Eldar Mahmudovla Nazim İbrahimova yaxın şirkət vətəndaşın başına oyun açıb - 130 minlik cinayət/Foto

1-06-2017, 10:58   
Eldar Mahmudovla Nazim İbrahimova yaxın şirkət vətəndaşın başına oyun açıb - 130 minlik cinayət/Foto
Azərbaycanda mənzil fırıldağı və tikinti şirkətlərinin dələduzluğu kütləviləşib. Bir müddət əvvəl bəzi tikinti firmalarının sahibləri dələduzluq ittihamı ilə həbs olunsa da, bu tendensiya səngimək bilmir.
“Gen” MMC, “Mur-Ay” MMC, “Oskar” MTK və s. bu kimi onlarla tikinti firmaları yüzlərlə ev almaq istəyən payçının başına oyun açıb, pullarını mənimsəyib, bir evi bir neçə nəfərə satıb. Ancaq nədənsə tikinti şirkətlərinin sahiblərinin həbsi də məsələnin köklü həlinə gətirib çıxarmayıb.

anaxeber.info-a müraciət edən vətəndaş da dələduzluğun qurbanı olub. Belə ki, Fərhad Muradov Bəradər oğlu iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
O, Nazim Nəsirov İslahat oğlunun ondan notarial qaydada aldığı 130 min manatın tutulması barədə qətnamə çıxarılmasını istəyib.
Onun nümayəndəsi Könül Yaqubova izahatda göstərir ki, 2014-cü ildə Fərhad Muradov ev almaq məqsədi ilə tanışı Arif vasitəsi ilə Nazim Nəsirovla tanış olurlar.
Sonuncu ona Xətai rayonu, Bayramov küçəsi 11/56, bina 2-də sahəsi 226 kvadratmetr olan 5 otaqlı mənzili satmağı vəd edərək müxtəlif vaxtlarda ondan beh alır.

Tərəflər arasında bağlanmış 4 dəfə beh müqaviləsi nəticəsində Nazim Nəsirov Fərhad Muradovdan 30 min manat alır.
Bu azmış kimi, daha sonra 2014-cü il martın 19-da 51 saylı notariat kontorunda Fərhad Muradov Nazim Nəsirova 100 min manat ödəyərək mənzilin onun adına rəsmiləşdirməsini tələb edir. Hər şey qanuni çərçivədə davam edir və bu ana qədər heç bir problem yaşanmır.
Ancaq evin açarlarını təhvil vermək məqamı yetişəndə Nazim Nəsirov nə mənzili onun adına keçirir, nə də 130 min manatı qaytarır. Ona görə də məhkəməyə müraciət edən Fərhad Muradov hüquqlarının təmin olunmasıın istəyir.
Lakin cavabdeh tərəf olan Nazimin yeri məlum olmadığı üçün onun məhkəmədə iştirakını təmin etmək mümkün olmur. 130 min manatı mənimsəyərək aradan çıxan bu şəxsin yeri-yurdu bilinmir.
Mülki iş materiallarından da aydın görünür ki, müxtəlif vaxtlarda vətəndaş beh müqaviləsi ilə pul ödəyib. Bu barədə redaksiyamıza təqdim olunan sənədlərdə də beh müqavilələri öz əksini tapıb.

Eyni zamanda məhkəmə də bu işə ədalətli baxıb. Binəqədi rayon məhkəməsinin hakimi Fərrux Qasımov vətəndaşın iddiasını təmin edib.
Ancaq hüquqi müstəvidə haqqını bərpa edən F.Muradov nə evinə köçə, nə də pulunu ala bilir. Məlum olur ki, sözügedən ünvanda yerləşən bina məşhur və qalmaqallı “Sahil-D Kompani“ MMC firmasına məxsusdur.
Bu şirkətin adı mediaya çox tanışdır. Mətbuatda firma barəsində saysız-hesabsız şikayətlərə və qanunsuzluq faktlarına rast gəlmək olar.
anaxeber.info-ın media üzərindən apardığı araşdırmalar zamanı aydın olub ki, şirkət sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətindədir. Bundan qabaq da həmin binalardan ev alanların şikayətləri işıqlandırılıb.
“Sahil-D Kompani” MMC-nin təsisçisi İlham Qasımov insanlara qarşı müxtəlif dələduzluq, hədə-qorxu, təhdid hərəkətlər edir. Hələ 2015-ci ildə Baş Prokurorluqdan verilən xəbərdə deyilirdi ki, bu şirkətin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaq zamanı Taleh Abdullayevin rəhbəri olduğu “Sahil D Kompani” MMC-ni 2007-ci ildə alqı-satqı müqaviləsilə başqa şəxslərə satması barədə məlumat daxil olub. O, hüquq verən rəsmi sənədləri saxtalaşdırıb.
Aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, yeni təsisçilər tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasında müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhəli bilinib.
Şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub. İ.Qasımovun isə E.Mahmudovla əlaqələri olub və onu himayə edib.
Xatırladaq ki, Bakı Əyləncə Mərkəzində inşa edilən 24 mərtəbəli 4 binadan ibarət "Sahil-D" kompleksi iş adamları Sahib İbrahimov və İlham Qasımovun ortaqlığı ilə tikilib və Qasımov məhz bu məsələ ilə bağlı "məşhurlaşıb". O qədər yaxın şərik olublar ki, üst-üstə 100 mərtəbəli binadakı mənzilləri bir neçə dəfə satıblar.
"Real" MTK-nın təsisçisi və "Sahil-D Compani"də ortaq olan İ.Qasımov "Sahil-D Compani", S.İbrahimov isə təsisçisi olduğu "STS" şirkətinin möhürü ilə satış həyata keçirib. İ.Qasımov qəzetimizə verdiyi müsahibəsində iddia edirdi ki, 71 mənzili S.İbrahimov təkrar satıb.
Sakinlərlə bağlanan müqaviləni "Sahil-D Compani"nin direktoru Məzahir Cəfərov imzalayıb. O Məzahir Cəfərov ki, bu işlərə görə həbs olunmuş, azadlığa çıxandan sonra isə intihar etmişdi. Amma sakinlər onun "könüllü intiharı"na şübhə ilə yanaşırlar.
İ.Qasımov isə hazırda həbsdədir. S.İbrahimov isə Diasporla İş üzrə Dövlət Komiutəsinin sədri Nazim İbrahimovun qardaşıdır. Beləliklə, E.Mahmudova və N.İbrahimova yaxın şirkət vətəndaşları başına oyun gətirib.



anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.