Məmurların tikinti dələduzluğunun caynağına keçmiş Fərhad Muradov Bəradər oğlu haqqını dövlət orqanlarının qapılarında axtarmaqdan cana doyub.
Onun alnının zəhməti ilə qazandığı pulla almaq istədiyi evdən məhrum edilməsi, üstəgəl, verdiyi pulun da mənimsənilməsinə görə cavabdeh şəxslər cəzalandırılmır.
anaxeber.info-ın verdiyi məlumata görə, F.Muradovun nə az, nə çox 130 min manatı mənimsənilib. Söhbət dələduzluqda ittiham edilən “Sahil-D Kompani“ MMC firmasından gedir.
Bu şirkətin rəsmi sənədlərdə direktoru kimi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun adı keçir. Lakin M.Cəfərov 2015-ci ilin iyununda intihar edib.
Hazırda MTN işinə görə həbsdə olan iş adamı İlham Qasımov o dövrdə ortağı Sahib İbrahimovu (komitə sədrinin qardaşı - müəllif) Bakı Əyləncə Mərkəzində birlikdə inşa etdirdikləri 4 binadan ibarət kompleksin tikintisinə sərmayə qoymadığı halda mənzilləri təkrar sataraq pulunu mənimsəməkdə təqsirləndirirdi.
Bildirirdi ki, İbrahimov onun xəbəri olmadan müəssisənin kassasından 8 milyon 250 min manat pul götürüb, bununla yanaşı 200 mənzili təkrar fərqli adamlara satıb.
S.İbrahimov isə ortağının ittihamlarını rədd edir, mübahisəli kompleksə 16 milyon 625 min dollar sərmayə yatırdığını, ona çatacaq əmlak payının məhkəmə vasitəsilə bərpa edildiyini bildirirdi.
“Sahil D" MTK-nın direktoru vəzifəsində çalışan mərhum M.Cəfərov da həmin şərikli biznesdə maliyyə işlərinə nəzarət edirdi.
***
anaxeber.info-ın verdiyi məlumata görə, bütün bu cəncəl və fırıldaq maliyyə əməliyyatlarının yekununda M.Cəfərov məzarlığa, İ.Qasımov həbsə gedib.
Komitə sədrinin qardaşı isə N.İbrahimovun yuxarı dairələrə əlinin çatmasından sui-istifadə edərək özünü məsuliyyətdən yayındıra bilib.
Nəticədə ortada xeyli sayda vətəndaş qalıb ki, pul verib aldıqları mənzillərə sahiblənə bilmirlər. Onlardan biri də F.Muradovdur ki, yuxarıda bəhs etdiyimiz hekayətin qurbanı olub.
Əslində, vətəndaş təkcə adıçəkilən şəxslərin deyil, həm də MTN şefi olmuş Eldar Mahmudovun cənginə keçərək onun qurbanına çevrilib.
Çünki “Sahil-D Kompani“ MMC əslində, qeyir-rəsmi olaraq E.Mahmudovun nəzarətindədir. Bu isə o deməkdir ki, diaspora komitəsi sədrinin qardaşı ilə MTN rəhbərinin tikinti ortaqlığı davam etməkdədir.
Hətta İbrahimovlar özlərini qorumaq üçün Sahibin qaynı olmuş Taleh Abdullayevi də bu fırıldaqda “günah keçisi” kimi “rasxod”a veriblər. "Sahil D Kompany" MMC-nin təsisçisi kimi həm də Taleh Abdullayevin adı keçirdi və onu həbs etmişdilər.
***
anaxeber.info yada salır ki, həmin vaxt Baş Prokurorluğun yaydığı rəsmi məlumat var idi. Deyilirdi ki, "STS" və "Sahil D Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı M.Cəfərovun qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyi bəlli olub.
Beləliklə, özgənin əmlakını ələ keçirmək məqsədilə "Sahil-D Company" MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satmaqla cəmi 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.
Hətta bu şirkətin dələduzluğuu o yerə qədər gedib çıxıb ki, Lerikdən deputat olan İqbal Məmmədovu da aldadıblar. Bu günlərdə xəbər yayılmışdı ki, Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında dava olub.
Belə ki, həmin ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olan deputat orada mənzilinin olduğunu iddia edərək, həmin mənzil üçün qapı gətirdiyini bildirib.
Lakin mühafizəçinin onun qarşısını kəsməsi və mübahisəli məzilə görə icraçı direktoru gözləməyə dəvət etməsi sonda onun özünün deputat tərəfindən döyülməsinə səbəb olub. Sahib İbrahimov bir neçə il əvvəl “Karl Marks” adlandırılan ərazidə yüksək mərtəbəli bina inşa etdirib.
