlətin birbaşa əsaslarını dağıdır, vətəndaşın dövlətə və öz xalqına olan inamını sarsıdır. İnsanlar da düşünürlər ki, axı biz necə millətik ki, öz xalqımıza qarşı ədalətsiz qərarlar çıxarırıq. Ona görə də bu cür hallara qarşı cərimələr cəza növündən ümumiyyətlə çıxarılmalıdır. Əvəzində isə bu cür cinayətlər ağır cinayət kateqoriyasına aid edilməlidir. Bilərəkdən ədalətsiz qərar və ya qətnamə çıxaran hakimlərə qarşı cəzalar ən azı 7 ildən 15 ilədək olmalıdır”. Q.Həsənquliyev dedi ki, bəzi hakimlər xüsusilə də mülki işlərdə məhkəmə proseslərini hərraca çevirirlər: “Sonra da udan tərəfdən böyük məbləğdə pullar alırlar. Bu cür hakimləri 5-8 min manat cərimə etsələr belə, nə təsiri olacaq?”
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə həmkarının fikirlərinə etiraz edərək bildirdi ki, bu cür yanaşma doğru deyil: “Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”.
Q.Həsənquliyev cavabında dedi ki, o, bəzi hakimləri nəzərdə tutur və məhkəmə sistemində problemlərin olması faktdır.
Torpaq Məcəlləsinə təklif olunan dəyişikliklər də birmənalı qarşılanmadı. Qeyd edək ki, qanundakı “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “İctimai çimərliklərdə” sözləri ilə əvəz edilib.
Deputat Fazil Mustafa qanunun müzakirəsində çıxış edərək bildirdib ki, “ictimai çimərlik” anlayışı qanunda yoxdur: “Azərbaycanda çimərliklərin böyük əksəriyyəti özəldir. Qanun qadağan etmirsə, deməli, özəl şirkətlər hasar çəkə biləcəklər. Hasarlanmış xüsusi dövlət mühafizəsində olmayanları necə edəcəklər? Hərəsindən bir daş çıxaracaqlar ki, dənizin sahili görünsün? Bu qanunda dolaşıqlıq yaranıb. Özəllərin üstündən keçilib”.
Deputat Çingiz Qənizadə həmkarının fikirlərini dəstəklədi. Dedi ki, yay fəsli yaxınlaşdığı üçün insanlara çimərliklərdən istifadə üçün şərait yaradılmalıdır: “Hər kəs imkanından asılı olmayaraq təbiətin bizə bəxş etdiyi dənizdən istifadə etməlidir”.
Deputat hər 200 metrdən bir dənizə giriş üçün yolların nəzərdə tutulduğu halda, qaydalara əməl olunmadığını da diqqətə çatdırdı.
Deputat Qənirə Paşayeva da bildirdi ki, ölkə başçısının tapşırığına əsasən insanların çimərliklərə rahat girişinə şərait yaradılmalıdır: “Hasarlar sökülməli, dənizə gedən yolda olan maneələr aradan qaldırılmalıdır”.
Deputatların çıxışından sonra spiker Oqtay Əsədov qeyd etdi ki, həqiqətən də qanunda müəyyən boşluqlar var: “Eldar Quliyev bunu izah edə bilməyəcək. Ona görə də qanuna təklif edən dəyişikliyi saxlayırıq. Gələn dəfə müzakirə edərik”.
Gündəlikdəki digər məsələlərin müzakirəsindən sonra spiker Oqtay Əsədov yaz sessiyasını bağlı elan etdi və Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra iclas yekunlaşdı. İyun ayında isə növbədənkənar sessiya çağırılacaq.
Elşad PAŞASOY