Sonradan uçurulan həmin bina İbrahimov qardaşlarına məxsus “STS” adlı şirkət tərəfindən inşa olunub.
Kərpic müqabilində Sahib İbrahimov deputat İqbal Məmmədova həmin binadan mənzil verib. Deputat Sahib İbrahimov tərəfindən aldadılması barədə Ramil Usubova şikayət edib.
Öz növbəsində isə DİN rəhbəri millət vəklinə yazdığı cavab məktubunda bu məsələlərlə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində cinayət işi olduğunu yazıb.
***
anaxeber.info yazır ki, bu detallı və təfsilatlı arayış həmin şirkət və sahibləri haqda ümumi bir mənzərə yarada bildi.
Eyni zamanda R.Usubovun deputata cavabında işin prokurorluğda olduğunu bildirməsi də əsas yaradır ki, firma dələduz əməllərlə məşğuldur.
Lakin təkcə İ.Məmmədov yox, Fəzail Bayramov 11/56 ünvanındakı binadan ev alan Fərhad Muradov da mənzilini tələb edir. Baş Prokuror Zakir Qaralova ürəkparçalayan bir müraciət edən F.Muradov yalvarır ki, onun balalarını küçədə qoymasınlar:
“Cənab prokuror, bu şirkətin dələduzluğunun qurbanı tək mən deyiləm. Göründüyü kimi, firma çoxlarını aldadıb. Mənim 130 min manatım mənimsənilib.
Bu barədə dəfələrlə müxtəlif orqanlara və mediaya müraciətimdə bəhs etmişəm. Sizdən xahiş edirəm, yalvarıram ki, bizim harayımıza çatın.
Mən alnımın təri, əlimin qabarı ilə qazandığım pulu tikə-tikə düzəldib ailəmə, balalarıma ev almaq istəmişəm. Hardan biləydim ki, şirkətin başında duran adamlar fırıldaqçıdır.
İndi də nə evimi verirlər, nə pulumu. Bütün sənədlər, müqavilələr, beh müqavilələri var və mətbuatda da yaymışam. İş Binəqədi rayon məhkəməsindədir.
Ancaq sizin bu işi şəxsən nəzarətinizə götürməyi, təzədən istintaqa qaytarıb obyektiv araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm. Mən halal haqqım olan evimə sahib ola bilmirəm”.
F.Muradov qeyd edir ki, 2014-cü ildə ev almaq məqsədi ilə tanışı Arif vasitəsi ilə Nazim Nəsirovla tanış olublar.
Sonuncu ona Xətai rayonu, Bayramov küçəsi 11/56, bina 2-də sahəsi 226 kvadratmetr olan 5 otaqlı mənzili satmağı vəd edərək müxtəlif vaxtlarda ondan beh alıb.
Tərəflər arasında bağlanmış 4 dəfə beh müqaviləsi nəticəsində Nazim Nəsirov Fərhad Muradovdan 30 min manat alır.
Bu azmış kimi, daha sonra 2014-cü il martın 19-da 51 saylı notariat kontorunda Fərhad Muradov Nazim Nəsirova 100 min manat ödəyərək mənzilin onun adına rəsmiləşdirməsini tələb edir.
Hər şey qanuni çərçivədə davam edir və bu ana qədər heç bir problem yaşanmır. Ancaq evin açarlarını təhvil vermək məqamı yetişəndə Nazim Nəsirov nə mənzili onun adına keçirir, nə də 130 min manatı qaytarır. Ona görə də məhkəməyə müraciət edən Fərhad Muradov hüquqlarının təmin olunmasıın istəyir.
F.Muradov Z.Qaralova müraciətində bildirir ki, məhkəmə onun iddiasını təmin edib: “Amma mən pulumu ala bilmirəm. Cənab prokuror, sizin ayaqlarınıza düşüb yalvarmağa belə hazıram ki, bu məsələ ədalətli həllini tapsın.
Sizin məni qəbul etməyinizi xahiş edirəm ki, quldurların və Eldar Mahmudovun arxasında dayandığı firmanın iç üzünü açım. Mənim övladlarım illərdir ki, təzə mənzil arzusu ilə yaşayır.
Mən ailəmə artıq izah edə bilmirəm ki, hansı fırıldaqla üzləşmişik. Çünki onların ümidlərini yerə vurmuşam və uşaqlarımın üzünə baxmağa utanıram. Siz məni bilirəm ki, gözəl başa düşəcəksiniz və köməyinizi əsirgəməyəcəksiniz”.